Qonaq Kitabı
QARACIQ ÇOBAN

Qulaqda altun sırğa,

Qazlıq ayğırı yorğa,

Boyu boylardan uca,

Atası Qazlıq Qoca,

Kim gəldi çatdı görək?!

Qoç oğlu qoç Yeyinək:

– Qılınc çal, ağam Qazan,

Gəldi çatdı el, arxan!

 

Atmış erkəc dərisin

Qurasan, kürkü olmaz,

Yeddi övüc dərisin

Gözəsən, börkü olmaz.

 

Qollar cida boyunca,

Baldır incə, boy uca,

Xan Qazanın dayısı

Atağız Aruz Qoca.

 

Gəldi çapar yetişdi,

Vurdu qabağa keşdi:

– Qılınc çal, bəyim Qazan,

Gəldi çatdı el, arxan!

 

Acığı tutan zaman

Bığlarından qan daman,

Səsi aslan nərəsi,

Peyğəmbər əshabəsi,

Bu kimdi gəldi görən?!

Bığları qanlı Əmən:

– Qılınc çal, ağam Qazan,

Gəldi çatdı el, arxan!

 

Əlli yeddi qalanın

Basıb kilidin alan,

Ağ Məlikin görklü –

Qızın ərliyə alan,

Otuz qalabəyinin

Qızının boynun öpən,

Sunu Sandal Məlikin

Meydanda qanın tökən.

Alın oğlu Alp Vuran

Çatdı sanki bir aslan:

– Qılınc çal, ağam Qazan,

Gəldi çatdı el, arxan!

 

Saya varsan tükənməz,

Həddü-hesaba gəlməz,

Xan Qazanın ləşkəri,

Bütün Oğuz bəyləri,

Bədöy atlar yügrüşdü,

Hamı gəldi yetişdi.

Nəqqarələr gurladı,

Altun boru burladı.

Qiyamət savaş oldu,

Meydan dolu baş oldu.

 

Şahbaz-şahbaz atların

Laxladı nalı, düşdü,

Əyri polad qılınclar

Çalındı sovdan düşdü.

Dəli Dondar yəmindən,

Qarabudaq yesardan,

Ağır ləşkər başında

Arada salur Qazan,

 

Hər yandan at saldılar,

Baş kəsib can aldılar,

Xan Qazan at oynatdı,

Şöklü Məlikə çatdı,

Böyürtdü, atdan saldı,

Baş getdi, bədən qaldı.

 

Sağ yanda Dəli Dondar

At təpər, qılınc vurar,

Qara Təkura çatdı,

Vurdu, sağ qolun atdı.

 

Sol yanda Dəli Budaq,

Gürz işlədir taqqatax,

Çatdı Buğacıq şaha,

Aman vermədi daha.

Endirdi kəlləsinə,

Başa, qın oldu sinə.

Xan Budaq qılınc çaldı,

Bayrağı biçdi saldı.

Leş töküldü qalandı,

Dağ-dərə al boyandı.

Düşmən dağıldı, qaşdı,

Quş qırıldı, börk düşdü.

Mərd igidlər çovmadı,

Qaçanları qovmadı.

 

Gor qazıb quyladılar

Qırılıb ölənləri,

Qırıb öldürmədilər

Aman diləyənləri.

 

Qazan qələbə çaldı,

Oğul-uşağın aldı.

Tikdirdi ban evlərin,

Yaylaq xoş, suyu sərin.

Çağırdı xan çobanı,

O böyük qəhrəmanı,

Taxt verdi, üzük verdi,

At verdi, bəylik verdi.

Dərd-qəmə axır oldu,

Çoban miraxur oldu.

Başlandı yemə-içmə,

Yeddi gün-yeddi gecə.

 

Xan, bəyləri ucaltdı,

Şal verdi, cübbə verdi,

At verdi, çuxa verdi,

Yurd verdi, ölkə verdi.

 

Xəzinəsin payladı

Elinə, yoldaşına,

Qırx kölə azad etdi

Oğlu Uruz başına.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info