Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Kölgəlicə qaba ağacım kəsilibdir,

Ozan, sənin xəbərin yox!

Dünyalıqda bir qardaşım alınıbdır,

Ozan, sənin xəbərin yox!

Çalma, ozan, ayıtma, ozan,

Qaralıca mən qızın nəsinə gərək?

Eldə-gündə toy-dügün var

Toy-dügünə var-get, ozan!

 

Beyrək bundan sovuşuban

Ulu qızlar yanına gəldi,

Baxdı gördü qız qardaşlar

Qara geyib otrublar.

Çağırıban Beyrək söylər,

Baxalım, xanım, nə söylər:

 

– Alan sabah yerlərindən duran qızlar, 

Ağ otağı buraxıban, qara otağa girən qızlar, 

Ağ çıxarıb, qara donlar geyən qızlar!

Bağır kimi mayalanan yoğurtdan nə var?

Qara sac altında köməcdən nə var?

Kəndrükdə ətməkdən nə var?

Üç gündür yoldan gəlmişəm, doyurun məni, 

Üç günətək sevindirsin Allah sizi!

Qızlar varıb yemək-içmək 

Gətirdilər, Beyrəgi doyurdular.

Beyrək aydır: – Ağanızın

Başı-gözü sədəğəsi, 

Kör-köhnə xəftanız varsa,

Mənə verin, toy-dügündə

Əlimə xəftan verirlər,

Xəftanızı qaytarıram.

Qızlar vardı, Beyrəgin

Xəftanı varmış, gətirdilər,

Aldı geydi, boyu-boyuna,

Qolu-qoluna, beli-belinə

Düm düz gəldi. Böyük bacı

Bu ozanı qarındaşına 

Bənzətdi. Qara qıyma

Gözlərinə yaş doldu,

Döndü burada söyləmiş:

– Qara qıyma ala gözlər sönməsəydi, 

Ağam Beyrək deyər idim, ozan sənə. 

Üzünü tük çurqalayıb, örtməsəydi, 

Ağam Beyrək deyər idim, ozan sənə. 

Sağlam-sağlam biləklərin solmasayıdı, 

Ağam Beyrək deyər idim, ozan sənə.

Aslan kimi duruşundan,

Apul-apul yürüşündən,

Qanırılıban baxışından,

İtgin ağam Beyrəgə bənzədirəm, ozan səni!

Sevindirdin, yerindirmə, ozan məni.

Qız bir daxı söyləmiş!

– Ağam Beyrək gedən gündən

Bizə ozan gəldigi yox,

Əgnimizdən xəftanımız

Aldığı yox, başımızdan

Gecəligi aldığı yox,

Buynuzu burma qoçlarımız

Aldığı yox.

Bamsı Beyrək öz-özünə

Düşündü kim: – Baxırsanmı,

Qızlar məni bu xəftanla tanıdılar,

Qalın Oğuz bəyləri də tanıyarlar.

Gərək görüm oğuzlarda mənə dost kim, 

Düşman kimdir. Xəftanı başdan siyirdi, 

Qızların üstünə atdı:

– Nə siz, nə də Beyrək qalsın,

Bir köhnə xəftan verdiniz,

Baş-beynimi apardınız.

Deyə, qalxıb yola düşdü,

Yol üstə bir əldən düşmüş 

Çuval tapıb dəldi boynuna keçirdi, 

Özün vurub dəliligə, 

Gəldi çıxdı toy yerinə.

 

Baxdı gördü kürəkən

Ox atmaqdadır. Qaragünə

Oğlu Budaq, Qazan bəyin

Oğlu Uruz, bəylər başı

İgit Yegnək, Qəflət Qoca oğlu 

Şəməsəddin, həlalının qarındaşı 

Dəli Qoçar yığılıblar, ox atırlar.

Beyrək baxıb Budaq atsa,

Sağ ol! – Söylər.

Uruz atsa, var ol! – Deyər.

Yegnək atsa, sağ ol! – Deyər.

Qəflət Qoca oğlu atsa, var ol! – Deyər.

Köygü atsa, əlin-qolun

Qurusun, barmaqların

Çürüsün, köykülərə gələn qada 

Sənə gəlsin, donuz oğlu donuz! – Söylər. 

Yalançı oğlu Yalancığın 

Acığı tutdu, belə aydır:

– Mərə, qavat oğlu qavat,

Bax sən dəliyə yaraşar, 

Mənə belə yava sözlər söyləyəsən?

Mərə, qavat tez ol mənim

Yayımı çək! Çəkməz olsan,

İndi burda boynun vuram.

Belə decək Beyrək yayı alıb

Çəkdi, yay qəbzədən paralandı,

Paraları Yalıncığın üzərinə

Tolazladı: – Dan yerində

Torağayı vurmaq üçün

Dərdə dəyər. Yalançı oğlu

Yalancıq yayın paralanmasından

Qəzəbləndi: – Mərə, varın

Beyrəgin yayın gətirin!

Gedib yayı gətirdilər.

Beyrək yayı gördügündə

Yoldaşların yada saldı,

Çox ağlayıb belə aydır:

– Ayğır verib aldığım

Qatı yayım, buğa verib

Aldığım yay kirişim,

Bükülü yerdə qoydum gəldim

Otuz doqquz yoldaşım.

Sonra Beyrək dönüb aydır:

– Bəylər, sizin eşqinizə 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info