Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Cəza hökmü dəyişdi, səhra da xoşhal oldu.

Bir mütribə döndü qum, nəsibi xalxal oldu

Ünsiyyəti hansı kəs arayıbdır yaxşıda,

Məqamında işinə yarayıbdır yaxşı da.

Yaxşı insan qalmayıb, şər şərə yaraşıbdır,

Dünya bal süfrəsidir, arılar daraşıbdır.

Dövrə bax ki, alçalıb zülmdən, şərdən bəşər,

Azğınlığın əlindən qaçır bəşərdən bəşər.

İnsanda nə ləyaqət, nə mərdlik qalıb indi.

İnsandan insanlığı namərdlik alıb indi.

Çoxdan yoxa çıxıbdı ədalətli Süleyman,

Haqsızlıqdan görünməz pəriyə dönüb insan.

Kimə ki, insan kimi dərdimi açmışam mən,

Namərdliyi ucundan üzündən qaçmışam mən.

Kimsənin kölgəsində səadət görməmişəm,

Əhdə dönük insanda sədaqət görməmişəm.

Hikmət dəni səpdim ki, vəfa dəni cücərsin.

Hamı alqış oxuyub, bir gün barını dərsin.

Toxumu şuma səpib becərər əkinçilər,

Vaxt gələr əkdiyindən bar dərər əkinçilər...

 

SÜLEYMAN VƏ QOCA ƏKİNÇİ

 

Günlərin bir günündə seyrə çıxdı elindən,

Söndü sübhün çırağı Süleymanın yelindən.

Ölkəsi boyda taxtı ” küləyi uçdu onun,

Həşəmətli taxtını bir səhra qucdu onun.

Qoca əkinçi gördü ” həmdəmi biyabandı.

Süleymanın ürəyi onun halına yandı:

Bircə ovuc dəni də kəsib yoxsul daxmadan,

Səpib kərəm mülkünə ehtiyaca baxmadan.

Yoxdu dən səpmədiyi bircə qarış yer belə,

Sünbüllər oynadıqca qarışırdı tel”telə.

Əkinçi bəbəyitək bəsləyirdi hər dəni,

Süleyman quşlarını səsləyirdi hər dəni.

Süleyman söylədi ki: ʺTamahlanma, ay qoca,

Nemətini, ruzini gəl eyləmə zay, qoca.

Tor”cələ qurmamısan, dən səpirsən quşlara,

Quş dilində danışma, bələdəm mən quşlara.

Belin yox, quru əllə yer təpməyə gəlmisən?

Suyun yox, kəndli kimi dən səpməyə gəlmisən?

Əkin”səpin üstündə suyumuz boldu bizim.

Qismətimiz gül əkib, vay dərmək oldu bizim.

İsti dəni qovurur alovlanan tarlada,

Məhsul ələ gələrmi susuz yanan tarlada?

Qoca dedi: ʺİncimə, qoy deyim sözümü mən,

Nə suya, nə torpağa dikmişəm gözümü mən.

Halal zəhmət itməyib, əlləşmək deyil eyib.

Tanrı: ʺsəndən hərəkət, məndən bərəkətʺ deyib.

Kürəyimin təridir ” mənim suyum, selim də,

Bu dəmir dırnağımdır xış əvəzi belim də.

Şah deyiləm, məmləkət dərdi çəkib yaxılım.

Ömrü boyu şadam ki, vardır dənim, taxılım.

Bolluğun müjdəsini bu göylərdən alıram,

Hər dənin sünbülündən yeddi yüz dən alıram.

Şeytan ilə şərikli əkməsən əyər dəni,

Dən dolu sünbüllərin torpağa əyər dəni.ʺ

Səpdiyin əla toxum yaralı dən olanda,

Hər dən yırtar köynəyi sünbülə dən dolanda.

Qüdrətin nəzərində hansı canlı kiçilib?

Hər canlının libası öz əyninə biçilib.

Hər bir eşşək İsanın eşşəyinə taydımı?

Hər başa kölgə salan bəxt quşu humaydımı?

Kərgədan fil boynunu gəmirərək qoparar,

Qarışqa çəyirtgənin ayağını aparar.

Yüz nəhrin suyuyla da dərya haman dəryadı.

Bircə selin suyundan qopar çayın fəryadı.

Quran gündən lacivərd qübbəsini bu göylər.

Əməlinlə bəxş edib rütbəsini bu göylər.

Xoşbəxt odur dözümə ləyaqəti var onun.

Ağır yükə qatlaşmaq dəyanəti var onun.

Naz çəkmədən saralıb solan azdı dünyada.

Qarnı sir dağarcığı olan azdı dünyada.

Çox uzatma mətləbi yanıb”yanıb Nizami.

Naz çəkməyə dünyada tək yaranıb Nizami.

 

DÖRDÜNCÜ SÖHBƏT

 

HÖKMDARIN XALQA QAYĞISI VƏ ƏDALƏ

 

Ey mərdlik qalxanını atıb diz çökən insan!

Qəflət divi azğınlıq yoluna çəkən insan!

Güvənirsən şahlığa, şahlıq, gəldi”gedərdi.

Güvənirsən həyata həyatın da hədərdi.

Eyş”işrətlə vurursan öz ömrünü sona sən,

Fələk qatıb başını, oyuncaqsan ona sən.

Quranı, qılıncını bir kənara atmısan,

Əlində cam, sürahi nəşəylə baş qatmısan.

Nə güzgün, nə darağın bir an əldən düşəndir,

Gözəl”göyçək qadıntək sığallanmaq peşəndir.

Rabiyə olmasaydı xilaskarı, köməyi,

Susuzluq təşnə düzdə öldürərdi köpəyi.

İgidsənsə, kişilik adından utan barı,

Ərsiz hünər göstərən qadından utan barı.

Qul olmusan iblisə, qəlbə girən şeytana,

Əl atırsan fitnəyə, iftiraya, böhtana.

Öyünmə ki, igidsən, hər gözə iti oxsan,

Bədbəxtin birisən ki, bir qadınca da yoxsan.

Ağıl”kamal bəsləməz igidliyə ədavət.

Hünər də, igidlik də ədalətdir, ədalət.

Hamı sirab, sən təşnə, təşnə halla öyünmə,

Öz üzündə olmayan gözəl xalla öyünmə.

Sən ki fələk deyilsən, cəza hökmü yazırsan,

Cəza hökmü yazmaqla hər cəzaya hazırsan.

Ədalətin ucaltsın qoy nəslinin adını,

El gözündən salmasın özünü, övladını.

Haqsızlığa uyaraq günaha batmaq nədir?

Qan töküb, zalım olub, abrını atmaq nədir?

Bundan əzəl öyündün, qılıncını şaxıtdın,

Neçə igid öldürüb, nahaq qanlar axıtdın.

El gücü ” sel gücüdür, hər an çəkin bu seldən,

Yataqda da can alar qisas oxu qəfildən.

Xalqa divan tutanı divan gözlər hər yanda,

Məzlumların fəryadı qorxuludur cahanda.

Hindli ərlər vermədi canlarını sadağa,

Saldı Sultan Mahmudun sağ canını yatağa.

Xalq intiqam fikrindən çox çətin ki, daşına,

Nə müsibət gətirər, qisas sənin başına.

Məslək əri həmdəmdi mələklərin özüylə,

Yumurtaya can verər tısbağa öz gözüylə.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info