Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

 

Doğrult əfsanəsin “həşrin-məadin”[4]

Şirin sözlərindən qiyamət qopar.

Qaldır məzarından insan övladın,

Yeni bir həyata doğru çək apar.

 

Aşıq, canım aşıq, əlin qurbanı, 

Ürəklər qısraqdır, dostluq yetirmir.

Dirilt Koroğlunu, Sayat Novanı,

Torpaq qocalıbdır, igit bitirmir.

 

İgidlik siması çıxıb yadlardan

Ürək qopuzunun qulağın bur, çal.

Nəğmələrə min, uç, lap uzaqlardan

İtgin surətləri tap, yadlara sal!

 

Ömründə namərdlik bilməyənlərlə,

Bəlkə bir daha da görüşə bilək.

Elin ağlar görsə, gülməyənlərlə,

Tanış ola bilsin, bəlkə də ürək.

 

Çal sədəfli sazı, gözüvə qurban, 

Qorqud Dədəmizdən o yadigardır.

Sazıva, sözüvə, özüvə qurban,

Nəğməsiz dünya bir xərabəzardır.

 

Sehrkar sözün hər pərdəsində,

Min şadlıq gizlənib, min qəm gizlənib.

Hər şırıltısında, zəmzəməsinədə

Minbir söylənməmiş sözlər təllənib.

 

* * *

Aşıq bir sazına, bir mənə baxdı,

Lakin inləmədi sazın telləri.

Yorğun gözlərindən pır-pır yaş axdı,

Gördüm bağlanıbdır comərd əlləri.

 

Nə olaydı çatılan barmaqlar bir də,

Dolana biləydi pərdələrində.

Qovuşa bilməyən dodaqlarımız,

Danışa biləydi tellər dilində.

 

Sən dedin: – Dil-ağız usansa sözdən,

Soruşun mətləbi tellər söyləsin.

Yarımasın düşman, bunu duyarkən,

Susdurdu, dilin də, telin də səsin!

 

Qırağa saldılar sazının telin

Hər barmağına bir qıfıl vurdular.

Çalınmamış qaldı nəğməsi elin,

Çox nəğmədaşlara qan qusdurdular!

 

Aşıq, canım aşıq, bərk saxla sazı,

Göz bəbəyimlə də olsa dindirrəm.

Bağırıb, coşduraram Kürü, Arazı,

Göydən ulduzları yerə endirrəm.

 

Babamız Qorquddan himmət alıban,

Darıxma, özümü sənə yetirrəm.

Çeynəməli olsam, belə dişimlən,

Əllərindən zəncirləri götürrəm.

 

Dədə, mədəd səndən, himmət vergilən,

Qoyma yarı yolda yorulub qalaq.

Fürsət dilə həqdən, gəl kərəm eylə,

El nəğmələrini bəlkə qurtaraq.

 

* * *

Üç Ox, Boz Ox yığnaq olsa,

Salur Qazan öz evini 

Yağmaladar, yenə bir gün

Yağmalatdı, lakin Dış Oğuz olmadan

İç Oğuzlar yağmaladı.

Hər vaxt Qazan belə etsə,  

Həlalının əlin tutar,

Evdən çıxar, sonra yağma

Başlanardı.

Dış Oğuzun bəylərindən

Uruz Qoca, Bəydüz Əmən

Ayrı-ayrı qalın bəylər

Bunu duyub ayıtdılar:

– Bir bax, bir bax, indiyədək

Qazan evin biz birlikdə

Yağmalardıq, indi noldu,

Anılmadıq, sanılmadıq?!

Beləliklə, Dış Oğuzun

Bütün hamı ərənləri

Kin bağlayıb ədavətlə

Qazan xana gəlmədilər.

Qılbaş adlı bir kişi var,

Qazan aydır:

– Mərə, Qılbaş! Bu Dış Oğuz

Ərənləri, dayım belə gəlirdilər.

İndi noldu gəlmədilər?

Qılbaş aydır:

– Sən bilmirsən onlar neçün 

Gəlmədilər? Sən evini 

Yağmalatdın, Dış Oğuzu

Çağırmadın, səbəb odur gəlmədilər.

– Pəs ədavət bağladılar?

Deyə, Qazan yenə sordu.

Qılbaş aydır:

– Xan sağ olsun, mən gedərəm,

Onlar ilən görüşərəm,

Düşman, ya dost olduqların

Anlayıban qayıdaram.

Salur Qazan: – Mərə, Qılbaş,

Sən bilirsən, var, get, – dedi.

Qılbaş neçə adam ilə

Uruz bəyin obasına çapıb gəldi.

Uruz isə altunluça

Günlügünü tikdirərək,

Oğlanları dövrəsində

Otururkən Qılbaş çatdı,

Uruz bəyə səlam verdi, belə aydır:

– Qazan dedi mən büküldüm,

Dayım Aruz[5] mənə gəlsin.

Üzərimə yağı gəldi,

Dəvələrim bozlatdılar,

Qoç atlarım kişnətdilər,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info