Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

Onlar mənə tabut olsun!

Yaxşı-yaxşı xəftanların

Çox geymişəm, bilməz olsam,

Onlar mənə kəfən olsun!

Ala bargah otağına

Çox girmişəm, bilməz olsam,

Onlar mənə zindan olsun!

Mən Qazandan dönmərəm!

Aruz qızıb Beyrəgi saqqalladı,

Lakin bəylər Beyrəgə qıymadılar.

Beyrək Aruzun qızdığın

Burda duyub belə aydır:

– Aruz, mənə bu işi sən

Edəcəyin bilsə idim,

Qaraqoçda qazılıq atım

Minər idim. Əyni qeyim

Dəmir donum giyər idim.

Qara polad üz qılıncım

Bağlar idim. Alın başa

Qont işiğim taxar idim.

Qarğı dalı altmış tutam

Süngümü əlimə alar idim.

Ala gözlü igitləri

Mən yanıma salar idim.

Mərə, qavat, mən bu işi

Duysa idim, sənə belə gələrmidim?

Aldadıban ər tutmaq

Ovrət işidir,

Ovrətindənmi ögrəndin

Bu işi, yoxsa qavat?!

Aruz aydır:

– Mərə, Beyrək, hərzə-mərzə

Söyləməklə öz qanına

Susamagıl, tez ol and iç!

Beyrək aydır:

– Vallah, Qazan uğrunda mən

Baş qoymuşam, mən Qazandan

Dönənmərəm, gərəksə yüz para elə.

Aruz yenə acıqlanıb

Beyrəgin saqqalın tutdu.

Bəylərinə nəzər saldı,

Baxdı gördü kimsə gəlməz.

Özü dönüb qara polad qılıncını

Çıxararaq Beyrəgin sağ oyluğunu

Çalıb saldı. Qara qanı şoruldadı,

Qara başı büküldü.

Bəylər hamı dağılışıb,

Hər kişi öz atın mindi.

Beyrəgi də mindirdilər,

Dalısına adam minib

Qucaqladı, qaçırıban

Odasına yetirdilər.

Cəbbəsini üzərinə çəkdirdilər.

Beyrək burada söyləmiş:

– İgitlərim, yerinizdən

Uru durun, ağ-boz atımın

Quyruğunu alıb kəsin,

Arqubeli Ala dağdan

Gecə aşın, axıntılı

Gur suları dəlib keçin,

Qazan xanın divanına

Çapar gedin, ağ çıxarıb

Qara geyin, sən sağ ol,

Beyrək öldü deyin!

Söyləyiniz:

– Namərd dayın obasından

Adam gəldi, Beyrəgi istər oldu,

O da vardı, bütün Dış Oğuz

Bəyləri yığnaq olduğun bilmədik.

Yemə-içmə arasında,

Ortalığa müshif gəldi, 

Biz Qazana asi olub

And içmişik, sən də and iç,

Söylədilər. And içmədi,

Mən, Qazan xandan dönməzəm

Deyib durdu. Namərd dayın

Yerdən qalxıb Beyrəgi

Qılıncladı. Qara qanına

Bulaşıb bükülü oldu.

Yarınkı gün əlim Qazan xanın

Yaxasında olsun, əgər

Nahaq qanım dayısında

Qoyar olsa!

Beyrək bir daxı söyləmiş:

– İgitlərim, Aruz oğlu

Dəli Basat gəlmədən,

Elim-günüm çapılmadan,

Qaytabanda dəvələrim

Bozlatmadan, Qaraqoçda

Qazılıq atım kişnətmədən,

Ağca-ağca qoyunlarım

Mənrişmədən, ağca üzlü

Qız gəlinim ənşişmədən,

Ağca-ağca üzlü görklümi

Basat gəlib almadan,

Elim-günüm çapılmadan,

Qazan mənə yetsin gərək.

Mənim qanım namərd Aruz

Dayısından alsın gərək.

Ağca üzlü görklümi

Öz oğluna alı versin,

Haqqın mənə həlal etsin.

Deyin, Beyrək padışahlar

Padışahı ulu haqqa

Vasil oldu, bəlli bilsin!

Belədir igitlik, belədir ilqar,

Ərlər gəlib belə vardılar.

Canından əl üzüb sözündən dönməz,

İkiüzlülük bilməz, namərdlik bilməz.

Həyatı şərəfdə mərdlikdə bilən,

Şərəflə yaşayan, şərəflə ölən

Arayıb əyridən düzü seçənlər,

Haqq yolunda şirin candan keçənlər

Doğru sözdür haqqa vasıl olurlar,

Dünyalar durduqcan qalıb dururlar.

Tökülən hər damla pak qanlarından

Min igit törəyir, min igit inan,

Alqış mərd yaşayıb, mərd ölənlərə,

Duz-çörəyi ata bilməyənlərə!

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info