Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

Nə dirilik, nə də varlıq anladıq.  

Bu, barlı baxcanın meyvəsin yecək, 

Xoşlandıq, əbədi həyat axtardıq.

 

Bu, heç də təsadüf deyildir, məncə, 

Heç də yox yerdən biz tapılanmazdıq.  

Ancaq, uşaq idik, böyüməyincə, 

Dərin duyğulara qapılanmazdıq.

 

Odur mənəm-mənəm, – Deyə, banladıq, 

Mamız yarar-yaramaz xoruza döndük.  

Özümüzü dimdiklədik, qanladıq, 

Qan tökdük, qan içdik, quduza döndük.

 

Bu qudurqanlıqdan, bu azqınlıqdan, 

Dərəbəylik quruluşu tapıldı.

Toplum həyat üçün yaranan insan, 

Fərdiyyətə sarı döndü qapıldı.

 

Odur ki, insanlar, öz-özün, 

Yırtıcı qurdlarla dəgişik salır.  

Yaramaz həvəslə kor edir gözün, 

Dumanlar içində boğulur, qalır.

 

Düşünməsə, anlaq qazananmasa,

Ulduzu, taleyi parlaya bilməz.

Çalışıb öz-özün tanıyanmasa, 

Səadətə doğru uğraya bilməz.

 

* * *

Gəl, insan evladı, özünü tanı, 

Düz yolları qazıb yarqan eyləmə.  

Məhəbbət gözüylə seyr et dünyanı, 

Həyat çeşməsini al qan eyləmə.

 

Sən daha dünənki uşaq deyilsən,

Anlayıb özünü tapa bilərsən.

Ağlıvı-huşuvu işlədə bilsən,

Oturub daha göz göyə tikməzsən.

 

Düşüncən həddində ixtiyarın var,

Çırmanıb faydalan bu ixtiyardan.

Məsəldir: “Dünyada axtaran tapar”,

Mənlik tap, hörmət tap, şərafət qazan.

 

Çalış, taleyivi özün al ələ, 

Quduz qəzəbkarın canına susa.

Bu kor quruluşa gözünü tikmə,

Müşkülləri həll et, himmətin varsa.

 

Səndə ilahi bir qüvvət var, inan,

Öz-özünü çox da qüdrətsiz sanma.

Hər bir çətinligə çarə taparsan,

Çəkinmə, sarsılma, qorxma, usanma. 

 

Azğın həvəslərə qapanıb, coşub,

Qurd kimi susma qardaş qanına.

Təmiz duyğulara doğru uğraşıb,

Məlhəm qoy insanın yaralarına.

 

Tarixlərin hər bir qanlı varağı,

İnsan ətəginə ləkədir-ləkə.

Ağnat hər bir tərəfə çayı-irmağı,

Ləkələr yuyulsun sularda, bəlkə.

 

İnsana yaraşıq sevgi-istəkdir,

Yaramaz xislətdir, kin bağlamaqlar.

İnsana yaraşan ürək-kürəkdir,

Vicdan xəstəsidir, bütün şıltaqlar.

 

Məhəbbət evidir insan ürəyi,

Çox tez küdurətdən boşala bilər.

Fitrətən təmizdir insan diləyi,

Kinələr ulfətə çevrilə bilər.

 

Niyə çevrilməsin, nədir bu qovğa,

Bu vur-sındir insanlığa gərəkməz.

Yaxşı söyləmişlər: “Bütün bu dünya,

Bir ürəgi belə pozmağa dəyməz”.

 

* * *

Yox şair, dur-dayan yolundan çaşma,

Boş sözlərin atın cilovla saxla.

Qızışma, çox da kükrəyib daşma.

Heç nə dəyişiliməz boş danışmaqla.

 

Çalış azğınlığın kökünü axtar,

Yandır, qoy insanın canı qurtarsın.

Həyatı tanıyıb düz yola apar,

İnsan da qayıdıb düz yola varsın.

 

İnsanın dərdini axtarıb-ara,

Ağrıyan yeri gör hardadır, harda.

Dərd tapılmayınca tapılmaz çara,

Sözlə yox, dərmanla sağalar yara.

 

Sınıb, ovxarlanıb əzilənlərə.

Duruşmaq, dirəşmək yolunu göstər,

Anlat mənligini itirənlərə,

Dəli, dəli görsə, çomağın gizlər,

 

Qoyun olmaq olmaz qurd olan yerdə,

Pasıf insançılıq mütləq yanlışdır.

Dərman ola bilməz, yalvarmaq – dərdə,

İnsanın qurtuluş yolu vuruşdur.

 

Dəfələr bu sözü söyləmişəm mən,

Haqqı qəsbkardan olmaz dilənmək.

Azad yaşamağı sevib-istəyən,

Haqlı vuruşlara girişsin gərək.

 

Yerli ziddiyyətlər eyni həyatdır,

Dünyanın mədarı onsuz pozular.

İşığın parlayan yeri zülmatdır,

“Mücadilələrdən həqiqət parlar”.

 

Lakin, bu mənanı, bu həqiqəti,

Dərindən düşünüb öyrənmək xoşdur.

“Ziddiyyət”ə yozmaq “bərbəriyyət”i,

Mütləq yanılmaqdır, mütləq yanlışdır.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info