Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

 

İnsanın taleyi vuruşdur ancaq,

Haqqı qəsbkardan saldırmaq üçün.

Xoşdur yaxalaşmaq, xoşdur duruşmaq,

Zalimi aradan qaldırmaq üçün.

 

Gərək şimşək olmaq, gərəkdir şaxmaq,

Cığallara həddin andırmaq, – deyə.

Ocaqlar yandırmaq, tonqallar yaxmaq,

Yaramazlıqları yandırmaq, – deyə.

 

Hələ də bu böyük, dərin mənanı,

Tərsəsinə təhvil alanlar çox var.

Babalar demişkən: Hələ zurnanı,

Yoğun tərəfindən çalanlar çox var.

 

Kütlələr milyonlar qurban verərək,

Qurtuluş yolların açan zamanda.

İnsan cəlladları qorxub hürkərək

Silahların atıb qaçan zamanda,

 

Bəzən iki qardaş, iki əməkdaş,

Danır duz-çörəgi, danır ilqarı.

Dünənki məsləkdaş, dünənki yoldaş,

Dartışır, bilinmir heç nədən sarı.

 

Dəli şeytanlara qol-qanad verən,

Zəmanəmizdə şum təhlükələrdir.

Niyə başlanıbdir, nə üçün, nədən,

Bu yaramaz işlər, ax, nə gərəkdir?

 

Məktəb bir, məslək bir, yol bir, inam bir,

Qorxu bir, dəhşət bir, quduz düşman bir.

Hər kəs öz əməgin, çörəgin, yeyir,

Bu “ziddiyyət”lərin bəs səbəbi nədir?

 

Bu “ziddiyyət” deyil, özün öyməkdir,

Ənkələrin fərdi könüllügüdür.

İnsanların toplum ağrısı birdir,

Əməkdaş olmaq “ziddiyyət”idir.

 

Beş günlük başçılıq dalıca qaçan,

Bir para dar gözlü “yol göstərənlər”.

Nədən əl çəkmirlər bilməm insandan,

Nə veriblər ala bilmirlər məgər?

 

Uydurma sözlərlə, boş şıltaqlıqla,

Qardaşı qardaşla vuruşdurrurlar.

Tam həyasızlıqla, tam alçaqlıqla,

Ara qatıb, ara qarışdırırlar.

 

Qardaş düşmanlığı dəhşətdir, dəhşət,

Əmək qardaşları içrə xüsusən.

Bütün əməkdaşlar qardaşdır əlbət,

Bu, asılı deyil soydan, vətəndən.

 

Ondakı Çin xalqı, Çin igitləri,

Candan keçməkliklə, çətinliklərlə,

Qovdu vətənindən parazitləri,

Azad həyat haqqın keçirtdi ələ.

 

Əmpriyalistlərin beli büküldü,

Ölüm titrətməsi tutdu yaxasın.

Sosiyalist dünyası gül açdı, güldü,

Sarsılmaz bir dağa verdi arxasın.

 

Haqq sevən insanlar az sevinmədi,

Güvəndi bu böyük qalibiyyətə.

Məgər döş vermədi, ya öyünmədi,

Böyük bayram oldu bəşəriyyətə.

 

Zamanın “Qorqud”u şadlıq çalaraq,

Üsyançı “Kitay”ın boyun boyladı.

Bütün ölkələrə haray salaraq,

Böyük gələcəyin toyun toyladı.

 

Dedik: Hamarladıq nəcat yolların,

Söküb dağıdarıq köhnə dünyanı.

Səadət pərisi açıb qolların,

Çağırır qoynuna məhküm insanı.

 

Qarqış şeytanların vəsvəsəsinə

Qarqış azğınlara, eqoistlərə.

Qarqış düşmanların dəsisəsinə,

“Komunistəm” deyən şovunistlərə.

 

Qıçından aslanır şeytan daş təkin,

İnsan dırmaşdıqca kəmala sarı.

Yencir, yencişdirir ipin, örkənin,

Artıq yüksəlməyə qoymaya barı.

 

Gah qada qavzayır, gah da xalqlara

Dolamac yollarda tələ toxuyur.

Gah şübhə törədir, gah qulaqlara

İkicəlik, nifaq virdi oxuyur.

 

Gördük necə soxdu özün araya,

Qardaşı qardaşa düşman eylədi.

Suları axıtdı üz yuxarıya,

İnsanlıq ürəyin al qan eylədi.

 

Kimsə anlamadı, nə oldu birdən

Qardaş düşman oldu, düşman dost oldu.

Milyonlar məsləkdaş, yoldaş qanıylan

Möhürlənən ilqar birdən pozuldu.

 

Bir para kəsilmiş əllər gör necə,

Quduz cəlladların əlini sıxır.

Həyasızcasına yeri gəlincə,

Faşizm ədasıyla meydana çıxır.

 

Birlik əli verir əmpiryalızmə,

Sosiyalizmə qarşı əl atıb kinə.

Təhlükə törədir xaincəsinə,

Beynəlmiləlçilik abidəsinə.

 

Yaralı Vyetnam xalqını hətta,

Qırıb tökməklikdən çəkinmir axmaq.

Dünən od içindən qurtulanlara

Yeni od yandırır, quduzluğa bax?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info