Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Telinin həsrətindən canı üzülər ayın,

Görsə nurlu üzünü çöhrəsi gülər ayın

Bəxtiyarsan hamıdan, ömrün boyu şad yaşa,

Qul deyilsən dünyaya, qüssədən azad yaşa,

Yumşaqlığın torpaqtək qoy hamıya xoş olsun,

Müqəddəslik özü də bir şahlıqdır dünyada.

Məslək, inam, dəyanət gərək hər bir insana,

Sədaqəti töhfətək verək hər bir insana.

Məslək eşqiylə yanan qəlb ki vardır həyatda,

Dünyanın o başından xəbərdardır həyatda.

Məslək ilə sənindir ölkə də, bu cahan da,

Bəxtiyarsan onunla bəlkə də bu cahanda.

Dünyanı məslək ilə almaq asandır, asan,

Azğın divin məkrinə gərək aldanmayasan.

Kəhrəbaca məsləki kimin deyildir bəsi?

Bircə batman qızıldır inamın hər zərrəsi.

Sərvətin qara torpaq, bir qara daşdı sənə.

Məsləkin həm qızıldı, həm də qaş”daşdı sənə.

Sənə nemət verən kəs hər qayğına qalandı,

Bir verib on alarmı, on verib bir alandı.

Məsləkindən savayı, bil ki, yoxdu qazancın,

Əgər varsa məsləkin, demək çoxdu qazancın.

Dözümü, yumşaqlığı, təmkini yerdən öyrən,

Hər şeydən vaz keçməyi əsən yellərdən öyrən.

Şahlıq verən buyurub: tut bu məslək yolunu;

Ədalət sahibləri tutdu məslək yolunu.

Məsləhətə möhtacdır ədalət hər bir zaman,

Xalqa zülmün amansız cəzasından dad, aman.

Can yandırsan orduna, məmləkətə, yurduna,

Arxalana bilərsən öz xalqına, orduna.

Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,

Ədalət səadətlə abad eylər ölkəni.

Qiyamətin cəzası gözlər hökmranları,

Unutma haqsızlıqla axıtdığın qanları.

Xəcalətdən haraya qoyarsan başını sən?

Xalqı çıxart ağ günə, at zülmün daşını sən.

Ağlını eyş”işrətdə məst eləyib yatırsan,

Öz qurtuluş gəmini fırtınada batırsan,

Gücünlə gücsüzləri talayıb, çapıb, soysan,

Zülmünlə yetimləri çörəyə möhtac qoysan,

Kim çatar qiyamətdə dadına, fəryadına?

Çıxılmaz, xəcalətli gününü sal yadına.

Kafirliyə uyma ki, düz gətirsin hər işin,

Atəşpərəst üz tutar səcdəsinə günəşin.

Bu günəş bir sarı top, zırnıq oyuncağıdır,

Qoynu illət açılmış bir qadın qucağıdır.

Doqquz mıxlı çadırın həngaməsi, oyunu

Zırnıqlı gəlinciyin hoqqasıdır, bil bunu.

İsatək bu çırağı söndür öz nəfəsinlə.

Onsuz yanan çıraqsan eşqinlə, həvəsinlə.

Qanadını yandırma bu şama pərvanətək,

Həsrət qoyar arzuya, hər kama pərvanətək!

Dördüncü asimanı İsatək yarsan özün,

Günəşə yüksələrək günəş olarsan özün.

Bu dünyanın nəbzini kim tutsa İsa kimi

İnsafı, mürvətiylə olar dünya hakimi.

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!

Ədalətin ” müjdəçi, bu dünyanı şad eylər,

Ədalətin işidir, ” ölkəni abad eylər.

Məmləkətin dayağı ədalətdir hər zaman,

Ədalətlə nəsibin səadətdir hər zaman.

 

NUŞİRƏVANLA VƏZİRİ VƏ BAYQUŞLARIN SÖHBƏ

 

Nuşirəvan qoşunla çıxmışdır bir gün ova,

Ayrıldı dəstəsindən atla ov qova”qova.

Şahın yaxın həmdəmi artıq yalnız vəzirdi,

Hər ikisi at çapıb, ovlaqda ov gəzirdi.

Çatdı düşmən qəlbitək viranə bir yurda şah.

Tapardı axtardığı hər şikarı burda şah.

İki bayquş səs”səsə verərək ulayırdı,

Qəlbləri şah qəlbitək nəsə ʺarzulayırdıʺ.

Şah soruşdu vəzirdən: ʺNə danışır bu quşlar?

Bir”birinə nə deyir, nə söyləyir bayquşlar?ʺ

Vəzir cavab verdi ki: ʺZamana şahsan özün.

Hər hikmətdən, hər sirdən çoxdan agahsan özün.

Səsləri nə müsibət, fəlakət salmır yada?

Nigah”kəbin, cer”cehiz söhbəti var arada.

Bu quş onun oğluna ərə verir qızını,

İndi başlıq istəyir işə salıb ağzını:

ʺBu xaraba kənd nədir, bir qıza azdır,ʺ deyir,

ʺKəbin haqqıʺ bir neçə xaraba yazdırʺ, deyir.

Elçi gələn quş deyir: ʺŞərikəm hər sözünə,

Şahın zülmkarlığı bəllidir yer üzünə.

Qanlar tökən görürəm şahı gündə yenə mən.

Yüz min belə xaraba kənd verərəm sənə mən.ʺ

Bu sözlər atəş kimi yandırdı, yaxdı şahı,

Elə fəğan qopardı göylərə qalxdı ahı.

Ağladı, ikiəlli qapaz saldı başına,

Nahaq qanlar zalımı qərq edər göz yaşına.

Zülmünü yada salıb, dişlədi barmağını:

Quşlar da eşidibdir zülmünün sorağını.

Var üçün insan nəsli bu obadan silindi.

Toyuq qaqqıldayırdı, bayquş ulayır indi.

Dünyaya uymuşam ki, qəflətdəyəm hələ mən.

Peşman”peşman başıma gərək döyəm hələ mən.

El varını soymuşam, xalqa divan tutmuşam,

Ölməyi, son mənzili büsbütün unutmuşam.

Talan, qarət dalınca haçanacan qaçım mən,

Əməlimlə, başıma”olmaz oyun açım mən?

Şahlığı, məmləkəti tanrı verib baxtıma.

El nifrət yağdırmasın qoy tacıma, taxtıma.

Mis deyil, qızıl sikkə nəsib olub adıma.

Bu qədər haqsızlıqla haq çatarmı dadıma?!

Zülmkartək tanınım eldə, obada niyə?

Ömrü zülmkarlıqla verim mən bada, niyə?

İndən”belə qəlbimdə mərhəmət olsun gərək,

Tanrıya, ya özümə bir hörmət olsun gərək.

Haqsızlığın həddini lap aşmışam daha mən,

El gözündə dönəcəm ən, yaramaz şaha mən.

Yanmalıyam, yanmalı, gör kimə yanır qəlbim?!

Qiyamətdə yanacaq qəlbimə yanır qəlbim.

Qılıncımla elləri biçməyim bəsdir daha,

Alçalıb, insan qanı içməyim bəsdir daha.

Talançıyam, fəxr edib öyəcəyəm özümü?

Qiyamətdə sorsalar, döyəcəyəm gözümü.

Xəcalətəm, mümkünmü daha şadlana qəlbim?

Daşqəlbliyəm, mümkünmü dönməsin qana qəlbim?

Qaxıncam, nalə, fəryad qopardığım budur, bu!



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info