Qonaq Kitabı
QARACIQ ÇOBAN

Bir az da dursaq əgər,

Diri qoymaz bir nəfər,

Hamını tökər qırar,

Anamız üzün cırar.

Üz döndərib qaşdılar,

Dağ-təpəni aşdılar.

 

* * *

Düşmən ara açarkən,

Çobanım çatdı qaşın,

Haqqına tapışırdı

İki şəhid qardaşın.

Mat qaldı öz işindən,

Çaxmaq çaldı, od yaxdı,

Düşmənlərin leşindən

Böyük bir təpə yapdı.

Polad ürəyində kin,

Yandırdı bez köynəyin,

Bağladı yarasına,

Kimsə gəlməz yasına.

Dərə xəlvət, ər yalqız,

Eldən iraq, qayğısız

Bir daş üstə çömbəldi,

Ürəyi dərdə gəldi.

Yollara baxdı-baxdı,

Gözlərindən yaş axdı:

–        Yolun yumulsun, Qazan!

Qapın çırpılsm, Qazan!

Ölübsən, ya dirisən?

Xəbərin yox xəbərdən?!

 

* * *

Sizə mən söyləyincə,

Məgər, dostlar, o geçə

Xan Qazan ayın-şayın

Toxtaq, ağır-arxayın

At oynadıb, ox atıb,

Yorulub düşüb yatıb,

Yuxusunda nə gördü?

Qara vaqiə gördü.

Səmrədi uru durdu,

Qardaşına hey vurdu:

 

– Ünüm ünlə, qardaşım,

Sözüm dinlə, qardaşım!

Yuxumda gördüm nələr,

Qorxulu vaqiələr.

Qarlıca qara yağmır

Gördüm üstümə yağır.

Gördüm qara qırğılar

Mənim quşumu şığar.

Gördüm ildırım şaxdı,

Ev-eşiyimi yaxdı.

Qaraqılcıq, boz-sarı

Quduzlaşmış qurdları

Evimi dələr gördüm,

Bir daha nələr gördüm:

On barmağım ox gördüm

Biləyimdən yox gördüm.

Tüklərim qarğı kimin,

Tutdu gözümün önün.

Dağılıb ağlım, huşum,

Gəldim sənlə qonuşum.

Canım qardaş, halım sor,

Mənim bu yuxumu yor!

 

– Qara bulud, dediyin –

Sənin varın, dövlətin.

Qara yağmır – ləşkərin,

Saç – qayğılı ellərin,

Qalanın Tanrı yorsun,

İnşallah xeyir olsun!

 

– Ümidim, arxam qardaş,

Ləşkərimə sən ol baş,

Otur yerli-yerində,

Ovumu pozma, mən də

Minirəm qonur ata,

Qan-tərə bata-bata,

Qonur atım – ceyranım,

Qara quşum, tərlanım

“Dərələrdən yel kimi,

Təpələrdən sel kimi”,

Sərsərə dönər, əsər,

Üç günlük yolu kəsər.

Öylən çatar obama,

Baş çəkərəm odama.

Sağlıq, əsənlik olsa,

Sağlamlıq, şənlik olsa,

Nə durram, nə dincəlləm,

Axşama dönüb gəlləm.

Gəlmədim axşam əgər,

Bilin var yaman xəbər.

 

Qonuru mamızladı,

Yürüdü, yol yolladı.

Uca dağlardan aşdı,

Daşqın sulardan keşdi.

Çapdı yetişdi yurda,

Nə ev gördü, nə oda.

Uçarda quzğun uçar,

Qaçarda tazı qaçar.

Bağrı alışdı, bişdi

Yurduyla xəbərləşdi:

 

– Ay yurdum, aman yurdum,

Qum qumlamayan yurdum.

Güllü dağlarm tuşu

Sığın keyiklə qonşu,

Yağılar hardan varmış?

Nə yerdən səni dalmış?

Yenə də söy söyləmiş,

Görəlim nələr demiş:

 

– Ağ ban evim tikilində yurdu qalmış,

Qarı anam olurunda yeri qalmış.

Oğlum Uruz ox atanda budaq qalmış,

Qara mitbax tikilində ocaq qalmış.

Ulu bəylər çaparında meydan qalmış,

Oba köçmüş, yurd-yuva viran qalmış.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info