Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

Hamısı incidir, ləli-mərcandır.

Qədrini yaxşı bil, malındır, malın,

Xırsızdan, cahildən gizlən amandır.

 

Anlamaz xor baxar, oğrular çalar,

Çərçi cəvahirin qədrin nə bilər?

Hər quşun dünyada bir qisməti var,

Quzğun ləşə qonar, bülbül gül iylər.

 

Apar, canım qardaş, bu incilərdən,

Həm kürküvə asla, həm börküvə tax.

Bugün-sabah bayram yeli əsərkən,

Qara qış çuxasın atıb qaçacaq.

 

O, gün carçı salıb səni gəzərək,

Deyəcəyəm, dur gəl, bəs hayandasan?

Bağçanı kürüyüb belləmək gərək,

Qapıya gəlibdir bənövşə satan.

 

Yaxaq tonqalları çilləni qovaq,

Yerə nəfəs gəlsin, qarlar ərisin.

Yaşılla bürünsün bu ana torpaq,

Örüşə çıxaraq qoyun sürüsün.

 

Yumurta boyuyaq, səməni qoyaq,

Evlərin hisini alaq, toz tökək,

Misləri ağardaq, qovurqa qovuraq,

Göy göyərdək, bayram paltarı tikək.

 

Bülül şəlalələr şorhaşor axsın,

Kövşənə dür səpsin, incilər saçsın.

Çiçəklər almasdan tanalar taxsın,

Ağaclar ucalsın, qol-budaq atsın.

 

Sevincdən ağlasın susuz bulaqlar,

Tarlalar sulansın taxıl bitirsin.

Yaşarsın, göyərsin baxçalar, bağlar,

Alma, alça, heyva, armud yetirsin.

 

Axır çərşənbədə bazarlıq edək,

Yemiş alaq, taza bardaq da alaq.

Səhər-səhər çeşmə başına gedək,

Köhnə bardaqları daşlara çalaq.

 

Elimizin ağırlığı, yorqunluğu

burada qalsın,

Axıntılı gur suların durqunluğu

burada qalsın,

Can ağrımız, baş ağrımız

burada qalsın,

Dil ağrımız, diş ağrımız

burada qalsın.

 

Yaman günün, qara günün mehnətinin,

Köhnə dünya, köhnə həyat zillətinin,

Dərdin-qəmin cıraq, didək,

Bir kirlənmiş bardaq edək,

 

Qara daşa çalaq sınsın,

Su soyusun, yurd qızınsın.

 

* * *

Qara qışın, qaranlığın,

Boranlığın-dumanlığın,

Qara üzü gülməz olsun.

Qovaq, gedər-gəlməz olsun.

Kor bəbəkli, dar ürəkli,

Qəlbi qara bəd nəzərin,

Şum illərin,

Bənizi solsun,

Bağrı qara qanla dolsun.

Bahar gəlsin, el dincəlsin,

Keçən günlər keçib gedib,

Gələn günlər aydın olsun!

 

* * *

Sən də, canım aşıq, köklə sazıvı,

Eli qarşılayır bahar bayramı.

Gərək qaldırasan xoş avazıvı,

Bizdən yeni nəğmə umacaq hamı.

 

Sözlən görüm, aşıq, gözün qurbanı,

Pərdələrdə gəzsin comərd əllərin.

Dilin, ağzın, sazın, sözün qurbanı,

Zəxmə vur titrəsin ürək tellərin.

 

Gərək bir toy tutaq doğma diyarda,

Günəş sağdış ola, ay solduş ola.

Gecə də, şaxta da gələ zinhara,

İstər bahar ola, istər qış ola.

 

Elə bir səadət gətirək elə,

Nə günəşi batsın, nə gülü solsun.

Aydınlığa çıxsın bu el, bu oba,

Dünyalar durduqca baxtıyar olsun.

 

Qorqud Dədə gəlsin, çalsın qopuzun,

Söyləsin, bayramın-toyun mübarək.

Günəşə çevrilsin parlaq ulduzun,

Boyunu boyladım, boyun mübarək!

 

 

Qurtarışa qurtarış

 

Ey başı dumanlı qocaman dağlar,

Sizlərdə nə məna, nə sirr var məgər.

Günəşdən qopan ilk altun şüalar

Səhər-səhər sizin alnızı öpər.

 

Siz sönən odların minarəsisiz,

Sizlərə yaraşır əzəmət, vüqar.

Ucalıq, ülviyyət işarəsisiz,

Sizdə töyşün alır əsən rüzgar.

 

Deyirlər, bağrınız qayadır-daşdır,

Yox, yanlış fikirdir, ürək daş olmaz.

Sizin də içiniz alışır, yanır,

Ürək yanmayınca, gözdə yaş olmaz.

 

Sizi tanımışam, sizi anmışam,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info