Qonaq Kitabı
QARACIQ ÇOBAN

Ərənlər sərkərdəsi

Ulaş oğlu Xan Qazan

Yerindən durmuş idi,

Doxsan başlı ban evin

Döşlərdə qurmuş idi.

 

Hər yanda ipək-ipək

Xalılar salınmışdı.

Sürahilər düzülmüşdü,

Badiyələr qurulmuşdu.

Neçə-neçə xub üzlü,

Xub üzlü, alagözlü,

Gözəl-göyçək, görklü,

Saçı dalda hörüklü,

Qabaq səhər, qaş gecə,

Döşlər qaba, bel incə,

Köksü qızıl düyməli,

Qıpıqları sürməli,

Səhərin dan ulduzu,

Yanaqlar al qırmızı,

Hallı, huylu, damaxlı

Dili ballı, qaymaxlı,

Sinəsi qoşa narlı,

(Kim görüb sərvi barlı?)

Gecənin yağmış qarı,

Duru sulardan arı.

Dağın yorğun maralı,

Dəli ceyran ədalı,

Şirindil, inci dişli,

Gözəl, kəhlik yerişli,

Dodağı pöhrə balı,

Dosta gəl, yada çalı,

Əllər xınadan əlvan,

Baxışı canlar alan,

Səsi Davud nəğməsi,

Nəfəsi gül nəfəsi,

Vüqarlı, yaraşıqlı,

Bəxt ulduzu işıqlı,

Yaz üzlü, güz nemətli,

Gül iyli, bar ləzzətli,

Dadlı-duzlu, məzəli,

Azərbaycan gözəli.

Mey gəzdirir ortada,

Din-iman gedir bada.

Şanlı Oğuz bəyləri,

Ərənləri, ərləri

Sığraq sürür, mey içir,

Günlər şadlıqla keçir.

 

Ulaş oğlu Xan Qazan,

Xan Qazan, aslan Qazan

Al şərabı qantarır,

Alaca gözü qızarır,

Papaq yenir qaşına,

Nəşə vurur başına,

Dizin söykəyir yerə,

Üzün tutur bəylərə:

– Ünüm ünləyin, bəylər!

Sözüm dinləyin, bəylər!

Yata-yata yanımız,

Yançağımız qarıdı.

Dura-dura belimiz,

Buxunumuz qurudu.

Varın, ovlağa varaq,

Keyik yığaq, ov tutaq,

Elimiz yesin-içsin,

Günlərimiz xoş keçsin.

 

Elin qəhrəman oğlu,

Səlcuq oğlu, xan oğlu

Yenilməz adlım sərdar,

Nər güclü Dəli Dondar

Razılığın bildirir:

– Xan Qazan, məsləhətdir!

Ulu bəylərin başı,

Xanın igid yoldaşı,

Uzunqol, Qaplanqınaq,

Qara nər Qarabudaq

Səs verir digər yandan:

– Yaxşıdır, ağam Qazan!

 

Xanlar bunu deyincə,

Başqalar səs verincə,

At ağızlı bəy Aruz,

Ağsaqqal, əldə qopuz

İki diz üstə çökür,

Düşünür, tibir[3] tökür;

 

– Dayın boyuva qurban,

Əl saxla, bəyim Qazan!

Sası[4] dinli düşmanın

Mərzində[5] oturursan,

Ev-eşiyin, obanın

Üstə kimi qoyursan?

 

– Cilov yəhər qaşında,

Üç yüz igid başında

Oğlum Uruz atlansın,

Obam üstə dayansın! –

Deyə, xan verdi fərman,

Qalxdı geyindi xəftan[6].

 

* * *

Hazırlıqlar başlandı,

İgidlər silahlandı.

Qabaqca qonur atı

Çəkdilər sərdar mindi,

Təpəlqaşqa ayğırı

Dalıyca Dondar mindi.

 

Qazanın mərd qardaşı,

Arxası, silahdaşı,

Boz aslan Qaragünə

Qalxdı göy at üstünə.

 

Yaman gündə, dar gündə

Çəkən elin qayğısın,

Dəstursuzca öldürən,

Bayındır xan yağısın.

Şir oğlu Şir Şəmsəddin



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info