Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Səhərin şəfqətilə can üstündə ayıldım,

Yar hüsnünü görəndə mən yenidən bayıldım.

Kim yüksələ bilibsə göyün səyyar taxtına,

Nurlu səhərdən parlaq gün doğubdur baxtına.

Gündüzün utandırar gecələri, ey könül!

Yanında xəcalətdi neçələri, ey könül!

O gecənin vəsfini tərənnümdən doymadım,

Sübhəcən qələmimi əldən yerə qoymadım.

Nurlu gecə tənhalıq aləminin özüdür,

Şamları ” düşüncənin şölə saçan gözüdür.

Yanan udu, gülabı anlamayan naşıdır,

Onlar dərdli aşiqin ahıdır, göz yaşıdır.

Vəsf etdiyim gözəllik, büsat, işrət ki vardı,

O vüsal gecəsinə nur səpən arzulardı.

Qara zənci gecəni kim döndərib gərdəyə?

Məhrəm olan varmıdır bu qubarlı pərdəyə?

Sübhü pərvanə kimi yaxar şamı günəşin,

Sönməz şam olduğunu görür hamı günəşin.

Səhər kimi bu şamdan köksündə dağın olsun.

Nizamitək sənin də sönməz çırağın olsun.

 

BİRİNCİ SÖHBƏT

 

ADƏMİN XİLQƏ

 

Nə ʺaşiqʺ, nə də ʺməşuqʺ kəlməsi vardı hələ,

Nə varlığın varlığa gəlməsi vardı hələ.

Yoxluğa bəxtiyarlıq işığı saçdı Adəm,

Varlığın qapısını üzünə açdı Adəm.

Ondan əvvəl pəriydi, əcinnəydi həyatda,

Bəşərin ilk atası özüdür kainatda.

Xilafət bayrağını uca tutdu dağ kimi,

Endi də, yüksəldi də tutduğu bayraq kimi.

Pakdı ki, dərs alıbdı yerdə mələklər ondan,

Torpaqdan yaranıb ki, şərəfləndi yer ondan.

Cövhəri tutqunsa da, gövhər kimi safdı o,

Zərdi, məhək daşıdı, zərgərdi, sərrafdı o,

Göyün çilçırağından işıqlıdı kamalı,

Bəşərin varlığına bir aynadı camalı.

Can bütünün qoluna qolbağı taxdı əli,

Yeddi fələk ” kənizi, bilərzikli gözəli.

İki cövhər qarışdı, bir saf cövhər alındı,

Laylası yerin, göyün beşiyində çalındı.

Xələt verdi bəşərə, buna şahid fələklər,

Elə bir darğadı ki, saqisidi mələklər.

Xilqətin cəlalıdı, növrağıdı varlığı,

Qüdrətin ülviyyəti, sorağıdı varlığı.

Qırxgünlük, qığıltılı çağa olan zamandan.

Qırx yaşlı müdrik qoca ” Kamal dərs aldı ondan.

Qənirsiz gözəlliyi eşqi erkən oyatdı,

Gül şaxıtək cənnətin gül bağında boy atdı.

Günəş nurlu bir gözün oldu nurlu çırağı,

Bir şeyda bülbüldü ki, məskəni ” cənnət bağı.

Uçub qondu dəninə fələklərin quşları,

Səcdəsindən nə qədər ləngidi uçuşları.

Səxavəti ucundan mənimsədi bir dəni,

Atdı gözəl cənnəti, dünya oldu məskəni.

Tora saldı özünü bir dənin ucbatından,

Minnətdarlıq üzrü də tez çıxartdı yadından.

ʺAlqışÊº sözü o gündən həmdəm, yardır aləmə,

Səcdəsinə əyilmək iftixardır aləmə.

Bütün gözlər eylədi bu səcdəyə tamaşa,

Bir dönüyün səcdəsi yanlışdı başdan”başa.

Güllər səpdi üstünə cənnətin səkkiz bağı,

Hamıya qızılgüldü, İblisə bir göz dağı.

Ey bəşər! Şadlanmadı, büsat qurmadı sənsiz,

Qəlbi İrəm bağında bir an vurmadı sənsiz.

Nə izdivac, nə nəsil sözü vardı cənnətdə.

Taleyimiz hakimdi ürəyinə, beyninə,

Bir buğda bir arpaca gəlmədi heç eyninə!..

Buğdanın həsrətindən od tutub yandı bağrı,

Qəlbini, buğda kimi yarı böldü bu ağrı.

Buğdatək nə anası, nə də atası oldu,

Torpaqdaca bəslənib tez boy atası oldu.

Bəsləyib böyüdəni bu yerdi, bu torpaqdı,

Una dönən buğdatək həmişə üzü, ağdı,

Saman kimi sarıydı, qaraldı dərisi də,

Çillikdən ay üzünün xal”xaldı dərisi də.

Arpa, buğda sayağı sığındı Yer qoynuna,

Həqiqəti gizlədi, günah düşdü boynuna.

Cansız buğda nəydi ki, elə alçaldı Adəm,

Buğdanın sinəsitək lüt”üryan qaldı Adəm.

Şeytan vəsvəsəliydi, xaindi, yaramazdı,

Ürəyinə girməsə, buğda da aramazdı.

Dişbatmaz, qupquruca, daş kimi bir buğdanı

Tamahlanıb yeyəndə ağıl, düşüncə hanı?

O zamandan ki, bəşər buğda dəni yeyəndir,

Buğda açıb ağzını: ʺYeyim səniʺ deyəndir.

Ey ömrünün kələfi dolaşan çaşqın bəşər,

Bircə buğdadan ötrü insan da tora düşər?!

Arpa cadı yeməkdən heç zaman bezikmə sən,

Adəm tamah saldığı buğdaya göz dikmə sən!

Könülün qasidisən, iblisə müti olma,

Əmirin aslanısan, qapılar iti olma.

Haçan ki, Adəm kimi tövbən bilinər sənin.

Çirkinlik ləkələrin tamam silinər sənin.

ʺGünahkaramʺ deyənin nə qorxusu, nə dərdi?!

Etirafı Adəmi peyğəmbərə döndərdi.

Bir dən onu tamaha çəkən oldu, nəhayət,

Bu yerin tarlasını əkən oldu, nəhayət,

Bir dənə şirnikdi ki, peşman qoydu əməli,

Hərislikdən özünü tora saldı öz əli.

Həyat verdi həyatsız, növraqsız yer üzünə,

Sərəndibdə şahanə çadır qurdu özünə.

Günahkar, üzüqara gəlib çatdı bu yurda,

Bədnamlıq ləkəsini yuyub atdı bu yurda.

Paltarını boyadı fələyin lil küpündə,

Hindistanda yas tutdu, gözü yaşlıydı gündə.

Fələyin lilini ki, yudu harda göz yaşı,

Gəndalaşlar bitirdi dərhal orda göz yaşı.

Ay kimi gözəlləşdi qənirsiz Çin gözəli,

Gizlədi öz saçını öz tacında öz əli

Tövbənin riqqətilə qəlbi vurdu o vaxtdan,

Yer üzündə səltənət taxtı qurdu o vaxtdan.

Ədalət tarlasını vəfa xışı xışladı,

Bərəkətli torpağı bəşərə bağışladı.

Hər naz”nemət vermişdi cənnətin xəznədarı,

Atdı altı qapılı hücrəsinə o varı.

Hər nemət onunkudur, yemək”içmək sənindir,

Tarla onun, dən onun, yalnız biçmək sənindir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info