Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

 

Ormanlı qalamız bir də alınmaz,

Təməlini ürəklərə tikmişəm.

Tufanlar qopsa da gülümüz solmaz, 

Toxumun tarixdən alıb səpmişəm.

 

Əkdiyim ağaclar bar verəcəkdir,

Torpağı pak, suyu şəhid qanıdır.

Şaxtalar üstündən vaz keçəcəkdir,

Haqq əli bağımın bağbanıdır.

 

Üstümə fışqırır şirin nəğmələr,

Bu gün hər səslərdən ucadır səsim.

Banlayan bayquşlar mənə nə eylər,

Qorqud nəfəsidir, mənim nəfəsim.

 

İnsan şairiyəm, aləm dayağım,

Diləgim haqlı bir insan qədərdir.

Bir parça çörəyim, daldanacağım,

Bir də azadlığım, mənə yetərdir.

 

Qurtuluş istərəm məhkum elimə,

Bu nə şıltaqlıqdır, nə tamahkarlıq

Dilizə dəymirəm, dilimə dəymə,

Bu sözün harası suçdur, günahdır? 

 

Yazıq düşman məni fırlatmaq üçün,

Mazalax tək dövrəsinə fırlanır.

Həm özün, həm məni aldatmaq üçün,

Gah Dədəmi, gah da dədəsin danır.

 

Lakin haqdan yanır çırağım mənim,

Tufanlar söndürə bilməz işığın.

Qeybdən qorunur oylağım mənim,

Heç bir “qaban” poza bilməz qoruğun.

 

Beləlik qəsbkar anlasın gərək,

Dəyişibdir daha qədimki mədar.

Qansa-qanmasa da nə eyliyəcək,

“Boğulanlar əlin kol-kosa atar”.

 

Qoyun, çabalasın, qoyun, can atsın,

Büsbütün qapılar bağlıdır ona.

Buraxın, əntər tək özün oynatsın,

Mənim tutarımdır “ürvətülvüsqa”[8].

 

Mənim Səhənd qanı var damarımda,

Bir üzüm qarlı qış, biri bahardır.

Ceyranlar gəzsə də otlaqlarımda,

Düşmana baxışım şaxtadır, qardır.

 

Uca zirvələrin tərlanıyam mən,

Yad quş ovlağıma dolaşa bilməz.

Qəmiş meşələrin əslanıyam mən,

Qorxumdan çaqqallar ulaşa bilməz.

 

Xoşluqla olmasa, tuşluq eylərəm,

El kökü var məndə, el şairiyəm.

Mən haqq aşığıyam, ölmək bilmərəm,

Dünyalar durduqca mütləq diriyəm.

 

Nəsimi babamı diri soydular,

Məgər susdu dili, kəsildi səsi?

Çox haqq görənlərin gözün oydular,

Görənməzmi oldu haqqın cilvəsi?

 

Hələ köksümdədir Dədəmin sazı,

Sözüm dosta mərhəm, düşmana oxdur.

Çağırsam dadıma gələr Eyvazı,

Köməyim, dayağım, el-arxam çoxdur.

 

Bulud tək kişnərəm, sel tək axaram,

Dağlar da yolumu səd edə bilməz.

Şahab ollam şeytanlara şaxaram,

Səhəndin heç zaman başı əyilməz.

 

Zamanə başımda bostan əksə də,

Zülmə, haqsızlığa baş əyməmişəm.

Ayağım min kərə daşa dəysə də,

Nə büdərəmək, nə yorulmaq bilmişəm.

 

Buna inanmışam, bilirəm çoxdan,

Haqqı qəsbkardan dilənmək olmaz.

Bir nəğmə daşıma yazdım bir zaman:

“Göz yaşı tökməklə yara sağalmaz”.

 

Düzdür, nə tüfəngim, nə də topum var

Silahım qələmdir, bir də dəftərim.

Lakin “bismillah”dan “əcinnə” qorxar

Virdim vətənimdir, zikrim ellərim.

 

Qoy bilsin, boş yerə coşub əsənlər,

Burqan ollam, külək ollam əsərəm.

Yolumu kəssələr gər yol kəsənlər,

Şeir qılıncımla baş da kəsərəm.

 

Haqq sözümlə minlər “bomba” yapıban,

Nəğmələrin “raket”inə taxaram.

Könül “radar”ımla izin tapıban,

Təpəgözü yuvasında şaxaram.

 

Söz-sözü gətirdi, qoy deyim barı,

Pərdədə danışmaq haçana qədər?

Beş gün artıq mehnət çəkmədən sarı,

Od tutub alışmaq haçana qədər?

 

Dilimi kökündən çıxatsalar da,

Yazdım hər dərdimi, hər nisgilimi.

Mən ki lal olmuşam, qoyun, qəsbkar

Heç əsirgəməsin kəssin dilimi.

 

Haqqı danana haqq yatırmaz olmaq,

Ən gözəl insanlıq səciyyəsidir.

Zülmkara qarşı barışmaz olmaq,

İgitliyin yüksək səviyyəsidir.

 

Danqaz ol həyatda, əgər dirisən,

Acizlik düşmanı havalandırar.

Böyük söz ustası Saib[9] demişkən,

Kabab yaş tökər, od artıq yandırar.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info