Qonaq Kitabı
QARACIQ ÇOBAN

Həsənlə Hüseynin beşiyi ağac.

 

Torpaq olsan, namərd dənin bitirmə!

Ziyankarı boya-başa yetirmə!

Barı sən gəl, ağac, haqqı itirmə,

Sənə asılarsam götürmə, ağac!

 

Götürəcək olsan nolasan, ağac,

Görüm saralasan, solasan, ağac!

Doğranıb qol-budaq olasan, ağac!

Gəl etmə anamı bağrı qan, ağac!

 

Dalıyca yenə demiş,

Görək nələr söyləmiş:

 

– Köhlən atlar axar su tək axanda

Bədöy ayğırıma, atıma yazıq!

Mərd atalar gənc oğluna baxanda,

Elimə, südümə, zatıma yazıq!

 

Qardaşlar, yoldaşlar seyrə varanda,

Eşimə, tayıma, tuşuma yazıq!

Şahin quşlar gözəl kəhlik alanda,

Tərlanıma, şahin quşuma yazıq!

 

İgitlər atlanıb keyik vuranda,

Bəylikdən doymayan özümə yazıq!

Aşıqlar-ozanlar məclis quranda,

Boyuma, sazıma, sözümə yazıq! –

 

Deyibən aslancığım

Ürəklənib ağladı,

Sıxıntısı, yanğısı

Cigərciyin dağladı.

 

Bu yerdə Salur Qazan

Çapar gəldi, yetişdi,

Dalıyca çatdı çoban,

Düşmənin aşı bişdi.

 

Çobanım yetişincə,

Əl eylədi sapangə,

Şöklü qara Məlikin

Nəfəsi düşdü təngə.

 

Sapan-sapan, nə sapan

Xan çobanın sapanı.

Mancanıq olmayanda

Daşı yıxar qalanı.

 

Daş yerisi – ayası,

Bir balağın gönündən,

Eşmə ala qolları

Üç qoyunun yunundan.

 

Daş atar on batmanda,

Atdığı boşa getməz.

Göydə milçəyi vurar,

Düşən yerdə ot bitməz!

 

Gecə bayırda qalsa,

Qoyunundan, qoçundan,

Qurd belə gəlib yeməz

Sapanın qorxusundan.

 

Çoban sapan çatlatdı,

Daş atdı, qaya atdı,

Düşmənə gün qaraldı,

Yer başına daraldı.

 

Söyləyir igid Qazan:

– Mərə, Qaracıq Çoban,

Gəl anamı istəyək,

Versələr, alaq gedək.

 

Qarıcıqdır, yıxılar,

Ayaq altında qalar.

Sonra da yana-yana

Üzün tutur düşmana:

 

– Mərə, ay Şöklü Məlik,

Börkünün ucu dəlik!

Altunlu ban evimi

Çapıbsan, sənin olsun!

Pulumu, xəzinəmi

Qapıbsan, sənin olsun!

 

Bütün əhlim-əyalım

Yesirin olub, olsun!

Uca boylu halalım

Əsirin olub, olsun!

 

Tutubsan, qulun olsun

Oğlum qırx igidiylə!

İlxı-ilxı atımı

Alıbsan, minik eylə!

 

Sürü-sürü qoyunum

Sənin şülənin olsun!

Qatar-qatar dəvəmin

Hamısı sənin olsun!

 

Bir xahişim var sənə,

Anamı qaytar mənə!

Savaşmadan qəyidim,

Yolumu çəkim gedim.

 

Eşidibən Şöklü şah

Hırlayır, gülür qah-qah:

 

– Vermərəm, mərə, Qazan,

Rədd ol, sovuş buradan!

Altunlu ban evivi

Gətirmişik, bizimdir!

Puluvu, xəzinəvi

Gətirmişik, bizimdir!

Halalın əsirimdir,

Əyalın yesirimdir!

Qulumdur oğlun Uruz,

Bil ki, satmaram ucuz!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info