Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Beyrək qalxdı, göz yaşını tökə-tökə

Otuz doqquz igidinə

Yanaşaraq, alıb qaba

Sarığını yerə çaldı, – Belə dedi:

– Hey, qırx eşim, qırx yoldaşım, 

Bilirmisiz nələr oldu?

Yalançı oğlu Yalancıq,

Məndən şum xəbər aparmış,

Bəy babamın gecəligi

Altunluca ban evinə

Şivən düşmüş, qaza bənzər

Qız-gəlini, ağ çıxarıb

Qara geymiş, göz açıban gördügüm,

Könül verib sevdigim

Banıçiçək Yalançı oğlu

Yalıncığa gedər olmuş.

Belə decək, igitləri

Hamı qaba sarıqların

Götürüb yerə çaldılar

Hökür-hökür ağlaşdılar.

Məgər kafər təkurun

Bir qızı var, Beyrəgə

Könül vermiş, hər gün

Onu görmək üçün gəlir iydi.

O, gün daxı yenə gəldi.

Gördü Beyrək kədərlidir

Qız aydır: – Xan igidim,

Nə olubdur səxt olmusan?

Gəldigimdə hər gün səni

Şən görərdim, deyib-gülüb

Oynayardın, indi sənə nə olubdur?

Beyrək aydır: – Necə olur,

Səxt olmayım?

On altı ildir kim babanın dustağıyam,

Ata-ana qohum-qardaş,

El üzünə həsrətəm mən.

Həm də ki, bir qara gözlü

Nişanlım var, Yalançı oğlu

Yalancıq adlı bir kişi

Mənim ölüm xəbərimi yaymış, 

Qızı ona veriblərmiş.

Belə decək Beyrəgi aşıqlamış

Kafər qızı aydır: – Əgər səni

Örkən ilən bu hasardan 

Aşağıya salar olsam,

Sağlıq ilən atan-anan

Yanına sən gedər olsan,

Gəlib burada halallıqla

Məncığazı alırsanmı?

Bamsı Beyrək and içdi:

– Qılıncıma doğranayım,

Öz oxuma sancılayım,

Yer kimi çatlıyalım,

Torpaq kimi savrulayım,

Sağlığ ilə varar olsam,

Mən Oğuza, gəlib səni

Halallıqla almaz olsam. 

 

Qız gedib örkən gətirib

Beyrəgi aşağa saldırdı.

Beyrək aşağa baxdı ,

Özün yer üzündə gördü

Allaha şükr eyiləyib

Yola düşdü, kafərlərin

İlxisina gəldi çıxdı.

– Bəlkə bir at tutub minim

Deyə, baxdı öz ayğırın gördü.

Ayğırsa Beyrəgi görüb 

Tez tanıdı, iki ayağı

Üstə durub şihə çəkdi.

Beyrək daxı atı öymüş,

Görək, xanım, necə öymüş:

– Açıq-açıq meydanlara

Bənzər sənin alıncığın,

İki qoşa şəbçırağa[2]

Bənzər sənin gözciyəzin,

Əbrişəmə bənzər sənin yalcığazın.

Qoşa-qoşa cüt qardaşa 

Bənzər sənin qulaqların,

Murad verər, mətləb verər

Ərə sənin arxacığın.

At deyil, sən qardaşsan sən,

Qardaşımdan iyi atım,

Yoldaşımdan iyi atım.

At başın yuxarı tutdu,

Bir qulağını qaldırdı,

Beyrəgə qarşı gəldi.

Beyrək atın boynun qucub

İki gözün öpə-öpə

Arxasına sıçradı.

Hasar qapısına gəldi

Otuz doqquz yoldaşını

İsmarladı. Görək necə ismarladı:

– Mərə, sası dinli kafər,

Mənim ağzım söyüb durdun,

Eşidibən duyanmadım.

Qara donuz yıxnısından

Yemək verdin, doyanmadım.

Tanrı mənə mədəd verdi,

Gedər oldum, mərə, kafər!

Otuz doqquz mərd igidim

Əmanəti, mərə, kafər!

Bircəcigi əskik olsa,

Yerinə onun öldürərəm,

On nəfəri əskik olsa,

Yerinə yüzün öldürərəm,

Otuz doqquz mərd iyidim

Əmanəti mərə, kafər!

 

Qırx nəfər kafər atlandı,

Beyrəgin ardına düşdü.

Qova-qova at saldılar,

Çatanmayıb qayıtdılar.

Beyrək oğuzlara çatdı,

Gördü ki, bir ozan gedir

Beyrək aydır: – Mərə, ozan,

Sən haraya gedir iysən?

Ozan aydır: – Bəyim igit,

Toy-düyünə. Beyrək aydır:

– Düyün kimin düyünüdür?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info