Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

 

Nələr doğulur bu qudurqanlıqdan,

Qurtuluş günləri daha uzanır.

Dostlar kədərlənir, sevinir düşman,

Tarixin mədarı durur-dayanır.

 

Məni bağışlayın, dostlar, yaranlar,

Mətləbi pərdəsiz söylədim əgər.

Şairdən təəhüd[2], məslək umanlar,

Bilsin ki, təəhüd sərahət[3] istər.

 

Nə etmək, bu iyrənc, azğın gedişdən

İnsanlar bağrından daş aslanıbdı.

Bu yersiz-yaramaz çəkiş-bərkişdən

Doğrudan ürəklər parçalanıbdı.

 

Tarix bu qaxınca qatlaşa bilməz,

Azğınlara qarşı divan tutmalı.

Heç zaman qayıdıb geri dönənməz

Yolsuzu, yoluna tapışırmalı.

 

Süngüyə çevirib şerimi mən də,

Qara ürəklərə taxsam gərəkdir.

Quduz şeytanları yerli yerinə,

Şimşək kimi şaxıb-yaxsam gərəkdir.

 

Bilənlər bilir, bilsin bilməyən,

Üsyankar ellərin şairiyəm mən.

Vulqandır içimdə coşub püskürən,

Od püskürər, alov qalxar şeirimdən.

 

Məndən söz gizlətmək gözlənilməsin,

Sözümə, yoluma inamım vardır.

Açıq danışmaqdan hürkənlər yəqin,

Qorxaqlar, pulsuzlar, imansızlardır.

 

Keçmişdən dərs almaq, ibrət qazanmaq,

Olduqca ağıllı işdir həyatda.

Uzaqlarda yanıb işaran çırağ,

Böyük bir ürəkdir bizə zülmatda.

 

Dış Oğuz, İç Oğuz düşman olanda,

Ərənlər nə tapdı, el nə qazandı?

İgitlər bir-birin töküb qıranda,

Ancaq ana vətən qana boyandı.

 

Gəlinlər dul qaldı, analar ağlar,

Altunlu ban evlər yiyəsiz qaldı.

Ovlanmamış qaldı ceyranlı dağlar

Gülüzlü gözəllər saraldı, soldu.

 

Ürəgi alışdı Dədəm Qorqudun

– Vay elim, vay günüm, vay canım, – Dedi.

Sızladı, bozladı, atdı qopuzun,

Ağladı – can “azar vay canım” – Dedi.

 

Fitnələr qoparıb ara qatanlar,

Kaşkı, bu mənanı dərin duyalar.

Üstünlük axtarıb, boyun buranlar,

Şeytan atın bəlkə cilovlayalar.

 

Dərə bəylik dönərgəsi dolansa,

Gora göndərilər mənəm deyənlər.

Zülüm sarayları alışsa, yansa, 

Zavallı insanlıq bir nəfəs çəkər.

 

Qəsbkar yer üzün bütün yaxsa da,

Cəlladlara təslim olanmaz insan.

Ötəri olaraq durub baxsa da,

Səbr edər, zamanı yetişən zaman.

 

Aslan kimi çəkib zəncirin qırar,

Hər tərəfdən üsyan borusun çalar.

Boğulub sıxılan su tək fışqırar,

Quduz işğalçıdan intiqam alar.

 

Zoru çatmayanda mərifət ilə,

Çarə düşünərək bu posquya sinər.

Dibdə kültür, tədbir qüdrəti ilə,

Zorlu, kəl olsa da, boynuna minər.

 

Bir çox zora çarpan qolu zorbalar

Mədəni elləri əsir edərkən.

Mədəniləşməyə oluban naçar,

Mədəniləşdikcə düşüblər gücdən.

 

İnsan toplantısı işində bütün,

Hakim tərəf əgər zordur qüdrətdir,

Hər qüdrət birlikdən qopduğu üçün

İnsan birliyi də bir zərurətdir.

 

Qəbiləçilikdən, bərbəriyyətdən,

Mədəni həyata yüksələn bəşər.

Bir gündə əl çəkib kin-küdurətdən,

Bir ailə kimi qovuşa bilər.

 

Çox nahaq qanlara səbəb oluban,

Qardaşı qardaşın canına salan.

“Ziddiyyətlər” demək, dövran sürdükcən,

Birləşmək qüdrəti olar bir zaman.

 

Hələ də, hələ də insan uşaqdır,

Hər yerdə özünə yançı axtarır.

Həmişə nabalıq qalmıyacaqdır,

Baxsan, yavaş-yavaş saqqal çıxarır!

 

Cəsarət taparsa, balığ olarsa,

Çaxmaq çaxıb yaxar könül çırağın.

Zülmətlərə belə hücum aparsa,

Qaranquluq büdrədənməz ayağın.

 

Aşıq, canım aşıq, çaldığın sazda,

Sehrkar əlinlə tellər oynasın.

Çağlasın gur sular Kürdə, Arazda

Dalğalar kükrəsin, sellər oynasın.

 

Səsi ucaldıqca balabanların

Sankı İsrafilin suru səslənir.

Donu açılaraq soyuq qanların

Quru damarlarda axır, sellənir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info