Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Biri zəhər düzəltdi ” beyni”başı yandıran,

Üfunəti, qoxusu qara daşı yandıran.

Verib dedi: ʺNuş eylə, nəşə verən meydi bu,

Zəhər deyil, şərbətdən daha şirin şeydi bu.ʺ

Şirürəkli bildi ki, qatıb meyə ağını,

Alıb çəkdi başına şərbət deyə ağını.

Çimmək üçün qaynatdı nuşgiyanı əlüstü,

Tiryək kəsdi zəhəri, hər ziyanı əlüstü.

Pərvanətək yansa da yenə qanad açdı o,

Hər məclisə şam kimi öz nurunu saçdı o.

Gül bağından gül dərdi, yaman güldü düşmənə,

Zəhər deyil, qıydığı haman güldü düşmənə.

Qəniminə uzatdı qoxuduğu o gülü.

Püfləyərək bir əfsun oxuduğu o gülü.

Nifrətiylə yağıya o, yağıdan betərdi,

Gülündəki hər tikan o ağıdan betərdi.

Əfsunlu gül ruhunu sıxdı, sıxdı yağının,

Vahimədən, qorxudan canı çıxdı yağının.

Dərdə əlac tapan kəs gülən oldu həyatda,

Bircə güldən qorxan kəs ölən oldu həyatda.

Yer üzünün bağında bir gül hanı əzəldən,

Ləçəyinə hopmasın insan qanı əzəldən?!

Bu zəmanə bağının baharısan dünyada,

Qəm mülkünün sevimli nigarısan dünyada.

Ağzına qara daş bas ağız açan torpağın,

Dolduracaq ümmanı, söylə, haçan torpağın?!

Bu ümmanın qoynunda oldu gəmin puç daha,

Bu xarabat mülkündən, bu torpaqdan uç daha.

Nə Günəşi, nə Ayı hünərinlə say göydə,

Daldalansın kölgəndə Günəş göydə, Ay göydə.

Göy çadırda Ay göyün dilbəridir, dilbəri,

İbrahimin sevdiyi bir pəridir, bir pəri.

Gündüzünü gecəyə döndəribdi bu fələk,

Ülviyyətdən gör hara göndəribdi bu fələk.

Günəş qəlbin nur saçsın gündüzünə cahanda,

Həsrət qalma gecətək gün üzünə cahanda

Gözdən arzu gülabı çiləməyi unutma,

Qara gündə ağ günü diləməyi unutma

Halallıqla yaşayıb ucal gözdə dağ kimi

Son mənzildə tərəzi çəkər səni yağ kimi.

Məsləkinlə qolunda qüvvət duysan əyər sən,

Ədalət mizanını sanma tükcə əyərsən.

Heç bir hünər sahibi ” comərd insan dünyada

Məsləkini dünyaya satmaz, inan, dünyada.

Sənin kimi dünyaya salmaz meyil Nizami.

Sən uysan da dünyaya, uyan deyil Nizami.

 

ON ÜÇÜNCÜ SÖHBƏT

 

DÜNYANIN MƏŞƏQQƏ

 

Özü qoca, qəlbi dar dünyaya bax gəl, indi,

Boyasına aldanıb sanma təzə gəlindi.

Qocalıqda cavantək görünən bu insanın

Çələng deyil əlində, od”atəşdir, inanın!

Çeşməsinə aldanma, ilğım çağlar qoynunda,

Səcdəsinə əyilmə, xaçdı yanan boynunda.

Qəlbə tikan sancmamış gülmü taxar yaxana?

Gül qucunca, gül kimi qanın axar yaxana.

Yığdın dünya malını, bəli, dolu gedəsən,

Əlidolu gəlmişdin, əlidolu gedəsən?!

Varla köçən sanma ki, şər”xatadan qurtarıb,

Pul”parasız köçənlər hər xatadan qurtarıb.

Qazansan da, udsan da, çıxacaq var əlindən,

Nə veriblər, axırda alacaqlar əlindən.

Qiyamətə qoyarmı qalsın qisas bu dünya?

İstəyir ki, hamıdan alsın qisas bu dünya?

Baramanı qurduna toxutdurar həmişə,

Qarışqayla o qurda qan uddurar həmişə.

Cəfər kimi şam olsun sarı gülün qəlbinə,

Çıraq kimi nur saçsın barı gülün qəlbinə.

Yanma doqquz qapılı fələktək mis, qızılla,

Altı başlı büt kimi təmiz, xalis qızılla.

Kərəminlə tapdayıb əz qızılı kül kimi,

Zər eşqindən açılıb gülmə qızılgül kimi.

Bir qızıl ki, olmasın yaxşı adın üstündə,

Mərgmüşlə kükürddür yanan odun üstündə.

Zər aşiqin kim görüb ər kimidir həyatda?

Tavusun da quyruğu zər kimidir həyatda.

Od içindən dəmirlə zər götürən şah olar?

Dəmirçidir, şah deyil, nəsibi də ah olar.

Çox güvənən gördülər qızıl taca Qarunu,

Öz günahı batırdı torpağaca Qarunu,

Tac sevdası ” baş yükün, iztirabın, qəhərin,

Qızıl taxtın ” atındır, qızıl tacın ” yəhərin.

ʺCanım çıxsın, çıxmasın əldən qızılʺ deyirsən,

ʺYığım, yığım ölüncə eldən qızıl deyirsən.

Hərisliklə canını yaxar odu cahanın,

Səxavətlə canından çıxar odu cahanın.

Qızıl üstə qəlbini qanatmasan yaxşıdır,

Əzəl gündən qızıla can atmasan yaxşıdır.

Qızıl yığmaq yağ kimi yayar cana sarılıq,

Yesən onu meyvətək keçməz qana sarılıq.

Məşriq səpib əzəldən kainata qızılı,

Məğrib etsin dünyaya neçin əta qızılı?

Məşriq doğub səxavət günəşini dünyanın,

Məğrib boğub səxavət günəşini dünyanın.

Məşriq səhər borc verir çoxdur deyə altunu,

Məğrib axşam borc alır yoxdur deyə altunu.

Can mülkünün şahı da altun qucan olubdur,

Sonra qızıl quş kimi əldən uçan olubdur.

Dəməşq daşı məhəkdir qızılına Rum kimi,

Altun eşqi canını əritməsin mum kimi.

Alışsa da, yansa da, uyma qızıl pula sən,

Torpaq sovur üstünə, dönmə aciz qula sən.

Hansı başdan oğrutək papaq qapan olmayıb,

Kim bu sarı iblislə yoldan sapan olmayıb?

 

HACI VƏ SUFİ HEKAYƏ

 

Kəbə eşqi qəlbində aşıb”daşan hacının,

Zəvvar kimi hamıyla halallaşan hacının

Tanıyanlar, bilənlər xəbərdardı halından:

Bircə kisə qızılı vardı dünya malından.

Düşündü ki: bir sufi gözütoxdur əzəldən,

Onun dünya varında gözü yoxdur əzəldən.

İnanıram bir ona, dəyanəti var onun,

Əmanətə kim deyər xəyanəti var onun.

Durub getdi evinə, açdı dərdi sufiyə,

Qızıl dolu kisəni saxlanc verdi sufiyə.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info