Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

Biz daş atırıq, o, atom qullanır.

 

Gör nə rəzalətə cumubdur insan,

Unudub mənliyin, şərəfin, özün.

Qardaş rizq axtarır qardaş qanından,

Qondarma işıqlar kor edib gözün.

 

Ancaq zamanəmiz belə qalanmaz,

İnsanın zatında mənəviyyət var.

Heç bir dövran həmişəlik dolanmaz,

Buludlar dağılsa, al günəş parlar.

 

Hələ insan nabalıqdır, uşaqdır,

Azma – çox anlasa, şıltaqlıq etməz.

Bu tökülən qanlar bütün nahaqdır,

Düşünsə, qan tökmək dalınca getməz.

 

Bilər hər bir şeyin qədrin, qiymətin,

Silaha əl atmaz, oyuncaq üçün.

Abadlığa verər gücün, quvvətin,

Bombalar qayırmaz ev yıxmaq üçün.

 

Özünü tanısa fəlakət qalmaz,

Dünya cənnət olar, cəhənnəm sönər.

Baxçalar vədəsiz saralıb-solmaz,

Dəyişər bu dövran, dönərgə dönər.

 

Artdıqca kəmalı, mədəniyyəti,

Ülfətə çevrilər əski kinələr.

Atar vəhşiyyəti, bərbəriyyəti,

Üzlərdə məhəbbət gülü gülümsər.

 

Bu geniş aləmdə hamıya yer var,

Bu, nə bashabasdır, nə soxhasoxdur?!

İnsanlıq özünə gəlsə, anlayar,

Bu dərəbəyliyin mənası yoxdur.

 

Nə keşiş, nə molla, nə xamxamam mən,

Əxlaq “elm”inə də yoxdur imanım.

Öz eyniyyətim ilə görürəm, lakin,

İnsanam, insanlıq qanıdır qanım.

 

Yeddi yüz il əvvəl Sədi demişsə –

“Bir bədənin əzasıdır insanlar.

Bir üzvi ruzgar dərdə gətirsə,

O, biri üzvlər tutanmaz qərar”.

 

Mən necə dincəlim təklikdə, necə?

Bütün insanlığı dərdli görərkən.

Necə gündüzlərim olmasın gecə,

Necə aslanmasın dağlar sinəmdən?

 

Yox yavrum, mən daşdan yaranmamışam,

Buna inansınlar daş ürəklilər.

Əgər də sarılıb usanmamışam,

İntizar gözlərim qurtuluş gözlər.

 

Ürək odum dağı-daşı yandırır,

Hələ mən diriyəm, hələ mən sağam.

Yox, Səhənd yük dibi işıqlandırır,

İntiqam gözləyir, yalnız intiqam!

 

Hələ də, hələ də insan dardadır,

Hələ də çalışıb ac qalan çoxdur.

Hələ də qıfıllar dodaqlardadır,

Haqq sözün cavabı süngüdür, oxdur.

 

Hələ də insanlar qul tək satılır,

Hələ də “hirfei” adamcıllar var.

Vicdanın, şərəfin daşı atılır,

Araya gələndə bir ovuc dolar.

 

Yazıq məhkum insan, hardasan, harda?...

Hələ də, hələ də ləgən şapqalı.

“Ağa”lar oturub “Ağ saray”larda

Xəritələr üstə cızıq cızalı...

 

Ölümlü, yanğınlı hadisələrə,

Tədbirlər tökürlər cəllad beyinlər.

Dəhşətli-dəhşətli faciələrə,

İntizar çəkirlər pənahsız ellər.

 

Hələ də kültürsüz, sadə insanlar

Quduz şeytanların oyuncağıdır.

Hələ də qəflətə cumub yatanlar,

Fırıldaqçıların fırıldağıdır.

 

Gördün ki, qəhrəman, igit elimə,

Biri “baran” dedi, biri “xər” dedi.

Yad əli daraşdı qızılgülümə,

Biri yol tök, – dedi, biri dər, – dedi.

 

* * *

Lakin qoca dünya turşadır üzün,

Meydanından artıq at çapanlara. 

Tarixin darğası bərəldir gözün,

Ellərin başından börk qapanlara.

 

Dünyamızı qana çalxayanlardan,

Gələcək amansız hesab çəkəcək.

Söz borc aldım böyük o, sənətkardan:

“Sualı-sorğusu uzun gedəcək”.

 

Ustadım Vurğunun qəhrəmanı tək,

Kaş mən də arzıma çata biləydim.

Hər qəmə, mehnətə, dərdə dözərək,

Düşmana daşımı ata biləydim.

 

* * *

Sözümüz uzandı, qonaq qardaşım,

Dərd olmasa, dərdli deyingən olmaz.

Demə, çox danışdın ağrıdı başım,

Söhbət qızışmasa, gecə qurtulmaz.

 

Söz sözü gətirdi, yaxşı danışdım,

Fürsət oldu, ürək sandığın açdım.

Söz yox qalaq-qalaq dür toplamışdım,

Söz anlayan tapdım, tökübən saçdım.

 

Doldur canım qardaş, doldur çuvalın,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info