Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

– Hanı indi o dediyim

Bəy ərənlər, dünya mənimdir deyənlər?

Əcəl aldı, yer gizlətdi

Fanı dünya kimə qaldı?

Gəlimli-gedimli dünya,

Axır başı ölümlü dünya.

Əlaqıbət uzun yaşın

Sonu ölüm-ayrılıqdır.

Yum verəyim, ulu bəyim,

Ölüm vaxtı gələn zaman

Pak imandan ayırmasın!

Ağ saqqallı baban yeri

Uçmaq olsun, ağ birçəkli

Anan yeri behişt olsun!

Qadir səni namərdə

Möhtac etməsin!

Ağ alnında beşcə kəlmə

Dua qıldıq, qəbul olsun!

Amin-amin deyənləri

Didar görsün, yığışdırsın,

Duruşdursun, günahızı

Məhəmməd Mustafaya bağışlasın!

 

 

Qurtarış

 

İnlə könül sazım, sən inlədikcə,

Daşlar dilə gəlir, doğma diyarda.

Şirin sözlərivi el dinlədikcə,

Tellər nəğmə oxur, kamanda, tarda

 

Sıldırım dağların gözü yaşarır,

“Sevincdən Xəzərin köksü qabarır”.

Dan yeri sökülür, şəfəq qızarır,

“Arazı şirin bir xəyal aparır”.

 

Qaralır al qanı ana torpağın,

Qardaşı-qardaşdan aralı görcək.

Cırır köynəyini, açır qurşağın,

Şah dağı, Səhəndi yaralı görcək.

 

Qopuza çevrilir milyonlar ürək,

Sız-sız sızıldayır sənsizlədikcə.

Buludlar çaxnaşır, bağırır şimşək,

Yer-göy dilə gəlir, sən ağladıqca.

 

Sınır qəfəslərin dəmir milləri,

Boz əslanlar meşələrə yügürür.

Koroğlu toplayır qoç dəliləri,

Durata üzəngi çəkir, hövkürür:

 

– “Yel olub özümü yara yetirrəm,

Yadlar qol boynuna sala qoymaram.

Ya ölərəm, ya Qıratı gətirrəm,

Düşmanlar əlində qala qoymaram”.

 

İnlə sazım, inlə, yenə də, inlə,

Ardı kəsilməsin qoy nəğməmizin.

Açılmağa bahar güdür, hələ də,

Tikilib yollara gözü nərgizin.

 

İnlə bu dastana qurtarış yazaq,

Bəlkə gələcəyə başlanış olsun.

Dilsiz qayalara nişanlar qazaq,

Daldan yetənlərə yol tanış olsun.

 

Mən ürək sözümü açıb, açıqdan

Danışma bilmədim, indi sən söylə.

Düşman dırnağımı çəkən zamandan,

Ətimlə çalmışam, səni, ətimlə.

 

Ey könül sirdaşım, ey dərd bilənim,

İnlə, hər oduma tanıq idin sən.

Yaman gündə göz yaşımı silənim,

Say ağrılarımı nəğmələrinlən.

 

Münisim sən idin, sən söylə barı,

Necə Fərhad oldum, dağları çapdım.

Sürdüm, gedər-gəlməz yollara sarı,

Ürək karvanının izini tapdım.

 

“Kəl döyüşünə kəl dözər” – demişlər,

“Döyüş asan gəlir gendən baxana”.

“İpin nə çəkdiyin doğanaq bilər”,

“Aşdan soruş, ocaq neylər qazana”.

 

Hər bir çətinligə sinə gərərək,

Gedər-gəlməz yola cığır salmışam.

Hər xətərə, dərdə, qəmə, dözərək,

Sevgili yarımdan sorağ almışam.

 

Haqqa minnətdaram, baxtimdən riza,

On illik zəhmətim getmədi boşa.

Səsimi qaldırdım aya, ulduza,

“Dədəmin kitabı”n çatdırdım başa.

 

Bir sevda idi bu, gəldi başıma,

Qorqud babamızın qopuzun çaldım.

Hər addımda xeyir çıxdı qarşıma,

Elimi ucaltdım, özüm ucaldım.

 

Adımız-sanımız itib batmışdı,

Sözümüz dillərə, tellərə düşdü.

Məcnun Leylasının daşın atmışdı,

Yenə alovlandı, çöllərə düşdü.

 

Daşdan-daşa çaldım ürək çaxmağın,

Bağrımı qov edib tonqal yaxmışam.

Alışdırıb elin sönən çırağın,

Gecənin bağrına məşəl taxmışam.

 

Su gətirib hardan, daş yığıb hardan,

Bir hasar salmışam qəlbi dağlardan.

On iki bürc tikib, on iki boydan,

Şeirimlə qurmuşam yeni bir dövran.

 

Bir daha talesiz olmaz elimiz,

Müştəri üz qoyub Qəmərə, sarı.

Dolanıb keçdikcə hər bir ilimiz,

Dəyişir dünyanın köhnə mədarı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info