Qonaq Kitabı
QARACIQ ÇOBAN

Səmrədi uru durdu.

Qoyunları hər yerdən

Ağıllara topladı,

Qapılaırı bərkidib

Dalısın torpaqladı.

Çağırdı cüt qardaşın,

Yığdı çöllərin daşın.

 

Üç yerdə daş topladı

Bərkitdi dörd bir yanın,

Açdı əlinə aldı

Ala qollu sapanın.

 

* * *

Toz qalxdı, günəş batdı,

Atlılar gəldi çatdı:

 

– Sürüyə qurd girəndə

Əli çomaqlı çoban!

Qaranquluq düşəndə

Odlu, çaxmaqlı çoban!

Pendiri, qatığı bol,

Südlü, qaymaqlı çoban!

Dartışıb qarpışanda

Dəmir qıynaqlı çoban!

Mərə, Qaracıq Çoban,

Bizə qulaq asgilan!

Qazanın ev-eşiyin

Dağıtdıq, yağmaladıq,

Tövlə-tövlə atların

Biz mindik, biz taladıq.

 

Xanın axdı ulduzu,

Tutduq oğlu Uruzu.

Çapdıq evin, köməsin,

Bol pulun, xəzinəsin,

Qatar-qatar dəvəsin,

Qarıcıq olan anasın.

Bütün dövlətin-malın,

Qız-gəlinin, halalın

Yesir qıldıq, apardıq,

Qiyamətin qopardıq.

Mərə, çoban, hardasan?

Yaxında, uzaqdasan?

 

Sözümüzə qulaq as,

Bizə baş əy, bağır bas!

Bizdən gizlənmə, qorxma,

İrəli gəl, huyuxma!

Sənə Şöklü Məlikdən

Bəylik allıq, bilgilən.

 

Qara Çoban bağırır,

Sərkərdəni çağırır:

– Alaqarı söyləmə gəl,

Yolsuz yağı, azğın yağı!

İtim ilən bir yalaqdan

Yöndəm içən quzğun yağı!

 

Altındakı şahbaz atın

Nə öyürsən, mərə, yağı?

Ala başlı, kola buynuz

Keçimcə də gəlməz mənə!

 

Başındakı dəbilqəni

Nə öyürsən mənə, yağı?

Başımdakı bu qıllıca

Börkümcə də gəlməz mənə!

 

Altmış tutam kəndirini

Öymə mənə, murdar yağı!

Bu qızılcıq yeddi qarış

Ağacımca gəlməz mənə!

 

Qılıncını, qalxanını

Öymə mənə, mərə, yağı!

Savaş günü əyri başlı

Çovqanımca gəlməz mənə!

 

Belindəki doxsan oxun,

Nə öyürsən, dinsiz yağı?

Qırış günü ala qollu

Sapanımca gəlməz mənə!

 

Yaxınından-uzağından

Bəri gəl, hey yetim yağı!

İgidlərin zərbi-şəstin

Görüb get, hey itim yağı!

 

* * *

Yağılar at təpdilər,

Hər yandan ox səpdilər,

Ərənlərin qoçağı,

El-obanın dayağı,

Mənim Qara Çobanım,

Yenilməz qəhrəmanım

Əl eylədi süpəngə,

Yer-göyü gətdi təngə.

Yağının aşı bişdi,

Kürkünə birə düşdü.

İgid Çoban təkinə

Nər kimi gərdi sinə.

Qızqın sapan tavladı,

Daşı-daşa dayadı.

Atıldıqca hər daşı

Sındı üç düşmən başı.

Qırdı yağının gözün,

Yerə sərdi üç yüzün.

Lakin tükəndi daşı,

Oxlandı cüt qardaşı.

Aslanım acıqlandı,

İçi od tutdu, yandı.

Dünya gözünə gəlməz.

Keçi bilməz, qoç bilməz,

Qoyur sapana atır,

Düşmən yan-yana yatır.

Qaraldı yerin üzü,

Qorxdu düşmənin gözü:

– Yarımasın bu Çoban!

Yarçımasın bu çoban!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info