Qonaq Kitabı
QARACIQ ÇOBAN

Nə xiyaldasan, Qazan?

Mənə lazımdır anan!

Gör neyləyərəm ona,

Verrəm keşiş oğluna.

Bir oğlan doğar mənə,

Qırım qoyaram sənə!

 

Şöklü şah bunu decək,

Eşidir çoban demək:

– Mərə, ağılsız yağı!

Usu yox, dinsiz yağı!

Qarşı yatan bu dağlar

Quruyub, otu bitməz,

Qanlı-qanlı bu çaylar

Quruyub, suyu gəlməz,

Qızıl-qızıl dəvələr

Qarıyıb, köşək verməz,

Ağca-ağca qoyunlar

Qarıyıb, quzu verməz,

Köhlən atlar qarıyıb,

Day verməz, qulun verməz,

Qazanın anası da

Qarıyıb, oğul verməz.

Dölündə gözün varsa,

Qaragöz qızın varsa,

Gətir Qazan bəyə ver,

Dölün tut xeyrini gör!

 

Çoban decək bu sözü

Tutuldu göyün üzü,

Çatdı Oğuz bəyləri,

Gəldi xanın ləşkəri.

Aslan yetdi, nər yetdi.

Görəlim kimlər yetdi.

 

Arxalığı xoftanı

Üç buğa dərisindən,

Acığı tutan zaman

Qara daşı gəmirən.

 

Elin qəmini görən,

Mərd igidlərin başı,

Bığların dalda hörən,

Qazanın mərd qardaşı.

 

Qara nər Qaragünə

Gəldi düşmən üstünə:

– Qılınc çal, ağam Qazan,

Gəldi, çatdı el, arxan!

 

Dəmirqapı Dərbəndin

Dəmir qapısın alan,

Atmış tutam kəndirin

Ərlər boynuna salan.

 

Elin qəhrəman oğlu

Yenilməz adlım sərdar

Səlcuq oğlu, xan oğlu,

Dəli nər Dəli Dondar.

 

Gəldi, çapar yetişdi,

Vurdu qabağa keçdi:

– Qılınc çal, ağam Qazan,

Gəldi, çatdı el, arxan!

 

Hər yanda adlı-sanlı,

Dəmir ox, dəmir yaylı,

Əynində polad yaraq

Başında dəmir papaq,

Düşmənə qan qusduran,

“Mərdin” qalasın alan,

Qocalar təhsin edən,

Şalvarı al məxmərdən,

Xoşsöhbət, sözlü-sazlı,

Yəhəri ağ qotazlı,

Qarasaç, qarabığlı,

Qaragünənin oğlu,

Qazanın qızın alan

Qarabudaq pəhləvan:

– Qılınc çal, ağam Qazan

Gəldi, çatdı el, arxan!

 

Dağlar əsdi, titrəşdi

Dalıyca kim yetişdi?

 

Qaraqaş, qarabığlı,

Ərənlər sərkərdəsi

Qəflət Qocanın oğlu

Ağ-boz atın yiyəsi.

 

Bir ləşkərin qarşısın

Tək atlı kəsib duran,

Qırx iki min qoşuna

Təkinə qan qusduran.

 

Yaman gündə, dar gündə

Çəkən elin qayğısın,

Dəstursuz basıb boğan,

Bayındır xan yağısın.

 

Əyri qılıncı kəskin

Şir oğlu Şir Şəmsəddin:

– Qılınc çal, ağam Qazan,

Gəldi çatdı el, arxan!

 

Bayburdun hasarından,

Daşlanıb uçub qaçan,

El-obanın dayağı,

Qazan xanın inağı,

Yeddi qızın ümidi,

Oğuzun qoç igidi,

Kim gəldi, gəlsin görək.

Boz ayğırlı Beyrək:

– Qılınc çal, ağam Qazan,

Gəldi çatdı el, arxan!

 

Saysan, saya salmalı,

Başı ipək çalmalı,

Sultanlardan bac alan,

Bəyləri atdan salan,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info