Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Dalıca yeni bir həyat başlanar.

 

Kim deyir, ölümdür candan əl çəkmək,

Candan əl üzməyən yara çatanmaz!

Canıxdır, canıxdır, canıxdır məni,

Dərddən canıxmayan çara tapanmaz!

 

* * *

Xan oğlu Xan Bayandır xan

Bir gün yerdən durmuş idi,

Qara yerin üzərinə

Ağ ban evin qurmuş idi.

Ala seyvan göy üzünə

Aşınmışdı, min bir yerdə,

İpək xalça döşənmişdi.

İç Oğuzun, Dış Oğuzun

Ərənləri xanlar-xanı Bayındırın 

Söhbətinə düzünmüşdü.

Baybura bəy, deyərlər bir

Bəy də daxı, Bayındırın

Söhbətinə gəlmiş idi.

Bayındır xan qarşısında

Qaragünə oğlu igid

Qara Budaq dayanmışdı.

Sağ yanında Qazan oğlu

Uruz durmuş,

Sol yanında Qazılıq qoca

Oğlu Yegnək dayanmışdı.

Baybura bəy bunu görüb

Dərindən bir ah eylədi,

Qafasından ağlı gedib

Dəstmalını ələ aldı,

Böyürə-böyürə ağladı.

Belə etcək Qalın Oğuzun arxası,

Bayındır xanın kürəkini Salur Qazan

Qaba dizi üstə çöküb,

Gözlərini qıya tikib,

Baybura bəyin üzünə

Baxıb, deyir:

– Baybura bəy, nə ağlayıb, 

Nə bozlarsan?

Baybura bəy cavab verir:

– Bəyim Qazan, söylə necə

Ağlamayım? Söylə necə

Bozlamayım? Oğul da bir

Ortacım yox. Tanrı məni

Qarğamışdır. Gələcəgim,

Tac-taxtim üçün belə ağlayıram.

Bir gün ola düşəm öləm,

Yer yurdum kimsəsiz qala.

Qazan aydır: – Məqsəd bu mu?

Bəli, budur, mənim daxı

Oğlum olsa, xanlar xanı

Bayındırın qarşısını

Alıb dursa, qulluq etsə,

Mən də daxı baxıb-görsəm,

Bir sevinsəm, bir güvənsəm.

Belə decək Qalın Oğuz bəyləri

Üz göyə tutub, əl qaldırıb,

Dua-səna elədilər:

– Uca Tanrı sənə də bir

Oğul versin!

O, zamanlar ərənlərin

Alqışları alqış idi,

Qarqışları qarqış idi,

Duaları icabətə yetişirdi.

Buradaca Baybican

Öz yerindən uru durub

Belə aydır: – Bəylər, gəlin

Mənimçin də dua edin.

Tanrı-taala kərəm qılıb

Bir qız daxı mənə versin.

Bəylər yenə əl qaldırıb

Dua qıldı: – Ulu Tanrı,

Sənə daxı bir qız versin.

Baybican bəy yenə aydır:

Bəylər! Tanrı kərəm qılsa,

Mənə bir qız verər olsa,

Mənim qızım Baybura bəyin

Oğluna beşikkəsmə

Yavuqlu olsun,

Hamı buna tanıq olun.

 

Bir çox zaman keçməmişdi,

Haqq-taala kərəm etdi,

Bayburanın oğlu oldu,

Baybicanın qızı oldu.

Qalın Oğuz ərənləri

Sevindilər, eşidərək şad oldular.

Baybura bəy tacirləri 

Çağırıban buyuruq etdi:

– Mərə, qoçum bəzirganlar,

Haqq-taala kərəm edib

Mənim üçün bir oğul verdi.

Rum elinə varın, oradan

Oğlum üçün yaxşı-yaxşı

Ərməğanlar tapıb alın,

Oğlancığım böyüyüncə

Dönüb gəlin.

Bəzirganlar gecə-gündüz

Yol getdilər, İstanbula

Gəlib çatıb, Bayburanın

Oğlu üçün dan danışıq,

Elə yaxşı ərməğanlar

Topladılar. Dəniz atı

Qulunu bir ağ-boz ayğır,

Bir ağca tozlu qatı yay,

Bir də daxı altı pərli

Gürz aldılar. Yol yarağın

Hazırlayıb yollandılar.

 

Bayburanın oğlancığı

Boy atıban beş yaşına,

Beş yaşından on yaşına,

On yaşdan on beş yaşına

Gəlib çatdı. Çaya baxa

Çalımlı, alıcı quş

Ərdəmli, gözəl-göyçək

İgid oldu.

O zamanlar heç oğlana



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info