Qonaq Kitabı
QARACIQ ÇOBAN

Udumlu əlini arxama çalır:

– Oğul ellərivə xoş gəldin! – Deyir,

Hər tərəfdən alqış səsi ucalır.

 

Baxıram elimə, babalarıma,

Baxdıqca fəxrimdən başım ucalır.

Öz günüm, taleyim gəlir önümə,

Gözüm ayağıma tikili qalır!

 

Öpürəm Dədənin cömərd əlini:

– Ata, oğlun himmət diləyir səndən.

Bil ki ellərimin halı yamandır,

Əsirgəmə xeyir-duavı məndən.

 

Zamandır bizlərə fələk göz əyib,

Polad üz qılınclar qında paslanıb.

Şahbaz ayğırların piyi kəsilib,

Cidalar əyilib, kəndir ufanıb.

 

Odalar talanıb, evlər yıxılıb,

Mərd igidlər ölüb, urək dağlanıb.

Hasarlar alınıb, ordu basılıb,

Dodaqlar tikilib, qollar bağlanıb.

 

Altunlu ban evlər, talana gedib,

Ev yiəsi gecə küçədə yatır!

Buz baltası kimi cömərd igıdlər,

Divarlar dibində portaqal satır!

 

Kölgəli ağaclar kökdən quruyub,

Bulaqlar korlanıb, kəhrizlər batıb.

Alıcı quşların qanadı sınıb,

Aslan yatağında tülkülər yatıb.

 

Obalarda nə toy, nə bayram olur,

Nə qopuz çalınır, nə mərd öyünür.

Nə bir ozan gəlir, nəğmə oxuyur,

Nə bədöy atların içı döyünür.

 

Laləli düzlərdə tikan göyərib,

Nə quzu mələşir, nə ceyran qaçır.

Quşlar da yurdumdan küsüb gediblər,

Göydə nə bir durna, nə sona uçur.

 

Məişət igidə ağır yük olub,

Kimi baş götürüb gedir sərgərdan.

Kimi balaların alır dişinə,

Qaçır diyarından, doğma yurdundan!

 

Dov düşüb dırnaqsız namərd əlinə,

Dişi batan yerin ətin qopardır.

Dil açıb dilində danışanların,

Çəkir boğazından dilin çıxardır!

 

Bircə dar günlərin dar axşamında,

Xəlqin əhvalına şəfəq qan ağlar.

Qəhrəman elivi nə günə salmış,

Gör bu qara dövran, gör bu ruzgar.

 

Bir urək aradan iki bölünüb,

Ayaq da qanlıdır, baş da qanlıdır.

Ağ saçlı analar qara geyinib,

Yanaq da qanlıdır, yaş da qanlıdır!

 

Utanıram sənə “oğlunam”, deyəm,

Bilirəm yanında qaradır üzüm.

Dərdin çəkəni mən, eşidəni sən

Sən dözənməyəndə, mən necə dözüm?

 

Vətənin şamaması,

Doğranıb dilim-dilim.

Tikilib dodağım

Qadaxlanıb dilim.

Hər parçam, hər tikəm,

Bir qurd ağzında!

Babamın kəsgin qılıncı

Paslanıb, çürüyüb qında.

...............................

Naməhrəm qucağında!

Mərd igidlərim darda

Bu diyarda, o diyarda.

...............................

 “Azrərliyəm” deyən,

Papağı qıllı-qılçıqlı,

Üz-gözü səngər palçıqlı,

Dönməz cömərdəlrim...

Bılmirəm hardadır...

Har.... da?...

Qulaq as ata!

Bu dərdli oğluva qulaq as!

Hansı dərdimi deyim?

Hansı nisgilimi deyim?

Sizdən sonra namərdlər

Doğraq-doğraq

Doğradı diyarımı,

Doğradılar iranımı...

Bir vuruşda

Özün, oğlun, nəvəsin

Qurban verdi “şeri” babam...

.............................

Alanmadım qanımı…

Bir də ki, nankorlar…

Bir quru dilımi də mənim –

Əlimdən aldılar.

Bir qarış yerimdən də

Məni bayıra saldılar…

Haray qopartdım,

Can atdım,

Olmadı – olmadı!

İndı...

Örüşdə bədöy at şihəsındən,

Nər oğul nərəsindən…

Səs-səmir yoxdu.

Əllərdə qalan anamın

Hay... haray çəkməkdən

Çıxdı canı:

Babəkim, Koroğlum,

Şah İsmayılım ha...nı?!

 

* * *



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info