Qonaq Kitabı
DƏHNAMƏ

Kuyimə sanur özüni məhrəm.

Neyçün sanuram mən ani insan?

Dərbanım iti itinə dərban.

Neyçün sanır ol özünü şeydən?

Ədd eyləməzəm mən ani heydən.

Bu xissət ilən həm ol münafiq,

Andan der imiş özüni aşiq.

Xurşid isəm, ani zərrə bilmən,

Əflak isəm, ani tərrə bilmən.

Yüz var isə eşqimin bəlasi,

Qılman birisində mübtəlasi.

Bu vəchilə kim, bolubdur övsaf,

Qul oldu qapuma Qaf ta Qaf.

Yüz min kişi aşiqim cəhanda,

Aşiq nə ki, sadiqim cəhanda.

Gəlməz biridən mana şikayət,

Bilür qamu qılmazam himayət.

Bu cümlədən ol nədəndürür piş?

Kim, məndən apara nuşi-biniş?

Kəmtərdən ani ki, kəm demişmən,

Layiq bu cəfayə həm demişmən.

Bilməz nədən ol kəmali-həddin?

Kimdir tanımazmı əslü cəddin?

Qatımda çü hiç keçməz ərki,

Övlatər ana bu işdə tərki.

Yoxsa ki, qaşım yayın qururmən,

Yüz navəki bağrına ururmən.

Bu bir neçə beyti söylə ana,

Olmaya dəxi ki, adım ana.

 

 

Şeir əz zəbane-məşuq be təriqe-həzl

(Məşuqənin dilindən istehza yolu ilə şeir.)

 

Sən biədəbin nə həddidir hey,

Kim, sanamazam səni mən əz şey.

 

Açman sana mən kitabi-mehrim,

Övraqi-ümidin eyləgil tey.

 

Mən sana kəminə qul deməzmən,

Gər Kavus isən bu gün, əgər Key.

 

Dərd ilə əgər yüz il ölürsən,

Bir bus ilə qılmanam səni hey.

 

Bağrın kimi səd hezar dillər,

Çəngimdə mənim dəlindi çün ney.

 

Məndən sana, ey şikəstə məhrum,

Dərman xaçan ola, ya dəva key?

 

Eşqimdə Xətayi bəndəvandır,

Hər bab ilə xalis ərdürür vey.

 

 

Nameye-dovvom. Amədəne-Səba əz zəbane-məşuq be aşeq

(İkinci məktub. Səbanın məşuqənin sözləri ilə aşiqin yanına gəlməsi.)

 

Qayıtdı Səba zi dərgəhi-şah,

Ğəmnakü məlul düşdü bər rah.

Bivayə şikəstə, könlü zəbzəb,

Ğəmdən sürəməzdi yolda mərkəb.

Ğəm yox dilinin dutulduğundan,

Kim, razıdurur qutulduğundan.

Der kim, necə varım ol fəqirə,

Biçarəvü xəstədil həqirə?

Dəxi nə yüz ilə varım anda,

Ümmid ilə qasid etdi munda.

Ya anda neçük verim cəvabi?

Göndərdi itab ilən xitabi.

Bu işdə qılurdu didəm ahi,

Mən gözlər idim həmişə rahi.

Sərf etmiş idim yola bəsər mən,

Heç yanıma qılmadın nəzər mən.

Gah örtər idi yaşım gözümni,

Heç bilməz idim nəyəm özümni.

Hər ləhzə həvəsdən uymaz idim,

Gündüzlə gecəmni duymaz idim.

Görməgə Səbanı dildə təcil,

Hər gündə mana keçirdi bir il.

Nagah bu bağə düşdü bir saz,

Gəldi şəcərin başından avaz.

Titrəşdi bənövşə, bərgi-lalə,

Gül yaprağıdın töküldü jalə.

Bildim ki, irişdi nik canım,

Sönmüşdü rəvan dilim, rəvanım.

Gəlməxdə vəleyk səxt süst ol,

Dedim ki, cəfa qılubdurur yol.

Kim, yolda sitəm çəkibdürür bəs,

Batmış ayağına xar ilən xəs.

Ya ana itab edibdir ol yar,

Yari gəlişində bir nəzər var.

Çün yetdi, dedim ki, nikuxah,

Halın necədir zi zəhməti-rah.

Həm söylə nigar sağ, əsənmi?

Ol fitnəli yar sağ, əsənmi?

Der: – Sağdır, əsəndir ol pəriru,

Səndən vəli eyləmiş bəri ru.

Əhvalın ana ərzə qıldum,

Ərzinə yetürməgini bildim.

Xişm etdi haman dəm əz səri-naz,

Çox ərbədə naz qıldı ağaz.

Yırtdı aluban yazan kitabi,

Biş etdi itab ilən xitabi.

Qıldı məni-xəstəni məlamət,

Başuma qopardı yüz qiyamət.

Qətl eyləməginə fikr qıldım,

Qurtulmağa sağ şükr qıldım.

Bəs ol qəzəb ilə türki-tənnaz

Xişm etdi sana be işvəvü naz.

Der: – Kimdürür ol xəsisü kəmtər,

Ögdi özünü qılıb mükərrər.

Dil munu eşitdi, narə düşdü,

Fəryadü fəğanü zarə düşdü.

Yaş etdi ümid evini parə,

Sögdüm yenə bəxti-nabəkarə.

 

 

Şeir berəsme-şekayət əz bəxte-bəd və talee-xiş



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info