Qonaq Kitabı
QARACIQ ÇOBAN

 

Tutuldu Salur Qazan,

Gözlərinə doldu qan.

Qara bağrı darıldı,

Yumaq kimi sarıldı.

Könlü təşvişə düşdü,

Qan damarları şişdi.

Köçün izini tapdı,

Heylədi atın çapdı.

Başı lovlu bağrı qan

Gözlərin tutmuş duman,

Mərd əli çıxıb boşa,

Yalvarır dağa-daşa.

Qarşına çıxdı bir su:

– Haqq didarı görüb bu.

Xəbərləşir su ilən

Nələr soruşur ondan:

– Çınqım-çınqım qayalardan çıxan su,

Şaqqıldayıb dərələrdən axan su,

Ağır-ağır qayaları xırladan,

Dənizlərdə gəmiləri oynadan,

Şahbaz atlar, boz ayğırlar içən su,

Qızıl dəvə üzərindən keçən su,

Sahilləri ağca qoyun yatağı,

Çəmənləri buğaların otlağı,

Aişənin, Fatimənin miknəti,

İmam Həsən, İmam Hüseyn həsrəti,

El-obamdan xəbərin var, de mənə!

Qara başım qurban olsun, su, sənə!

 

Su necə xəbər versin?

Nə söyləsin, nə desin?

 

Suyu adladı, keşdi,

Gözü bir qurda düşdü:

– Uğurludur qurd üzü,

Uzağı görər gözü,

Xəbərləşim onilən –

Deyə, soruşdu qurddan:

 

– Günü doğan qaranquluq axşamlar,

Uru duran yağanda kövşənə qar,

Qızıl-qızıl dəvələri buzladan,

Ağca qoyun gördükdə quyruq qapan,

Erkəcin, övəcin, simizin tutan,

Qanlı quyruq üzübən çap-çap udan,

Arxasıyla ağıllar böyrü sökən,

Şahbaz-şahbaz atların ətin tökən,

Qaba səsli köpəkləri hürdürən,

Çaxmaqlıca çobanları yügürdən,

El-obamdan xəbərin var, de mənə!

Qara başım qurban olsun, qurd, sənə!

 

Qurd necə xəbər versin?

Nə söyləsin, nə desin?

Qurdu da qoydu keşdi,

Gözü bir itə düşdü:

 

– Qaranquluq axşamlar haf-haf hürən,

Ağca ayran görəndə çap-çap içən,

Oğruları, xırsızları qaçırdan,

Qorxuduban, hürküdübən, uçurdan,

El-obamdan xəbərin var, de mənə!

İyiliklər edərəm, itim, sənə!

 

İt hardan xəbər versin?

Nə söyləsin, nə desin?

Xan Çobanın köpəyi,

Tanıyır Qazan bəyi.

 

Ayaxlarına düşər,

Oynar, sək-sək səkildər.

Qazandan əl götürməz

Vursa da qaçıb getməz.

Dilsiz-ağızsız heyvan,

Can atır bu yolilən,

Xanı dalıyca çəkə,

Çobana çata bəlkə.

Xanı cinlədir, çovur.

İt qaçır, Qazan qovur,

Hirsindən yana-yana

Gəlir çatır çobana:

 

– Qaranqu axşam olanda qayğılı çoban,

Qara yağmır yağanda sayğılı çoban,

Sapanlı, dəyənəkli, çaxmaqlı çoban,

Südü, pendiri bol, qaymaqlı çoban!

 

Qazan yenə söyləmiş,

Görəliim nələr demiş:

 

– Ünüm ünlə, çobanım!

Sözüm dinlə, çobanım!

Ev-eşiyim talanıb,

Bağrım od tutub yanıb.

Nə xəbərin var mənə?

Qurbanam, çoban, sənə!

– Harda ölmüşdün, Qazan?!

Harda itmişdün, Qazan?!

 

Dünən yox, yarınki gün

Buradan talan keçdi.

Qara dəvə boynunda

Qarıcıq anan keçdi.

Uca boylu halalın,

Bütün qul-qaravaşın

Kafərə yesir getdi

Yanında qırx yoldaşı.

Qırx igidi yanında

Oğlun Uruz yalınçıq

Qul oldu, əsir getdi

Ayaqyalın, başaçıq.

 

Düşmənlər mindi getdi

Tövlə-tövlə atları,

Yük ilə gəldi keçdi

Dəvələrin qatarı.

 

Xan bu sözdən usandı,

Ürəyi tutdu, yandı:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info