Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Ölü xəbərin gətirsə,

Qız qardaşımı ona verərəm.

Dəli Qoçar belə decək

Yarımasın yarçımasın

Yalançı oğlu Yalncıq var,

Qalxıb aydır:

– Sultanım, mən varıb-gedib

Ölüsünü-dirisini

Bilib gəlləm.

Məgər Beyrək geçmişlərdə

Ona bir köynək vermişdi,

Geyməz idi, saxlayardı.

Çıxıb getdi o köynəgi

Qana-quna bulaşdırdı,

Dönüb gəldi Bayındır xan 

Qarşısına buraxdı.

Bayındırxan baxıb sordu:

– Mərə, bu hansı köynəkdir?

– Beyrək Qara Dərbənddə öldürülmüş,

Bu da nişanı sultanım.

Beyrəgin köynəgini

Bəylər görcək hökür-hökür

Ağladılar, bozladılar.

Bayındırxan aydır:

– Mərə, niyə ağlayırsız?

Biz ki, bunu tanımırıq. 

Aparınız adaxlısı

Baxsın görsün, çün köynəgi

Özü tikib o tanıyar.

Apardılar qızcığaza

Göstərdilər. Banıçiçək

Köynəgi gördü tanıdı.

Yaxasını dartdı yırtdı,

Acı dırnaq ağ üzünə aldı, caldı.

Güz alması yanaqların çəkdi, cırdı:

– Vay, göz açıb gördüyüm

Könül verib sevdigim.

Vay, al duvağım yiyəsi,

Vay, alnım-başım umudu!

Babasına, anasına

Xəbər oldu, alp-alaca

Ordusuna şivən düşdü. 

El obası ağ cıxardı

Qara geydi. Qalın Oğuz ərənləri 

Beyrəkdən əl üzdülər.

Yalançı oğlu Yalancıq

Kiçik toyunu eyləyib,

Ulu toya vədə qoydu.

Beyrəgin xan babası

Baybura bəy bəzirganları 

Çağırıb belə aydır:

– Mərə, bəzirganlar, gedin

İqlimlərisiz arayın,

Beyrəgin ölüsü-dirisi

Xəbərini, bilib gəlin.

Bəzirganlar yaraq görüb 

Gecə-gündüz yürüdülər.

Nagahandan Parasarın 

Bayburd adlı qalasına

Yetişdilər. Məgər o gün 

Kafərlərin bayramı idi.

Hər birisi yeməkdəydi,

İçməkdəydi. Beyrəgi daxı

Gətirib qopuz çaldırırdılar.

Beyrək uca çardağ üstən

Baxıb onları gördükdə,

Xəbərləşdi, baxalım nə xəbərləşdi:

– Alan alçaq hava yerdən

Gələn arğış. Bəy babamın,

Qadın anamın soğatı arğış.

Ayağı uzun şahbaz ata

Minən arğış, ünüm anla,

Sözüm dinlə, Qalın Oğuz ellərində

Ulaş oğlu salur Qazanı

Sorar olsam, sağmı arğış?

Qıyan Səlcuq oğlu Dondar,

Sorar olsam, sağmı arğış?

Ağ saqqallı qoca babam,

Ağ birçəkli xatın anam

Sorar olsam, sağmı arğış?

Göz açıban gördügüm,

Könül verib sevdigim 

Baybican qızı Banıçiçək

Evdəmi, ya gordamı arğış?

Kərəm eylə, degil mənə,

Qara başım qurban olsun 

Arğış sənə!

Bəzirganlar belə aydır:

– Sağmısan, əsənmisən

Canım Bamsı! Qalın Oğuz içində

Qazan bəyi sorar olsan,

Sağdır Bamsı,

Qıyan Səlcuq oğlu Dondar

Sağdır Bamsı,

Qaragünə oğlu Budaq

Sağdır Bamsı,

Bütün bəylər ağ çıxarıb

Qara geydi, sənin üçün.

Ağ saqqallı qoca baban, 

Ağ birçəkli qarı anan

Sağdır, Bamsı.

Ağ çıxarıb qara geydi.

Sənin üçün yeddi dana

Qız qardaşın, yeddi yolun 

Ayrıcında, ağlar gördüm.

Güz alması yanaqların

Yırtar gördüm,

Vardı gəlməz qardaş, deyib,

Ağlar gördüm, canım Bamsı.

Göz açıban gördügün,

Könül verib sevdigin

Baybican qızı Banıçıçək

Kiçik dügünü eylədi,

Böyük toya vədə qoydu

Yalançı oğlu Yalancığa

Gedər olmuş, ağam Bamsı.

Parasarın Bayburd hasarından

Uçarsan, ap-alaca gərdəginə gələrsən, 

Gəlməz olsan, Baybican qızı 

Banıçiçəyi aldırdın, bəlli bilgil!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info