Qonaq Kitabı
QARACIQ ÇOBAN

Mindi ağca bədöyün.

 

Bayburdun hasarından

Pırlayıb uçub qaçan,

Dov günü qatı yaydan

Dolu kimi ox saçan,

Boz ayğırlı Beyrək

Atlandı lay divar tək.

 

Xan Qazan mizah ilən,

“Keşiş” – deyə, çağıran

Yeginək silah taxdı,

Duru ayğıra qalxdı.

 

Saya varsan tükənməz,

Həddü-hesaba gəlməz

Bütün Oğuz bəyləri,

Alıcılar ləşkəri,

Geyindi, yaraqlandı,

Düzüldü, yasaqlandı,

Çıxdılar Aladağa,

Aslan girdi ovlağa.

 

* * *

Dəvə kinli düşmənin

Casusu casusladı,

Bu xəbəri Gürcüstan

Məlikinə yolladı.

 

Yeddi min zatıqırıq,

Donunun ardı yarıq,

Başları yarı saçlı,

Sinəsi gümüş xaçlı

Silahlandı, at mindi,

Yəhər qaşına sindi.

Yönəldi xan evinə,

Çapdı Qazan evinə.

 

Çaldı-çapdı, taladı,

Oğlunu yaxaladı.

Ağ əllərin bağlatdı,

Qız-gəlinin ağlatdı.

Ağ ban evlər, kömələr,

Qatar-qatar dəvələr,

Şahbaz at tövlə-tövlə,

Hesabsız pul, xəzinə

Talandı, qarət oldu,

Əcəb qiyamət oldu.

Ağsaqqallar, qocalar,

Qarıcıq olan analar,

Körpələr quzu kimin,

Qaza bənzər qız-gəlin,

Səhərin dan ulduzu

Bayındır xanın qızı,

Ucaboy, qara qaşlı,

Bel nazik, uzun saçlı,

İpək şəddə qaşında,

Qırx incə qız başında,

Oğuzun baş qadını,

Xan Qazanın xatını

Düşmənə yesir oldu,

Bənizi saraldı, soldu.

 

Xanın qarı anasını

Evindən çıxardılar,

Qara dəvə boynuna

Asdılar apardılar.

 

Üç yüz igid qırıldı,

Daş üstə qalmadı daş,

Oxlandı – şəhid oldu

Qocaman Sarı Qulmaş.

 

* * *

Düşmən öyünür, şişir,

Boy boyladır, söyləşir:

– Mərə, bəylər, Qazandan

Qəribə acıq çıxdıq.

 

Bir kərə varın-yoxun

Taladıq, evin yıxdıq.

 

Bizlərə əsir oldu

Halalı, oğlu, qızı.

Qırx igid ilə tutduq

Oğlancığı Uruzu.

 

Bir yağı yerdən durur,

Ağzın büzür, dən salır:

– Nə deyirsiz, hələ də

Bir acığımız qalır.

 

Şöklü Məlik tutulur

Qara qanı qaralır:

– Mərə, əclaf, de görüm

Nə acığımız qalır?

 

Çuğul yağı titrəyir,

Bağır basır, baş əyir:

– Bəylər bəyi Qazanın,

O barışmaz düşmanın

Dəmirqapı Dərbənddə

Qoyunu var minlərcə.

Onları da alsaydıq,

Ulu acıq alardıq.

 

Şöklü Məlik eşidir,

Tamahlanır, hökm edir:

– Altı yüz atlı getsin,

Qoyunu qarət etsin!

 

Altı yüz ər atlandı,

Qoyun üstə yollandı.

 

* * *

Qara Çoban, xan çoban,

Qayğılı aslan çoban,

Qara dağlar qaplanı,

Xan Qazanın çobanı

Yatdı vaqiə gördü,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info