Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Hər igid kim evlənsə idi,

Ox atardı, oxu haraya düşsə idi, 

Orda gərdəgin qurardı.

Beyrək daxı oxun atdı,

Düşərində gərdək tikdi.

Adaxlıdan ərgənlik,

Bir qırmızı xəftan gəldi.

Bəy geydi. Yoldaşları 

Bunu görüb səxt oldular.

Beyrək aydır: – Dostlar,

Nədən səxt oldunuz?

Ayıtdılar: – Necə olar, 

Səxt olmayaq?

Sən qırmızı xəftan geyirsən,

Bizlər ağ xəftan geyirik.

Beyrək aydır: – Bundan sarı

Siz nə üçün səxt olursuz?

Bu gün onu mən geyirəm,

Yarın gün nayıbım geyir.

Qırx günədək sıra vardı,

Geyirsiniz sonra isə 

Bir dərvişə bağışlarıq.

Qırx igidilən yeyib-içib

Otururdu. Yarımasın,

Yarçımasın kafərin 

Casusları bunu görüb 

Casusladı, varıb

Bayburd hasarının

Təkuruna xəbər verdi:

– Sultanım, sən nə arxayın

Oturmuşsan, Baybican

Əvvəl sənə verəcəyi qızı

Götürüb Beyrəgə verdi.

Bu gecə gərdəgə girir.

Bamsı Beyrək ap-alaca

İçrə, yeyib-içib oturduqda,

Yarımasın, yarçımasın o məlunun 

Əmri ilə yeddi yüz kafər ilğadı.

Gecəligə Beyrəgin

Yataqda başı üstün aldı,

Nayıb qılıncın siyirdi ələ aldı:

– Mənim başım Beyrəgin

Başı üçün qurban olsun,

İgid nayıb yaralanıb şəhid oldu.

Dərin olsa batırır,

Qalabalıq qorxudur,

At işlər ər öyünər,

Yayan ərin umudu olmaz.

Otuz doqquz igidi ilə

Bamsı Beyrək dustaq getdi.

Dan söküldü günəş doğdu

Beyrəgin anası və atası

Baxdılar kim gərdəkdə yoxdur.

Ah etdilər, ağılları başdan getdi,

Gördülər ki, uçarlardan 

Quzğun qalmış, yürürlərdən

Tazı qalmış. Nayıb isə 

Şəhid olmuş. Bəy babası 

Sarığını götürübən

Yerə çaldı, dartdı

Yaxasını yırtdı.

Oğul-oğul söyləyibən,

Qan yaş tökdü, zarlıq qıldı.

Ağ birçəkli anası da 

Bildir-bildir gözlərindən

Yaşın tökdü, acı dırnaq

Ağ üzünə aldı, çaldı.

Al yanağın dartdı, yırtdı.

Qarğı kimi qara saçın

Yoldu tökdü, ağlayıban

Sızlayıban evə gəldi.

Bayburanın altunluca

Ban evinə şivən düşdü.

Qızı gəlini gülməz oldu,

Qızıl həna ağ əllərə yaxmaz oldu.

Yeddicə baş qız qardaşı

Ağ çıxarıb qara geydi.

Vay, can qardaş, muradına,

Məqsuduna çatanmayan

Yalqız qardaş, deyə, hamı

Ağlaşdılar, bozlaşdılar.

Beyrəgin nişanlısı Banıçiçək

Xəbər tapdı, ağ xəftanını çıxarıb 

Qara geydi, güz alması 

Al yanağın dartdı-yırtdı:

– Al duvağım, yiyəsi, vay,

Alnım başım umudu, vay,

Şah iyidim, bəy iyidim,

Doyunca üzün görmədigim.

Hara getdin, mən yazığı

Yalqız qoydun, canım igid.

Göz açıban gördüyüm,

Könül verib sevdigim,

Bir yastığa baş qoyduğum,

Yoluna qurban olduğum,

Vay, xan Qazanın inağı,

Qalın Oğuzun dayağı, –

Deyə, zarı-zarı ağladı.

Bu xəbəri Qıyan Səlcuq oğlu

Dondar, eşidincə ağ çıxartdı

Qara geydi, Beyrəgin yar-yoldaşı 

Ağ çıxarıb qaralara büründülər. 

Qalın Oğuz ərənləri

Beyrək üçün əzəmətli

Yas tutdular. Ümid üzüb oturdular.

Ay dolandı, il dolandı,

Bunun üstən on altı il gəldi keçti,

Beyrəgin ölüsünü

Dirisini bilmədilər.

Bir gün qızın qarındaşı

Dəli Qoçar Bayındır xan

Divanına vardı gəldi:

– Ulu xanın ömrü-günü

Uzun olsun, Bamsı Beyrək

Diri olsaydı on altı il

Müddətində qayıdar idi.

Bir ər olsa varıb getsə,

Beyrəkdən xəbər tutsa,

Diri xəbərin gətirsə,

Altun ağca bağışlaram.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info