Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

 

Bir qaba ağaca suvaşaraq mən, 

Nələr çəkdimsə də ölmədim, qaldım.

Demişlər düz gələr, iş düz gələndə, 

Ancaq ki, özümü dənizə saldım.

 

Boş bir qayıq gördüm, atıldım mindim,

Sandım ki, dəryalar day mənim oldu.

Tufan qopdu, dalğalarla duruşdum, 

Axırda köynəgim yelkənim oldu.

 

Mayaqları yıxıb salmışdı tufan, 

Yol tapıb sahilə çıxa bilmədim.

Yağmurlar islatdı köynəyimi də, 

Quruda bilmədim, sıxa bilmədim.

 

Axırda qayığım daşa toxundu, 

Qolumda qüvvətim var ikən üzdüm.

Min bir dəvə boynu aşdı başımdan, 

Yoruldum, canımdan əlimi üzdüm.

 

Deyirlər, dənizlər ölü saxlamaz, 

Meyit sandı məni atdı qırağa.

Bir balıqçı gəldi başım üstünə, 

Oyatdı, səmirdim, durdum ayağa.

 

Üz qoydum kəndlərə, şəhərə sarı, 

Ağ düşmüşdü gördüm, qara saçlara, 

Zamana dəyişib, dövran dönmüşdü, 

Qaralar ağ olmuş, ağlar da qara.

 

İstədim döndərəm çərxi dövranı, 

Hər addımbaşı bir ipə ilişdim.

Çeynədim, ufatdım, qırdım ipləri, 

Yer ayrıldı, züydüm duzağa düşdüm.

 

Üzümə bağlandı hamı qapılar, 

Sındıra bilmədim, aça bilmədim.

Yolundu, töküldü qartal qanadım,

Havalananmadım, uça bilmədim.

 

Bir nəslin yığdığı dəni-xərməni, 

Yaxdılar, əməklər bütün zay oldu.

Tər töküb əkdigim hasılın yalnız, 

Tüstüsü, qorumu gözümə doldu.

 

Sönməzlər şam kimi yandı qurtardı,

Yurtda ocağ söndü, soyuq kül qaldı.

Meşələr qırıldı, sular sovuldu,

Ağaclar qurudu, bağlar çöl qaldı.

 

Qaçan, qaçdı getdi, canın qurtardı, 

Mərd igidlər hamı öldü, qocaldı.

“Dönmərəm!” – deyənlər döndü yolundan, 

Nə ilqar, nə peyman, nə qərar qaldı.

 

Güllü baxçaları şaxta apardı, 

Susdu bülbüllərin şirin nəğməsi.

Dondu, buz bağladı çağlayan çaylar, 

Kəsildi suların xoş təranəsi.

 

Vədəsiz qar yağdı, necə də yağdı, 

Çeşməli, çəmənli ulu dağlara.

Buludlar kişnədi, dolu töküldü, 

Alması, armudu, sulu dağlara.

 

İndi tarlalarım verana qalıb, 

Gündə şoxumlanır ot da bitirmir. 

Gözdən yayılıb bir buta göyərsə, 

Solub, qıncıqlanıb, gül verə bilmir.

 

Dəli buğa kimi fınxırır tufan, 

Qaba ağacları kökdən qoparır.

Çalır çaxnaşdırır baş qaldıranı, 

Dərələrə tökür, sellər aparır.

 

Sözlükdən sildirir igidlik adın, 

Abidələr yerinə su buraxdılar.

Düz yol gedənlərin nəşini belə, 

Məzardan çıxarıb oda yaxdılar.

 

Bir sığınacaq yox, daldanacaq yox, 

Nə bir koma, nə bir alaçıq qalıb. 

Bir yanacaq yox, qızınacaq yox, 

Təndirlər şeh çəkib, közlər qaralıb.

 

Yer göyə qovuşub, göz-gözü görmür, 

Gecə də ki, yaman kəsib amanı.

Götürmək olmayır addım-addımdan, 

Kimsə seçə bilmir yolu, yarqanı.

 

Haçan dağılacaq qara buludlar

Haçan qızaracaq üfüqdə şəfəq,

Bu müdhiş gecədən, müdhiş tufandan,

“Euzü, euzü birabbilfelaq”[1] .

 

* * *

Aşıq, canım aşıq çal qopuzunu, 

Amandır-amandır yar əldən gedir.

Alışdır içimi nəğmələrinlə,

İstək, ilqar, varlıq, var əldən gedir.

 

Bir ləhzə var, ürək görər arzısın, 

Məni o ləhzəyə aparıb çıxar.

Baxarımdan süpür bütün hər zadı, 

Görünsün gözümə bəlkə nazlı yar.

 

İnsan bezikməsə, yol arayanmaz, 

İnlət qəm sazını usandır məni.

Ürəgi yanmayan su axtaranmaz, 

Od vurub alışdır, yax-yandır məni.

 

İnsan candan keçə bilər bir an var, 

Məni o aləmə, o ana apar.

Ya ölüm zəqqumun dadızdır mənə, 

Ya yarıma yetir, canımı qurtar.

 

O, an ayrılığın son qısqancıdır, 

O, ağrıya dözən qurtuluş tapar.

Yeni bir doğuluş doğacağıdır, 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info