Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Dedi: ʺSaxla, çıxmasa bu can, gəlib çıxaram,

Qaytararsan yenə də haçan gəlib çıxaramʺ

Hacı yola düzəldi, nəsibi qan”tər oldu,

Zər aşiqi bu şeyxə girov qalan zər oldu:

Yarəb, mən nə uzağa, nə yaxına sığındım,

Yoxsulluqda həmişə dərgahına sığındım.

Kərəminlə ucaltdın gör ki, məni hara sən,

Bir yoxsulu yetirdin istədiyi vara sən.

Tez xərcləyim, yeyim ki, yüzü alar əlimdən,

Tanrı özü versə də özü alar əlimdən.

Açan kimi kisəni, aman, necə şelləndi,

Kef”damağı cağ oldu, neçə gecə şelləndi.

Haman müftə qızılla tezcə harın oldu şeyx.

Gödənini doldurub xaşalqarın oldu şeyx.

ʺƏritdiyiʺ qızıllar qursağını yağladı,

İpək telli sənəmlər qurşağını bağladı.

Axır cini hürkütdü əbasının yırtığı,

Dönüb oldu elində sırtıqların sırtığı.

ʺŞikarınıʺ hülüdüb ac”yalavac qaldı o,

Çırağına tökməyə yağa möhtac qaldı o.

Gəlib çıxdı axır ki, ziyarətdən bu hacı,

Xəbərsizdi qızıldan, o qarətdən bu hacı

ʺƏmanəti özümə qaytarʺ deyib ” dindi o.

Şeyx dedi ki: batıbdır, yoxsa çıxıb indi o?

İnad etmə, dilimə haçan yalan gəlibdir,

Haçan viran bir kəndə xərac alan gəlibdir?

Mənimtək arif hara, sən atdığın şər hara?

Hava gəlib başına? Müflis hara, zər hara?

Türkü soymaq mümkünmü? Türk soyubdur hamını.

Hindu paltar güdəndir? Lüt qoyubdur hamını.

Can evimdə qızılın dirəyimi sındırıb.

Dirək nədir, belimi, kürəyimi sındırıb.

Dözdü belə qarətə yazıq hacı gülüşlə,

Göz yaşını sel kimi tökdü acı gülüşlə.

Comərdliyin varsa da, bil ki niyə peşmanam.

Müsəlmanam, etdiyim kafirliyə peşmanam.

Dünya xata doğmağa yaranıbdır əzəldən,

Xatakarı boğmağa yaranıbdır əzəldən.

Comərdliyi hökm etdi: yandırmasın zər səni,

Qoy yumşaltsın o şeyxin üzündəki tər səni.

Tanrı özü vermişdi, özü aldı qızılı,

Səxavəti, mərdliyi gözdən saldı qızılı.

Öz”özünü danladı: niyə zalım olum mən?

O, yoxsulun biridir, nəyi var ki, alım mən?

Bir çöpü də yox onun, nəyə çatır gümanı?

Girovunu verməyə imanadır gümanı

Əmanətdən qalıb ki, o, qıya qaytarmağa

Nəmənəsi qalıbdır hacıya qaytarmağa.

Dedi: ” Qəddin sınmasın günah yükündən sənin,

Haram pullar halalın olsun bu gündən sənin.

Fələk kimi dolanıb özün qazan neməti,

Əldən qapıb ətəyə yığma asan neməti.

Hərisliklə vurmayan ürək varmı dünyada?

Etibarlı bir insan görək, varmı dünyada?

Din”imanın qızıldır, onu şeytana qıyma,

Xaqanın qolbağını itsaxlayana qıyma.

Başdan”başa günahdır inləməyi yoxsulun,

Aldığını verməyə yox heç nəyi yoxsulun.

Dünyanın hər eybinə qəh”qəh çəkib gül gündə,

Məslək eşqi yaşatsın səni könül mülkündə.

Sığın könül mülkünə, öz yerini bilən ol,

Hünərinlə dünyanın hər eybinə gülən ol.

Bu dünyanın darğası ancaq varı taladır,

Yoxsullara toxunmaz varlıları taladır.

Nə veribdir kasıba göz qoydursun bu fələk?

İstər”varlı karvanı tez soydursun bu fələk.

Düşündürməz əzəldən öz əhvalı arını,

Şirin candan eyləyər şirin balı arını.

Şirin deyil, acıdır deyə əti aslanın,

Bir vəhşi də ətini yeməz qəti aslanın,

Ucalsa da, alçalıb günəş göydə sönəndir,

Bədirlənib axırda Ay hilala dönəndir.

Yalquzaqtək gəzməyi yerə xoşdur küləyin,

Arxayındır boş gedir, əli boşdur küləyin.

Öz pulları göstərər ayna sudan balığı.

Bircə anda ovlayar balıqudan balığı.

Arzu, istək tərəzin qızıl çəkən olmasın,

Müqəddəssən, qəlbində çalış ləkən olmasın.

İstəyinin yolunda saf çeşmətək çağla sən,

Nizamitək könlünü ülviyyətə bağla sən.

 

ON DÖRDÜNCÜ SÖHBƏT

 

HAQSIZLIQ VƏ DOĞRULUQ

 

Ey öküzə, ulağa harınlıqda tay olan!

Ömrü, günü qəflətdə, gecə”gündüz zay olan!

Batıb”çıxan Günəşin gərdişindən xəbərsiz!

Bu lacivərd göylərin hər işindən xəbərsiz!

Müdriklər əməliylə şöhrətidir aləmin,

Nadanlar qəflətiylə möhnətidir aləmin.

Hünər, qeyrət dəmidir, yatma əbəs həyatda,

Ülviyyətə çatmağa göstər həvəs həyatda.

Niyə kefli yatırsan? Qəsdindədir bu fələk,

Aqillərtək ayıq ol, bil ki, nədir bu fələk.

Yatanlara yaxşı bax, bu qəfləti tərk elə.

Gör ki, hara gedirsən, axırını dərk elə.

Ağlın huşsuz qocadır, anmaz səni heç zaman.

Kimliyini bildirsən, danmaz səni heç zaman.

Kamalına görədir şan”şöhrətin dünyada,

Onsuz adın, hünərin olar çətin dünyada.

Öz ağlındır İsatək möcüzəni yaradan,

Ulaq görmək istəməz, bil ki, səni yaradan.

Ya ağlınla ucalıb al Günəşə qovuş sən,

Ya da uca dərgahın qapısından sovuş sən.

Yol göstərən ağılı məst eləmək yaramaz,

Sərçə üçün tərlana qəsd eləmək yaramaz.

Halaldır demişdilər hər məqamda, bu meyə,

Sonra haram etdilər ağla düşməndir deyə.

Çox da dünya qəmini pərən salan şərabdır,

Ağa, içmə, ağlını əldən alan şərabdır.

Çaxır duztək ciyərdə yanan odu söndürər,

Əyyaşların bağrında, inan, odu söndürər.

İçmə, huşyar eyləməz o içdiyin mey səni.

Yaddan çıxar varlığın, şərab eylər key səni.

Sərxoşluğa uyan kəs ələm çəkər ömürlük,

Aqilliyin üstünə qələm çəkər ömürlük.

Xülyaların gözləri qoy milinlə kor olsun,

Meyxanənin meyiylə qoyma ciyər qor olsun.

ʺƏlifʺ kimi öyünmə düzdür deyə qamətin,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info