Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

 

Birdən-birə Dədə zahir olarkən,

Məclisi bürüyür dərin bir sükut.

Hamı ehtiramla qalxır yerindən,

Baxıram, baxdıqca oluram məbhut.

 

Məni görcək çəkir, öpür alnımdan,

Mübarək əlini başıma çəkir.

Bütün yorqunluqlar çıxır canımdan,

Umud-inam gülü bağrıma əkir:

 

– Bizlərdə oğulu sınamayınca,

Ona güvənmərik, saya salmarıq.

Oğul işıldayıb parlamayınca,

Heç vaxt ona hələ ad da qoymarıq.

 

Oğul, bu günkü toy sənin toyundur,

Azərbaycanın Səhəndisən, sən!

Məndən sonra boylar sənin boyundur,

Adıva bərəkət dilədim haqdan.

 

Daşdan-daşa çalıb ürək çaxmağın,

Bağrıvı qov edib tonqal yaxıbsan.

Alışdırıb elin sönən çırağın

Gecənin bağrına məşəl taxıbsan.

 

Su gətirib hardan, daş yığıb hardan.

Bir hasar salıbsan qəlbi dağlardan.

On iki burc tikib on iki boydan,

Şerinlə qurmusan yeni bir dövran.

 

Sonra arxasından qopuzun alır,

Mənə bağışlayır gülümsəyərək.

Sevdalar könlümü alır aparır,

Şovqumdan köksümdə dayanır ürək.

 

Al, çalgilən, bu sən, bu da qopuzum.

Qədrini yaxşı bil, hörmətlə saxla.

Sənə bağışladım, evladım – özüm,

Saxlamağa himmət belivi bağla.

 

Qədrini sən yaxşı bilə bilərsən,

Hər telində milyon nəğmə var, söz var.

Onu dilləndirə bilməz hər yetən,

Yaramaz əllərdə susar, lal olar.

 

Çalıb, danışdırıb, dindirə bilsən,

Aləm dilə gələr, sənlən danışar.

Dağları oynadar hər nəğməsilən,

Daş ürəklər sevdalara alışar.

 

Sənə tapşırdım mən, öz irsiyyəmi,

Al, çal, qoy əlində tellər dillənsin.

Məhəbbət camın iç, qaldır nəğməni,

Ana yurdun çiçəklənsin, güllənsin.

 

Ayırma özündən, vermə heç kimə,

O, dayanan köksə, şeytan yol tapmaz.

Sinəvə nə gəlsə, söylə, çəkinmə,

Həqiqət nəğməsin susdurmaq olmaz.

 

Alıram, öpürəm müqəddəs sazı,

Basıram bağrıma, tellər danışır.

Nəğmələr coşdurur, Kürü, Arazı,

Ellər selə dönür, sellər danışır.

 

Göydən sərxoş-sərxoş sallanır Zöhrə,

Sazının tellərin qırır, tullayır.

Çaldığım nəğməyə, çaldığım bəhrə,

Günəş saçlarını dəmət yollayır.

 

Ülkər boyun bağın açır boynundan,

Məclisə atıban, şabaş diləyir.

Yüzlər ulduz kəhkəşanlar qoynundan,

Gah göz vurur mənə, gah qaş eyləyir.

 

Bütün şəhidlərim qalxır məzardan,

Əllərində qızılgül qucaq-qucaq.

Söyləyirlər ölüm yalandır, yalan,

Dünyalar durduqca insan duracaq.

 

Ana yurdum çiçək açır, güllənir,

Bulaqlar sevincdən ağlayır zar-zar.

Səgirir kəhliklər, qumru dillənir,

Qaçır otlaqlara quzu ceyranlar.

 

Buludlar kövrəyir, yağışa dönür,

Yağır ağzı quru susuz düzlərə.

Qara quruluşun ocağı sönür,

Məhəbbət gülüşü qonur üzlərə.

 

Anam ağ geyinib ilahə təkin,

Ağ saçlarından bir yasəmən dərir.

Dibçək eyləyibən yaqut ürəgin,

Bəxtəvər oğluna töhvə göndərir.

 

Görüm kəsilməsin sazıvın səsi,

Oğul, həlal südüm həlalın olsun!

Dünyalar durduqca haqqın badəsi,

Qaynasın, fışqırsın, camıva dolsun.

 

Min günəş parlayır hər dörd tərəfdən,

İşıqdan aləmin gözü qamaşır.

Ellərim səs-səsə verir hər yerdən,

Deyirlər bu “Saz-söz” sənə yaraşır.

 

Şövqdən dağılır başımdan huşum,

Könlümü sevdalar, röyalar alır.

Ürəyim istəyir min nəğmə qoşum,

Dan yeri sökülür, şafaq qızarır.

 

Bahar səhərinin sərin nəfəsi,

Üzümə ətirli şəbnəm çiləyir.

Şeyda bülbüllərin xoş təranəsi,

Daha gecə keçdi, “ayıl” – söyləyir.

 

Açıram gözümü şirin röyadan,

Dədənin qopuzu qucağımdadır.

Qaralmış bağrıma umud parladan,

Sözləri, hələ də qulağımdadır:



 
[ 1-15 ] [16] [17] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info