Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

Göyləri dolandım, torpağa yendim,

Diyar-diyar gəzdim yer üzün sin-sin.

Yüz ayğır çərlətdim, yüz çarıq yırtdım,

Bir bərbad görmədim vətənim kimi.

 

Sam yeli əsmişdi doğma diyara,

Bağlarımı yellər-sellər almışdı.

Gözlər qan yaşlı idi, ürəklər yara,

“Lələ köçüb yurdu veran qalmışdı”.

 

Ağızlar, dodaqlar qıfıllanmışdı,

Zəncir vurulmuşdu comərd əllərə.

Bütün laçınlarım qarqalanmışdı,

Dustağa dönmüşdü vətən, bir kərə.

 

Ana torpağımız al boyanmışdı,

İgit gənclərin qızıl qanından.

Yaşıl tarlalarım alovlanmışdı,

Ürəklər qurşundan olmuşdu şan-şan.

 

Bir daha yanıxdım, əl çəkdim candan,

Səsimi ucaltdım, açdım dilimi.

Qorxmadım qan içən can alanlardan,

Dedim hər dərdimi, hər nisgilimi.

 

Fironlar əlimdən gəldi zinhara,

Sazımın tellərin çəkib qırdılar. 

Dilimi kəsənlər qaldı avara,

Hər barmağıma bir qıfıl vurdular.

 

Bağlı əllərimlə, kəsik dilimlə,

Mahnı da oxudum, qopuz da çaldım.

“Sərhəd tanımayan nəğmələrimlə”,

Hər yana vəlvələ, zəlzələ saldım.

 

Dinlədi el-oba sazımın sözün

Kükrədi dəniz tək tuğyana gəldi.

Tanıdı keçmişin, tanıdı özün,

Öyündü, sevindi meydana gəldi.

 

Hər yana çov düşdü, şəhərlər, kəndlər,

Yuxudan ayıldı, gözlərin sildi.

Məni dinləyənlər, məni görənlər

Dərdini anladı, nisgilin bildi.

 

Hasarlara atdım nəğmə kəməndin,

Dəmir qapıları dartdım, qopartdım.

Cövlana gətirdim nəğmə səməndin,

Çapıb Şəhriyarlar ovuna vardım.

 

Çeynədim, gəmirdim, dartdım, qopardım,

Dəmir zəncirləri ərlər boynundan.

Didərgin salıban qovdum, çıxardım,

Quduz qəsbkarı vətən qoynundan.

 

Dişi əslanlarım, boğa kəllərim,

Yurdumuzdan şahlıq kökünü qazdı.

Məni alqışladı bütün ellərim,

Sözün Şəhriyarı boyumu yazdı.

 

Bütün deyişlərdə, ya döyüşlərdə,

Sözlərin sırqa tək qulağımdaydı.

Əsib büdərəmədim, heç bir gedişdə,

Dəmir çarıxların ayağımdaydı.

 

Qanıb-qanmasam da işarətivi,

Qranit dağları məgər çapmadım?

Ancaq, çox çəkmişəm mən həsrətivi

Gəzdim, səndən başqa Dədə tapmadım.

 

Gələcək yollarım daha daşlıdır,

Çoxlu təhlükələr, çox uçurumlar var.

Yaralı şeytanlar dişin qıcırır,

Sənsiz bu dəhşətdən qurtarmaq olar?

 

Dədə gülümsəyir, baxır üzümə,

Ancaq, baxışında məhəbbət gülür:

– Qandım, başa düşdüm, qalanın demə!

Simasından şən bir inam tökülür.

 

– Həqiqət qapalı otaqlardan yox,

Dərin göylərdən də tapılmayacaq.

Daha bundan artıq çarıq yırtma çox,

Səndən ayrı deyil gəzdiyin, ancaq.

 

Bir kərə bu sözü söylədim sənə,

“Himmət verəcəksən, himmətin olsa”.

Oğul, oğul olsa, diridir Dədə,

Atan sən özünsən, qeyrətin olsa.

 

Sonra açdı əlin, tutdu qarşıma

– Bax gör bu güzgüdə kimi görürsən?

Baxınca fırlandı dünya başıma,

Gördüm ki, mən oyam, o da isə mən!

 

Sevincimdən huşum çıxdı başımdan,

Nələrsə düşündüm, nələrsə duydum.

Məkandan ayrıldım, çıxdım zamandan,

Şirin röyalara qapıldım uydum.

 

* * *

Aləm nəzərimdə dəyişdi necə,

Nə tufan, nə boran, nə duman gördüm.

Yenə də gecə idi, amma nə gecə,

Hər yanı məşəldən çırağban gördüm.

 

Gülşən bəzənibdir susən-sünbülə,

Hər yanda qaynayır zülal bulaqlar.

Şarhaşar axışır zümrüd güllərə,

Sular almas kimi parıldır par-par.

 

Çəmənlikdə düşüb ağır bir oba,

Çalıb-çağırmadır, toydur, bayramdır.

Ərənlər əyləşib covqabəcovqa,

Hər yan surahıdır, baydadır, camdır.

 

Alaca seyvanlar qurulub keçib,

Lam-əlif, lam kimi tənəf tənəfdən.

Ərlər al şərabı qantarıb içib,

Şənlik səsi gəlir hər dörd tərəfdən.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info