Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Ozan aydır: –Yalançı oğlu

Yalıncığın. Beyrək aydır:

– Mərə, kimin nəsin alır?

Ozan aydır: – Xan Beyrəgin

Adaxlısın alar olmuş.

Beyrək aydır: – Mərə, ozan,

Qopuzunu mənə vergil,

Bu ayğırı verim sənə 

Saxla, bahasını 

Gətirərəm geri allam.

Ozan aydır: – Avazım güdəlmədən,

Səsim yoxalmadan bir atdır

Əlimə düşüb, yeyələnib

Saxlayalım. Qopuzunu

Beyrəgə verdi, Beyrək aldı

Babasının ordusuna 

Yaxın gəldi. Baxdı gördü

Neçə çoban yolu kəsib

Ağlaşırlar, oturmayıb

Daş yığırlar. Beyrək aydır:

– Hey çobanlar, bir kişi 

Yolda daş görsə, 

Yabana atar, siz nə üçün

Yol üstünə daş yığırsız?

Çobanlar cavab verdilər:

– Mərə, bizim halımızı 

Dərdimizi nə bilirsən?

– Mərə, sizin nə halız var?

– Bəyimizin bir oğlu var,

On altı ildir ölüsündən, 

Dirisindən, heç kimsənin 

Xəbəri yox. Ancaq indi 

Yalançı oğlu Yalancıq

Onun ölüm xəbərini gətiribdir,

Adaxlısın Yalıncığa veriblərmiş.

Gəlib burdan keçəcəkdir,

Biz bu daşları yığırıq

Onu vuraq çıxıb getsin,

Öz tay-tuşun tapıb alsın.

Beyrək aydır:

– Üzünüz ağ olsun sizin! 

Ağanızın duz-çörəyi görüm

halal olsun sizə!

Ordan ötüb babasının

Ordusuna gəlib çıxdı.

Evlərinin önündə bir

Böyük ağac boy atmışdı.

Bu ağacın dibində bir

Yaxşı bulaq qaynayırdı.

Beyrək baxdı gördü kiçik

Qız qardaşı bu bulaqdan

Su almağa gəlir, lakin,

Qardaş Beyrək, toy-dügünün

Qara oldu, deyə ağlar, bozlar.

Beyrək qatı qəhərləndi,

Qatlaşmadı göz yaşları

Bildir-bildir yanağına 

Ravan oldu, çağırıban belə dedi:

– Mərə, ay qız, ağa deyib

Nə bozlarsan, nə sızlarsan?

Bağrım yandı, alovlandı,

Söylə, məgər sənin ağan

Yox olubdur? Ürəginə

Qaynar dağlar qoyulubdur?

Qara bağrın sarsılıbdır?

Ağa deyə, nə ağlarsan, nə bozlarsan?

Bağrım yandı, alovlandı.

Qarşı yatan Qara dağı

Sorar olsam, yaylaq kimin?

Soyuq-soyuq sularını

Sorar olsam, içit kimin?

Töylə-töylə şahbaz atlar

Sorar olsam, minit kimin?

Qatar-qatar dəvələri

Sorar olsam, yükələt kimin?

Ağ ayılda ağca qoyun 

Sorar olsam, şülən kimin?

Qaralı-göylü otaqları

Sorar olsam, kölgə kimin?

A qız kişi, ağız dildən xəbər mənə, 

Qara başım qurban olsun bu gün sənə.

Qız aydır: – Çalma ozan,

Ayıtma ozan, mənim kimi 

Yaslı qızın nəsinə gərək?

Qarşı yatan qara dağları

Sorar olsan, ağam Beyrəgin yaylasıdır, 

Ağam Beyrək gedəli, yaylağım yox.

Soyuq-soyuq sularını 

Sorar olsan, ağam Beyrəgin içitidir, 

Ağam Beyrək gedəli, içərim yox. 

Töylə-töylə şahbaz atları 

Sorar olsan, ağam Beyrəgin minitidir, 

Ağam Beyrək gedəli, minərim yox.

Qatar-qatar dəvələri 

Sorar olsan ağam, Beyrəgin yüklətidir,  

Ağam Beyrək gedəli, yüklətim yox.

Ağayılda ağca qoyunu

Sorar olsan, ağam Beyrəgin şülənidir, 

Ağam Beyrək gedəli, şülənim yox.

Qaralı-göylü otaqları 

Sorar olsan, ağam Beyrəgin köçətidir, 

Ağam Beyrək gedən gündən köçərim yox.

 

Qız bir daha aydır:

– Mərə, ozan, qarşı yatan 

Qara dağdan aşdığında, 

Gəldigində, keçdigində,

Beyrək adlı bir igidə ulaşdınmı?

Daşğın-daşğın sular aşıb

Gəldigində, keçdigində,

Beyrək adlı bir igid ilə buluşdunmu?

Ağır adlı şəhərlərdən

Gəldigində, keçdigində, 

Beyrək adlı bir igid ilə görüşdünmü?

Mərə, ozan, gördün isə, degil mənə, 

Qara başım qurban olsun, ozan, sənə!

 

Qız yenə də aydır:

– Qarşı yatan dağım yıxılıbdır,

Ozan, sənin xəbərin yox!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info