Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Udu yaxıb”yandıran buxurdanın közüdür,

Yüklə ulaq inlədən palançının özüdür.

Əzəl gündən hər işin sənsiz düşüb yoluna,

Nə mərhəmət görmüsən, özün şahidsən buna.

Yazda gül dəryasında gültək üzən gəmi ol,

Demirəm tikan kimi sükutun həmdəmi ol!

Xəzan vaxtı yelkən aç, könül ümmanında sən,

Qorxu”təlaş kürəsi qalama canında sən.

Gendən baxan şir sanır, şir ürəyin hanı bəs?

Hər ürəyi olana igid, cəsur deyilməz.

Şirlərin, aslanların rəsmi çoxdur sarayda,

Camı yox ki, tərpədə yüz zopa da, haray da!

Fələklərə yüksəldər hünər, cəsarət səni,

Hünərsiz alçalarsan, tapar əsarət səni.

Taleyin günəşi ki, batmağa can”atandır,

Ürək azca qorxudan dərdə, qəmə batandır.

Yoxsa uca fələkdən niyə qorxub əsirsən?

Ölkələr fatehitək çünki ona əsirsən.

Fələktək mətanətli, ətalətdən uzaq ol,

Fələkdəsən, fələklə ədavətdən uzaq ol!

Yana”yana qızışar, alova dönər atəş,

Tezcə yandığı kimi tezcə də sönər atəş.

Şirin sulu bulaqtək coşub çağla həyatda,

Şirin suyun yerini nə verər kainatda?!

Gövhər kimi saf insan zərif olar cahanda,

İnsan nəyə gərəkdir təlaşı yoxsa canda?!

Külək zirək olmasa dolanarmı çəməni?

Qaf dağından ağırsan, ətalət basıb səni.

Tikan kimi güllərə uymağın daha bəsdir,

Bənövşətək hüsnünə boylanmağın əbəsdir.

Bu dünyanın sarayı güzgüdür başdan”başa,

Öz gözün öz hüsnünə hər an eylər tamaşa.

Öz əksinə vurulma, bil ki, nədir varlığın,

Qüdrətin güzgüsündə bir zərrədir varlığın.

Özünə aşiqliyin bəllidir əməlindən,

Göylər kimi sənin də güzgü düşmür əlindən.

Zərrəcə varlığının dada bilsən duzunu,

Bu şitlikdən qaçarsan bütün ömrün uzunu.

Sədaqətə arxalan, zülmü qoyma yaxına,

Kimsəyə bel bağlama, sığın haq dərgahına.

Yaxşılığı əyandır, qulluğunda qocal sən,

Ağ olsan da üzünə, etirafla ucal sən!

Bir xəcalət ahıdır aldığın hər bir nəfəs,

Mərhəmət sahibidir imdadına çatan kəs.

 

ÜMİDSİZ ŞAHIN GÜNAHININ BAĞIŞLANMASI

 

Röya aləmindəydi bir ədalətli padşah,

Gözlərinə göründü bir ədavətli padşah.

Dedi: ʺTanrı qənimdi necə, nəydi cəzası?

Haqsızlıq günlərinə gecə nəydi cəzası?ʺ

Zalım padşah danışdı: ʺGöz yumanda həyata.

Son dəfə göz dikəndə bu sonsuz kainata,

Ümid işığı gəzdim, söndü ümid məşəlim,

Hər ətəkdən yapışdım, üzüldü kömək əlim.

Halıma yanan kimdi, bir mərhəmət görmədim,

Heç kimdə insaf”mürvət, bir kəramət görmədim.

Söyüd kimi əsdirdi varlığımı bu halət,

Oldum ümidsizlikdən üzüqara, xəcalət.

Fəlakət girdabında boğulanda bu canım,

Bir tanrıya güvəndim, ona gəldi gümanım:

Ulu tanrı, yanında xəcalətəm mən sənin,

Günahını bağışla üzüqara bəndənin.

Hökmünə, fərmanına baxmamışam çox zaman,

Aman yoxdur kimsədən, özün aman ver, aman!

Ya cəza tonqalında yanmağa göndər məni,

Ya da mərhəmətinlə bəndəyə döndər məni

Hamıdan xəcalətli, kimsəsizcə bir kəsi

Bağışladı insaflı kimsəsizlər kimsəsi.

Mərhəmətə gətirdi yalvarışım, diləyim,

Zəlillik torpağında qoymadı ki, inləyimʺ.

Kimin ki, peşmanlıqdır hər nəfəsi, hər ünü.

Qiyamətdə darğadır qovğalı məhşər günü.

Ömür boyu aldığın hər bir nəfəs ki, vardır,

Əzabına ” tərəzi, həyatına ” dağardır.

Dağarı gəzdirməkdə, söylə, nədir qərəzin, ”

Ömrünün illərini ölçə bilsin tərəzin?!

Tərəzinin daşları, daş”qaşların olacaq?

Boş qalan dağarına göz yaşların dolacaq.

Həyat tərəzisini düz çəkməz yerin daşı,

Qoluna gil muncuğu taxan naşıdır, naşı!

Var”dövlətə qul olmaq bihudə bir həvəsdir,

Həyatının bəhrəsi bircə anlıq nəfəsdir.

Bu göylərin altında nəyin varsa bağışla,

Verdiyinin dalınca baxma küskün baxışla.

Bu dünyadan köçəndə o dünyanın qoynuna

Dağdan ağır günahın yük olmasın boynuna.

Yetimin göz yaşları ətəyinə axmasın,

Ağbirçəyin fəryadı səni oda yaxmasın.

Çürümüş köhnə fərşi gəl eylə ələk”vələk,

Gərdişini dəyişsin sinəsi dağlı fələk.

Ya kimsəsiz qəribtək intizarla köks ötür,

Ya da Nizami kimi bu dünyadan əl götür.

 

İKİNCİ SÖHBƏT

 

ƏDALƏTLİ VƏ İNSAFLI OLMAQ HAQQINDA ŞAHA NƏSİHƏT

 

Sən, ey canlı aləmə bəxtiyarlıq gətirən!

Gövhər taclı şahları şan”şöhrətə yetirən!

Şahsan, şah cəlalınla nurlar ələ gözə sən,

Gövhərsən, ülviyyətin öz tacını bəzə sən.

Dünyanın o başına yol gəzdilər havayı,

Bu sirri bilən yoxdur məndən, səndən savayı.

Əzəliyyət nuruyla gülən gündən bu varlıq

Kimə nəsib səndəki səadət, bəxtiyarlıq?!

Dünyanın əşrəfisən, dünya mülkü sənindir,

Dünyanın hər neməti, varı, bil ki, sənindir.

Yenilməz pəhləvansan, dünya sənlə öyünər,

Açıq qəlbin köksündə iftixarla döyünər.

Fələyin dövranından öz dövranın mətin ki, ”

İki dünya qüdrətdə sənə çatar çətin ki,

Səhər niyə silibdir güzgüsünü görəsən?!

İstəyir aynasında öz üzünü görəsən!

Müqəddəs mehrabındır fələk durub keşikdə.

Səni öz körpəsitək yürgələyir beşikdə.

Sənsən könül quşu da, İsanın nəfəsi də,

Bəşərin öz hüsnü də, eşqi də, həvəsi də.

Camalını görüb ki, belə şadlanır günəş,

Eşqinin atəşiylə yanıb odlanır, günəş.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info