Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

Beyrəgin atasına-anasına

Xəbər oldu, ağ ban evi

Eşiyində şivən qopdu,

Qaza bənzər qız-gəlini

Ağ çıxarıb qara geydi,

Ağ-boz atının quyruğunu

Kəsdilər, qırx-əlli ər 

Qara geyib göy sarındı,

Qazan bəyə uğrayıban,

Sarıqların yerə vurub

Beyrək, deyə ağlaşdılar.

Xan Qazanın əlin öpüb,

Sən sağ ol, bəy Beyrək öldü,

Dedilər, namərd dayın 

Al  eləmiş. Çağırdılar bizi

Vardıq, Dış Oğuzun bizə

Asi olduğunu duyanmadıq.

Ortalığa müshif gəldi, ayıtdılar:

– Biz, Qazana asi olduq.

Sən daxı bizə müti ol.

Beyrək ətməgin basmadı,

Onlara müti olmadı.

Namərd dayın acıqlandı,

Beyrəgi durduğunda qılıncladı.

Oyluğunu vurub saldı,

Sən əsən qal, Beyrək haqqa vasil oldu.

Mənim qanım Aruzda qoymasın – dedi.

Salur Qazan divanında

Bu xəbəri eşidincə,

Dəstmalını ələ alıb

Hökür-hökür zarlıq qıldı.

Bütün orda olan bəylər

Ağlaşdılar. Qazan odasına girib

Yeddi gün ordan çıxmadı,

Hey ağladı, hey hökürdü.

Bəylər hamı divanına

Toplandılar. Qazan xanın

Qarındaşı Qaragünə belə aydır:

– Qılbaş, var get,

Söylə, ağam Qazan gəlsin,

Bir igitdir, onun üçün

İçimizdən əskik oldu.

Həm də vəsiyyət eyləmiş,

Mənim qanım alsın, demiş.

Qılbaş aydır: – Qazan sənin

Qardaşındır, sən vargilən.

Qurtulanı hər ikisi

Birgə varıb, Qazan xanın

Odasına daxıl olub

Səlam verib söylədilər:

 

– Sən sağ ol, xan, bir mərd igit

Aramızdan əskik oldu,

Sənin üçün başın verdi.

Biz deyərim qanın alaq,

Həm də sizə ismarlamış,

Mənim qanım alsın, demiş.

Ağlamaqdan nə çıxacaq

Qazan aydır: – Məsləhətdir,

Yubanmadan cəbbəxana

Yüklədilsin, bəylər minsin!

Bəylər mindi. Qazan xanın

Qonur atın gətirdilər,

Minər oldu, kus vuruldu,

Boruçular boru çaldı,

Gecə-gündüz demədilər,

Yürütmə oldu. Dış Oğuzun

Bəylərinə xəbər çatdı

Qazan gəlir, söylədilər.

Onlar daxı qoşun çəkib

Üç Ox, Boz Ox qarşılaşdı.

Aruz aydır:

– İç Oğuzdan mənə qırım

Qazan olsun! 

Əmən aydır: – Mənə qırım

Tərs Uzamış. Alp Rüstəm:

– Mənə qırım Ənsə Qoca oğlu olsun.

Hər biri bir qırım seçib

Alayları bağladılar,

İki qoşun qarşı durub

Şeypur çəkdi,

Davulçular davul çaldı.

Aruz qoca atın salıb

Meydan açdı Qazan xana:

– Mərə, Qavat, mənə qırım

Sən gərəksən, var, gəl! – Dedi.

Qazan qalxan yapınıban

Süngüsünü ələ aldı

Başı üstə qaldıraraq

Belə dedi: – Mərə, Qavat,

Müxənnəslik[7], namərdliklə

Ər öldürmək nəticəsin

İndi sənə göstərərəm.

Aruz, Qazan üzərinə

Atın saldı, Qazan xanı

Qılıncladı, zərrə qədər

Kəsənmədi ötə keçdi.

Altmış tutam kündərini

Qoltuğuna qısnayaraq

Aruza bir kündər vurdu

Köksün dəlib ötə keçdi.

At üstündən yerə saldı

Qardaşı Qaragünəyə

Göz elədi: – Kəs başını!

Qaragünə atdan endi,

Başın kəsdi. Dış Oğuzun

Ərənləri bunu görüb

Hamısı atdan endilər

Qazan xanın ayağına döşəndilər.

Əlin öpüb suçlarından

Keçməsini dilədilər.

Salur Qazan suçlarını

Bağışladı, dayısından

Beyrəgin qanını aldı,

Evin çapdı, elin-günün yağmaladı,

Göy çəmənə çadır tikdi.

Otaq qurdu. Dədəm Qorqud

Gələr oldu, şadlıq çaldı

Ğazı ərənlər başına

Nələr gəldiyin söylədi:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info