Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

 

Atalar dediyi sözləri barı,

Duyub, mənimsəyib, bilmək gərəkdir.

Sarala-sarala qalmaqdan sarı,

Qızara-qızara ölmək gərəkdir.

 

Çox mənalı sözlər demiş atalar,

Ancaq qanmasına mərfət gərək.

Kor quş qaranlığa qaçıb sığınar,

Günəşə baxanmaz yazıq kor milçək.

 

Qartal ol, quzğun tək murdara qonma,

Kəhlik sinəsindən rizqivi axtar.

Eşşək ölüsündən heç vaxt pay umma,

Həyatda ucalıq himmətdən qopar.

 

Alqış mərd yaşayıb, mərd ölənlərə,

Alqış qoçaqların dəliliyinə.

Alqış haqqı anıb, haqq bilənlərə,

Qarqış qorxaqların doğan ilinə.

 

* * *

Hələ də gecədir, hələ qaranlıq,

Hələ üfüqlərdə sökülməyib dan.

Hələ çisginlikdir, hələ boranlıq,

Hələ göz açmamış dağlar yuxudan.

 

Hələ boz kürkünü bürünüb kollar,

Qar yaman ələnir, yaman püsgürür.

Hələ qorxuludur təpəli yollar,

Ağaclar çaxnaşır, külək hövkürür.

 

Səhər açılsa da, qış səhəridir,

Qara bulud çadır çəkib göylərə.

Yolçunun ayağın soyuq kiridir,

Günəş işığını saçanmır yerə.

 

Bu havada yola çıxanmaz karvan,

Çıxsa, yoldan azar, kölgəyə düşər.

İstı qan damarda donar soyuqdan,

Bütün əl-ayaqlar qovrular pişər.

 

Komada kiçik bir ocaq gur yanır,

Buyur, içəri gəl, müsafır qardaş.

Pətavavı qurud, əlivi qızdır,

Alışdır çubuğu, dincəl, rahatlaş.

 

Layıqlı bir zadım yoxdur o, damda,

Bir az qovurmalı təndir aşım var.

Utanma, çölməyim kiçik olsa da,

Min qonaq gəlsə də, hamıya çatar.

 

Bu odaya şeytan yaxınlaşanmaz,

Hər yana baxırsan “ismi-əzəm”dir.

Hasarından əhrimənlər aşanmaz,

Polad qalalardan daha möhkəmdir.

 

Bax Qorqud sazıdır bu əlimdəki,

Çalsam ürəklərdən dərd-qəm qaçar,

Musa peyğəmbərin əsası təki,

Dərin-dərin dəryalardan yol açar.

 

Amandır darıxsan, qəlbin tutulsa,

Qış qılıncın çəkib, qapını kəsib.

Səbr eylə, qardaşım, bayıra çıxma,

Gecədən aydınlıq kim umub-küsüb?

 

Sənə şirin-şirin el nəğmələri,

Çalıb oxuyaram qəmin dağılar.

Dər, yadigar saxla, solmaz gülləri,

İstər payız ola, istərsə bahar.

 

Sanma bitirmişəm “Sazımın sözü”n

Daha çalınmalı bir nəğməm yoxdur.

İndilik iylə bu bayram nərgizin,

Hələ açılmamış güllərim çoxdur.

 

Elə qalmamışdır, belə də qalmaz,

Hər günün özünün bir hikməti var.

Bu sazı zor ilən dinləmək olmaz,

Bir gün aşar-daşar, bir gün lal olar.

 

Bir də başdan oxu ata kitabın,

O, tükənməz hikmət xəzinəsidir.

Doldur, hər nə qədər tutarsa qabın, 

Öz babavın həlal irsiyəsidir.

 

Hər kəlməsi bir üfüqsüz dənizdir,

Hamı bilməz onda nələr var, nələr.

İndilik sadə bir cığırdır, izdir,

Gəl-get çoxalarsa, yola çevrilər.

 

İçində bir də bir sandıq var amma,

“Könül şəbçirağı” o sandıqdadır.

Açarını tapar, axtaran olsa,

Çalış tap, o, sönməz çırağı yandır.

 

Tapa bilsən hər üfüqdən keçərsən,

Yelkəni açarsan qara zülmətə.

“Abi-həyat” çeşməsindən içərsən,

Gəmivi sürərsən əbədiyyətə.

 

Ən yaxın mənzilin ulduzlar olar,

Kəhkəşanlar keçit verər keçərsən.

Hər günəş yoluva bir işıq salar,

Qalxıb gedib ülviyyətə yetərsən.

 

Ancaq o, açarı tapana qədər,

Çalış, azğınlardan özünü qoru.

O, yüksək məqsədə çatana qədər

Yolunda toxunub min “şeytan toru”

 

İlişsə canıvı qurtaranmazsan,

Yolunu yoxlasan addım atdıqda.

Çox da çox özüvə güvənmə, aman,

Yol getmək çətindir qaranquluqda.

 

Zəmanəmiz namərd zəmanəsidir,

Düşman nə dil qanır, nə Tanrı tanır.

Beynəlmiləl bərbərlik dövrəsidir,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info