Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

Bulaqlardan axan göz yaşınızdan.

Nələr düşünmüşəm, nələr qanmışam,

Əyilmək bilməyən ağ başınızdan.

 

Siz daşğın sellərin axarısınız,

Ucanı-alçağı görə bilərsiz.

Deyirlər, siz haqqın baxarısınız,

Olarmı mən ilən xəbərləşəsiz?

 

Ulunu uludan sorağlaşarlar,

Ucalarda gəzmək gərək ucanı.

Dağlar, mədəd sizdən, amandı dağlar,

Mənə göstəriniz Qorqud qocanı.

 

Çaylar geçit verir, yarqanlar dolur,

Sankı dağlar məni boynuna alır.

Ulduzlardan yollar çırağban olur,

Məni zirvələrə çəkir aparır.

 

Son məqsəddir dağa qalxana zirvə,

Bu məqsəddən sonra məqsəd haradır?

Zirvələrdən uca zirvə var yenə,

İnsanın məqsədi ancaq oradır.

 

Yenə də yorulub, düşüb qalıram,

Başımın üstünü çulqalır duman.

Qaranlıqlar yenə basqın eləyir,

Göz seçmə bilməyir ağı, qaradan.

 

Dədə – mədəd səndən yenə bezikdim,

Amandır, oğluvun harayına çıx!

Uçurum yollarda daha usandım,

Haçan qurtaracaq bəs bu ayrılıq?

 

* * *

Uzaqdan deyəsən bir at kişnəyir,

Get-gedə ucalır nalının səsi,

Zülmətdən çıxır bir nuranı qoca,

Alnında parlayır inam cilvəsi.

 

Qıllıca papağı yenib qaşına, 

Dərin röyalarda sankı qərq olur.

Cilovu geçirdib yəhər qaşına,

Qəribə nəğmələr çalır, oxuyur.

 

“Qəm çəkmə, qəm çəkmə, divanə gönül,

Həmişə ruzgar belə dar olmaz.

Keçər bu qarlı qış, zəvallı bülbül,

Qismətin həmişə ah-zar olmaz”[10].

 

Baxışı insana ürək verərək,

Sözləri ürəkdə umud törədir.

Əlindəki sazı – qopuzu görcək,

Görürəm özüdür – Qorqud Dədədir.

 

El-arxa insana böyük dayaqdır,

Darlıqda, qürbətdə çətinliklərdə.

Dost-aşna köməkdir, dayanacaqdır,

Hər işdə, hər yerdə, xeyirdə, şərdə.

 

– Dədə xoş gəlibsən, köklə sazıvı,

Sənsiz ürəyimi kədərlər alıb.

Qoy, bir də dinləyim xoş avazıvı,

Sənsiz bağım-bağçam solub, saralıb.

 

– Oğul, himmət bizdən, umud haqdandır,

Biz haqq yola getsək, haqq dönməz bizdən.

Üzün gülürsə də, bağrın al qandır,

Dərdini gizlətməz oğul dədədən.

 

Söylə mənə, nədən pərişan oldun

Məgər göstərmədim yolunu sənə?

Nə oldu, yenə də belə pozuldun,

Söylə, oğul, söylə dərdini mənə.

 

Səni qəmli görmək sarsıdır məni,

Danış görüm, nədir dərdin, nisgilin.

Danış, bir daha da dinləyim səni,

Şirindir sözlərin, şirindir dilin.

 

Ata, ağrılarım sənə əyandır,

Dünyada gizlin söz yoxsa sənə var.

Özün dedin bağrım dop-dolu qandır,

İçimdə baş açıb əski yaralar.

 

– Bir kərə yolunu sənə göstərdim,

Bilmirəm, anmadın, ya da ki, andın.

“Zamanın Qorqudun axtar tap” – dedim.

– Nə tapdın, bu qədər gəzdin dolandın?

 

Elə bil gəzmisən tapanmamısan,

Tapsaydın bir daha gəzməzdin məni.

Bəlkə də, tapıbsan, tanımamısan,

Bu cur əl-ayaqsız sanmazdım səni.

 

– Hər öyüdüvü bir məktəb sanmışam,

Heç olarmı dədə, səni anmamaq?

Bu yolda az gəzib dolanmamışam,

Ancaq, nə söyləyim, nə deyim ancaq...

 

Səni dinlədiyim gündən hövkürdüm,

Şeyda bülbül kimi əfğan qopardım.

Dərdlərini nəğmələrə çevirdim,

Minbir şeir yazdım, söhbət apardım.

 

Bütün boylarıvı bir də boyladım,

Susan qopuzuvu bir də inlətdim.

Mərd igitlərivin toyun toyladım,

Adıvı-sanıvı göyə yüksəltdim.

 

Əzəl, zirvələrə atımı çapdım,

Yer-göy ayağımın altında qaldı.

Axtardım simurğun yuvasın tapdım,

Məni qanadının üstünə aldı.

 

Seyr etdim göyləri, kəhkəşanları,

Aydan, ulduzlardan incilər aldım.

Əzizlədim, doğma yurdu diyarı,

Hamayıl eylədim, boynuna saldım.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info