Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

O gözəl cavanlığın qəflətdə keçdi, heyhat!

Başına vura”vura yansan da gecdi, heyhat!

Yusif kimi cavanlar çıxdı yoxa dünyada,

Həsrətindən çoxları cırdı yaxa dünyada.

Cavanlığın qədrini bilərsən qocalanda,

İtən ömrə göz yaşı çilərsən qocalanda.

Cavan ağac hər bağın gözəlidir, gözəli,

Qocaldımı, sındırar onu bağbanın əli.

Cavanlıq od”alovdur, gözəlliyin tacıdır.

Cavanlıq çox şirindir, qocalıq çox acıdır.

Tər budağın üstündə təzə açan gül olar.

Quru odun ocaqda yana”yana kül olar.

Ənbər saçan şəvədir hər bir başın qarası,

Saf qızıla məhəkdir, bil ki, daşın qarası.

Gəncliyi vurdun başa, qəflətdən oyan indi,

Al günəşi oyatmaz yuxudan doyan indi

Şam kimi ərimisən, gücün yox aha sənin,

Müşk ətirli saçına qar yağıb daha sənin.

Havalar soyuyanda qısılar otlar yerə;

Ağappaq qar ələyər qara buludlar yerə.

Fələk ” boyaq küpüdür, sanma boyası azdır,

İsa bir boyaqçıdır, Günəş də ki, rəngsazdır.

Buludlar ” paltaryuyan, Ay ” gümüşü ləyəndir,

Gecənin saçlarına məhtab nur ələyəndir.

Yuyub nur çeşməsində öz pasını asiman,

İsaya boyadıbdır libasını asiman

Zərrə qədər boyası rəngi varmı havanın?

Tutqunluğu könüllər oxşayarmı havanın?

Gündüz kimi ağappaq, gecə kimi qapqara,

Ağ rumlu, qara zənci olmaq hara, sən hara?

Ağlığı, qaralığı iftixarla daşısan,

Rumlu təki zalımsan, zənci təki naşısan.

İki rəngli olması hədəf elər pələngi,

Ovçunun sərrast oxu beldən dələr pələngi.

Hüsnün bağlar gəlini ağaclartək tamaşa.

Gah palaza girirsən, gah da əlvan qumaşa.

Təzadlı aləminə, söylə, nəzər salırsan?

Yayda cübbə geyirsən, qışda üryan qalırsan.

Şir, pələng ovla yaşar, libasıdır dərisi,

Tapdığıyla dolanan olmaz tamah hərisi.

Varsa suyun çörəyin yoxluqdan qəmə batma,

Əlini çömçə təki hər kasaya uzatma.

Çörək də söndürməsə hərisliyin odunu,

İç içməli”sulardan, döşür yemlik otunu.

Minnətli çörək ilə kef”damaqmı yaxşıdır?

İsanın eşşəyitək otlamaqmı yaxşıdır?

Göylər altında olan bu torpaqda od, külək

Aparmamış üzlərin suyunu vermir çörək.

Quduz nəfsi yaraşmaz, ey əxi ” qardaş, sənə

Haram süfrə başında haramdı bardaş sənə

İnsan dünya evində bir məhbusa dönməsə,

Ülviyyət ocağının odu, közü sönməsə,

Yusiftək yazıq bəşər qurda yeyilərmidi?

Pişiyə şir ürəkli aslan deyilərmidi?

Bir ovuc arpa üçün nə əyil nə daş daşı.

Könül dəyirmanı s ki, varnda qoy yeməsin daş daşı.

Su kimi, yavanlığın su olsun savab olsun.

Od kimi, yanan qəlbin özünə kabab olsun.

Torpaq ye, çörəyini xəsisin yemə ancaq.

Torpaq olma, varlığın əzilib tapdanacaq.

Qana qəltan etsə də səni zəhmət tikanı.

Çalışmaqdan usanma, işə alışdır canı

Öz halal zəhmətinlə namuslu insan sayıl,

Hər yetənə alçalma, əl açıb olma sail.

 

KƏRPİCKƏSƏN QOCANIN BİR CAVANLA HEKAYƏ

 

Deyirlər Şam tərəfdə bir qoca kişi vardı,

Pəri kimi xalq ilə onun nə işi vardı

Əyninin köynəyini ot”ələfdən hörərdi,

Kərpic kəsib bir təhər dolanar, gün görərdi.

Qılınclı ərlərin ki, düşərdi qalxanları,

Məzarına kərpicdən döşərdi ʺqalxanlarıʺ

Kəfənsizin kəfəni, duvağıydı kərpici,

Günahkarın ağzının suvağıydı kərpici.

Bir gün yenə işiylə başını qatdı qoca,

Əldən”dildən düşərək qan”tərə batdı qoca.

Birdən”birə göründü gözə bir cavan oğlan,

Başladı məzəmmətlə sözə bir cavan oğlan:

ʺBu düşkünlük, zəlillik səncə, hara yaraşar?

Palçıq”saman yoğurmaq muzdurlara yaraşar.

Torpağın qalxanını qılıncınla sökmə sən,

Bir qarın çörək üçün öz abrını tökmə sən.

Bu kərpic qəlibini yandırıb külə döndər,

Ömrün xəzan bağını əlinlə gülə döndər.

Daş kimi kəltənlərə bel vurmaqdan nə çıxar?

Bəlimli palçıqları yoğurmaqdan nə çıxar?

Qocasan, qocaların yerişini yeri sən,

Yorularsan, cavanın yerişini yerisən.ʺ

Qoca dedi: ʺNadanlıq havası var başında,

Ağsaqqala gülürsən belə cavan yaşında.

Qocalar kərpic kəsər, halallıqla yaşayar,

Kölələr, əsir qullar ağır yüklər daşıyar.

Qarşında boyun büküb əl açmayım deyə mən,

Əzəldən əl atmışam belə bir peşəyə mən.

Nə xəzinə yığanam, nə də tirmə geyənəm,

Öz halal zəhmətimin çörəyini yeyənəm.

Halalca nemətimə naşükür olma mənim,

Nemətə xor baxana nemət qənimdir, qənim.ʺ

Qocaya tənə vuran peşmanladı sözündən,

Gözdən itən zamanda yaş axıtdı gözündən.

Dünya görmüş insandı, qoca belə qocaydı,

Namuslu zəhmətiylə el gözündə ucaydı.

Unut dünya evini sən burada, Nizami!

Məslək eşqi yetirər hər murada, Nizami!

 

ALTINCI SÖHBƏT

 

VARLIĞIN QÜDRƏ

 

Bu sehirli pərdədə möcüzə göstərən var,

Sehrkar qüdrətilə ecazkardır, ecazkar.

Qəlbinin gözlərilə seyrə dal bu pərdəni

Gördüyün hər möcüzə hər an sehrlər səni.

Qubarlı pərdədəki quldurlar gəlməz saya,

Keşikçidir fələyə, talançıdır dünyaya.

Köləlik ziyasıdır gözlərinin gövhəri,

Könülün köləsidir onlar əzəldən bəri.

Ətalətdən uzaqdır gərdişi kainatın.

Varlığa həvalədir hər işi kainatın.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info