Qonaq Kitabı
QARACIQ ÇOBAN

Dədə məlul-məlul baxır uzümə,

Baxışında aydın bir inciklik var.

Övladın pərışan, natəvan görsə,

Şübhəsiz hər ata mükəddər olar

 

– Oğul niyə məndən himmət istərsən?

Torpaq əsirinin əlində nə var?

Hər aşiqin beş gün dövranı vardır,

Hər əsrin özünün bir Qorqudu var.

 

Kim öz sərvətini qəbrə aparmış?

Ya hansı atanı gördün dünyada

Ömründə çalışıb qazandığını,

Buraxıb getməyə axır övlada?

 

Mən öz həyatımda hər nə qazandım

Ağıldan, kəmaldan, elm-zəkadan.

Toxum eyləyibən bu yerdə əkdim,

Sizlərə tapşırdım öldüyüm zaman.

 

Ancaq hər oğulun özünə qalır,

Ata sərvətindən nə cür barına.

Bir gündə kül edib göyə sovura,

Ya da ki, qat-qat da, artıra ona.

 

Biz əgər baş uca, igıd yaşadıq,

Namrədə əymədik onu heç zaman.

Yadelli düşmana təslim olmadıq,

Qanımız axdısa damarımızdan.

 

Dördəlli tutmadıq biz bu dünyanı,

Həyatı şərəfdə, mərdlikdə bildik.

Yaşadıq şərəfli yaşamaq üçün,

Savaşdıq, vuruşduq, öldürdük, öldük.

 

Göylərə yurd saldıq qara quş kimi,

Qarğa quzğun olub, leşə qonmadıq.

Aslan tək cəblərdə yataq eylədik,

Tülkü tək gündə mın kələk yonmadıq.

 

Namrdə mərd olduq, haqqa qul olduq,

Yaxşıya yaxşı olduq, yamana yaman.

Əlsizləri əzib ayaqlamadıq,

Amansız düşmana, vermədik aman.

 

Oğula nə gərək dədənin malı,

Əgər oğul olsa, əgər mərd olsa!

Atanın sərvəti hara çatacaq,

Oğul dədəsinə yaman dərd olsa?!

 

Atanın adını batıran oğul,

Atanın yurdunda qalmasa iyidir.

İgiddə igitlik, namus, ar gərək,

Namussuz oğullar olmasa iyidir!

 

Oğul niyə məndən himmət istərsən?

Torpaq əsirinin əlində nə var?

Hər aşiqin beş gün dövranı vardır,

Hər əsrin özünün bir Qorqudu var

 

Mən öz zəmanəmi yaxşı tanıdım,

Yaxşı yol göstərdim, yaxşı yol getdim.

Elimə ustad bir gəmiçi oldum,

Tufanlardan keçdim, sahilə yetdim.

 

Sən də öz əsrivi dərindən tanı,

Gəz – dolan zamanın Qorqudun axtar.

Raket dövranında, atom əsrində,

Əprimiş  Qorquddan sizə nə çıxar?

 

Hər zaman baş uca yaşamaq üçün,

O əsrin hünərin öyrənmək gərək.

Ataya güvənmək hunər deyildir,

Dünyada hünərə güvənmək gərək.

 

Get qoca Dədədən himmət diləmə,

Himmət verəcəkəsən, himmətin olsa!

Atavın çırağın yanar saxlarsan,

Şərəfin, hünərin, qeyrətin olsa!

 

Mənim də əlimdən bu gəlir ancaq,

Səni keçmişinlə eyləyəm tanış.

Baş uca yaşamaq istəsən əgər,

Bax gör babaların necə yaşarmış.

 

Mən bu dünyalarda gəzişən zaman,

Bilmirəm nə saat yuxum aparır.

Ya mənim könlümü röyalar alır,

Yada ki püzüsün yağı qurtarır.

 

Bir zaman ayıldım, açdım gözümü,

İşıq qaranlığı basıb boğurdu.

Gecənin şəlməsi qana batmışdı,

Səhər açılırdı, gunəş doğurdu.

 

Dədəmin əprimiş, tozlu kitabın,

Bir abidə kimi qucaqlamışdım.

Gecəmi səhərə çatdırmışdımsa,

Bir vəraxdan artıq oxumamışdım.

 

* * *

Üşüdüm ha üşüdüm,

Dağdan alma daşıdım,

Almacığı aldılar,

Mənə zülüm qıldılar.

Mən zülümdən bezaram...

 

(Xalq təkərləmələrindən)

 

Xoş illərin birində,

Günlərin bir günündə,

Tülü quşun sevgisi,

Bayındır xan göygüsü.

Qaracuğun qaplanı,

Meşələrin aslanı,

Xan Uruzun atası

Qalmış igid arxası,

Elin şanı-şövkəti,

Qanlı Oğuz dövləti,

Qonur atın yiyəsi,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info