Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Bu torpağın qəlbində xəzinələr gizlədib.

Bu torpağı əzizlə, eylə ona şükür sən,

Xor baxma bu torpağa, əzəldən naşükürsən.

Sığındığın məkanın yolu, mülkü hardadır?

Gələn ” qalmaz, gedəcək, yerin, bil ki, hardadır.

Niyə məskən seçmisən yer üzünü, söylə sən,

Niyə köçüb gedirsən, bir düzünü söylə sən?!

İxtiyarı dünyanın yoxdu səndə əzəllər,

Hələ sakin deyildin viran kəndə əzəllər,

Dövlət quşu humay da, bir mələk də özündün,

Havalanan, millənən bu fələkdə özündün.

Ülvi eşqin qanadı kömək oldu fələkdə,

Əbədiyyət uçuşun demək oldu fələkdə.

Uçub, uçub yoruldun, qanad gərdin yer üstə,

Kölgə salıb cahana, qanad sərdin yer üstə.

Bir gün darlıq eyləsə nəfəsinə bu dünya,

Uç günəşə, dönməsin qəfəsinə bu dünya.

Yalqızlıq çox çətindir, bu dərdi sezməlisən,

Tənhalığın əlindən axır ki, bezməlisən.

Ürəyini təlaşdan qanatmaqdır niyyətin,

Öz əslinə dönməyə can atmaqdır niyyətin.

Comərdliyin dünyada zəlilliyin, xarlığın,

Əzəli də, sonu da varlığındır ” varlığın.

Övladının qatili bu anadan uzaqlaş,

Eşit atan deyəni, ülviyyətlə qucaqlaş.

Mərd atanı sal yada, əgər ki, mərd kişisən,

Çıxma onun yolundan, sən ki, comərd kişisən.

Bu dünyadan gözləmə əbəs yerə səadət.

Beşcə gündə nəsibmi heç bəşərə səadət?

Bircə anda asudə nəfəs varmı həyatda?

Səadətə bir güman, həvəs varmı həyatda?

Qəmlənərək bir düşün vəfasını dünyanın,

Hansı könül duyubdur səfasını dünyanın?

ʺŞadlanʺ deyən fələyin deyil nəsib şadlığı.

Ondan şadlıq ummayaq, bizdən kəsib şadlığı.

Əzab”zillət içində inləməyə gəlmişik.

Sanma şadlıq sədası dinləməyə gəlmişik,

Sevdasına demə ki, uymamışıq dünyanın.

Puçluğunu əzəldən duymamışıq dünyanın.

Gələn gündən qızarıb bənzəmisən meyə sən.

Getməyini ilk gündən anlamısan deyəsən?

Görən neçin yarandıq belə ömrü gödək biz?

İxtiyarsız gələrək ixtiyarsız gedək biz.

Fənalığa, yoxluğa zərrə yoxdur şübhəmiz,

Heçə dönən varlığa çoxdan çoxdur şübhəmiz.

Tez uçma ki, bilinməz heç gəlməyin cahana,

Tez getmə ki, bilinsin gec gəlməyin cahana.

Gethagedi gözlərik, ömrümüz kəmdir bizim,

Sikkəmizdən düzələn yeni dirhəmdir bizim.

Yoğurarlar yenidən külə dönən varlığı,

Döndərərlər əslinə gilə dönən varlığı.

Bu günündən utanıb qızarmırsan belə sən.

Xəcalətin sonradır, onu düşün hələ sən.

Möhnət yükü ağırdır, bundan halı qəlbimiz,

Hər möhnətə qatlaşar bu yaralı qəlbimiz.

Məslək eşqi çıxarar bu vadidən bir yana,

Çalış ki, məsləkinlə çıxasan sən bir yana.

Yolun gedər”gəlməzdir, köhlənini çap indi,

Mətanətlə, inamla o dərgahı tap indi.

Əməllərin aynadır, varlığına bax onda.

İzzətinə, şanına, xarlığına bax onda.

Günahına peşman ol, hər cəzadan uzaq ol.

Əməlinlə, səyinlə hər qəzadan uzaq ol.

 

TÖVBƏSİNİ SINDIRAN ZAHİDİN HEKAYƏ

 

İbadəti, tövbəni tamam atdı birisi,

Meyxanələr küncündə gedib yatdı, birisi.

Meyə döndü göz yaşı şərab içdiyi zaman:

ʺKimdən aman istəyim, deyin kimdədir aman?

Həvəs quşu qəlbimi çaldı tamah gücünə.

Təsbeh dənəm dən oldu, ” aldı tamah gücünə,

Talanmışam yolunda, mənim olub Kəbə də,

Xarabata köçəli qənim olub Kəbə də,

Taleyim üz döndərib, günüm qara haçandır!

Qələndərəm, olmuşam bir avara haçandır!

Həya məndən yaşınır, dönüb zaya əməlim,

Xarabatı döndərib xarabaya əməlim.

Gözdən düşdüm, bu gündən dünya mənə dar olsun

Bədnamlığım əbədi yer üzünə car olsun.

Bədbəxt olub qəzadan, səadəti boşladım,

Xarabatı xoşladım, ibadəti boşladımʺ.

Himmətlilər lütfünü ona əyan eylədi,

Pərdədən cavabını belə bəyan eylədi:

ʺBədbəxtliyin baisi sanma hədər qəzanı,

Ha qınasın sənintək min dərbədər qəzanı.

Günahından keçənin dərgahını ara sən,

Gör dərdini deməyə sığınmısan hara sən,

Özün getsən, utanıb qızarmazsan pul kimi,

Yoxsa zorla gedərsən qolu bağlı, qul kimi.

Yaşıl şəkər qamışı olsun sənə fələklər,

Bu torpağın otuyla dolandın, bəsdir, yetər.

Gedənəcən yuxuya qov gözündən yuxunu,

Yoxluğa sovqat üçün hazırla var”yoxunu.

Qan çanağı görməyək birinin də gözünü,

Yuxu yumar ölütək dirinin də gözünü.

Səni dinin, məsləkin şirin yuxuda gördü.

Üz çevirib, gizlənib, niqab altına girdiʺ.

Can hakimi atlanıb, qalx ayağa Nizami!

Dönmə gecə yarısı bir dustağa, Nizami!

 

ONUNCU SÖHBƏT

 

DÜNYANIN AXIRI

 

Ey fələk! Dolanmağın yetməzmi, yavaşı sən.

Ey yer! Qurtar bu zülmü, bu cövrü, savaşı sən.

Hər gecənin gündüzə dönməyi var əzəldən,

Ucalmağın, bəllidir, enməyi var əzəldən.

Zəlzələnin dəhşəti ərzə qorxu salanda,

Yerin dərin qatına lərzə, qorxu salanda,

Sərsəmlikdən torpağın coşar kini qəzəbdən,

Parçalayar fələyin zəncirini qəzəbdən

Sərsəri yel bağrını didib, sökər torpağın,

Zəncirini əliylə qırıb tökər torpağın.

Yer kimləsə çəkişib, hoqqa açan olacaq,

Bu fələyin belindən toqqa açan olacaq.

Axşam”səhər müşk”ənbər səpməyəcək o zaman,

Göy ” çövkanı, yer ” topu öpməyəcək o zaman.

Qapısını yer döyər, taqqıldadar fələyin,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info