Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Xarabatın yolundan varmı məyər yaxşı yol?

Xarabata üz qaysam, hamı deyər: ʺYaxşı yol.ʺ

Müdrikliyin qüdrəti görk elədi özünü,

Yaradanı tanıdı, dərk elədi özünü.

Vaqif oldu sirlərə, şübhələri sovuşdu,

Ülvi eşqin yolunda öz əslinə qovuşdu

Ey müsəlman, öyünmə, atəşpərəst deyilsən,

Bir günəşin eşqindən zərrəcə məst deyilsən.

Kaş ki, hindli möbidtək dərk edəsən dünyanı.

Bu dünyaya uymadan tərk edəsən dünyanı.

Nə vaxtadək gül kimi başda yaşar qürurun?

Beldə kəmər, başda tac, başdan aşar qürurun?

Öz əlinlə belindən aç kəməri gül kimi,

Dünya bələr qanına tac kəməri gül kimi.

Tacla kəmər canını salar lova cahanda, ”

Xarabatın eşqinə ver girova cahan da.

Tacın varsa gül kimi, hələlikdir, hələlik!

Belə kəmər vurmağın köləlikdir köləlik!

Ağalıqdan, qulluqdan çalış azad yaşa sən,

Nizamitək ülviyyət mülkündə şad yaşa sən.

 

ON İKİNCİ SÖHBƏT

 

DÜNYA İLƏ VİDALAŞMAQ

 

Qalx ayağa, cahanla vidalaşıb köç daha,

Fitnə”fəsad yurdunda qala bilməz köç daha,

Köçməlisən yurdundan daha gözəl yurda sən,

At hücrəni, bir qapı aç üzünə burda sən.

Qəlbin ahla, gözlərin yaşla dolar bu yolda,

Könül aşın, göz yaşın sirdaş olar bu yolda.

Gözlərinin yaşını bu torpağa çiləsən,

Könül şahı comərddir, verər nəyi diləsən.

Dəvə kimi oynasan, yollar qucar köçəndə,

Tapdaq olsan fillərə, kollar qucar köçəndə.

Zərrə qədər halına hanı yanan dünyada?

Ülviyyətə qovuşar canı yanan dünyada.

Köçüb könül oxşayan arif kəslər haçandır,

Yalqızlıqdan ülviyyət səni səslər haçandır.

Xislətinlə çox da ki, çox zərifsən həyatda,

Yoxsa könül həmdəmin ” tək, qəribsən həyatda.

Döndər qara torpaqda şəffaf suya qəlbini,

Bağla ülvi qayəyə, saf arzuya qəlbini.

Fənalığa uğrayıb talanınca varlığın,

Ayrılığın oduna qalanınca varlığın,

Qədəmini sidq ilə atmalısan mənzilə,

Atıb ağır yükünü çatmalısan mənzilə.

Dünya evi hədərdir, könül də bir məskənin,

Ucal uca göylərə, könüldədir məskənin.

Yuva sanma özünə can sıxan dar qəfəsi,

Ülvi eşqin yolunda parçala, yar qəfəsi.

Bu cızıqdan çıxmağa imkan hanı ʺmimʺ kimi,

Nicat verən deyildir, parçal tilsim kimi.

Şan”şan edən oxuyla yaralanma fələyin,

Sən özünü köləsi, qulu sanma fələyin.

Gündüz ilə gecənin gərdişindən uzaqlaş,

Öz əzəlki köləlik vərdişindən uzaqlaş.

Ehtiyatı unutma qədəm atsan haraya.

Qurtuluşa yol ara gedib çatsan haraya

Əməlinin qəlbini sıxmağını bir düşün.

Girməmişdən bir yerə çıxmağını bir düşün.

Atma xətər qoynuna görən gözlə özünü,

Yolundakı quyudan gözdə, gözlə özünü.

Seldə qalan bu qəsri çalış yara biləsən,

Fəlakətin əlindən can qurtara biləsən.

Zirək tülkü itlərdən daim qorxub qaçsa da,

Yuvasından çıxmağa iki deşik açsa da.

Qurtarmayıb ölümündən kələk onu yuvada,

Tüstüsüylə boğubdur fələk onu yuvada.

Uydun keyfə, şadlığa qəflətdə sən əzəldən.

Varlığını unutdun, qəflətdəsən əzəldən.

Əzəl günün hökmüdür bu darısqal dünyada:

Candan bezib gedənə deməz ki: ʺqal dünyada.ʺ

Yaradanın hökmünə əyməsən də boynunu,

Əyməlisən hamıtək bir gün sən də boynunu.

Yalnız qəlbin gözüylə seçməlisən bu yolu,

İki dünya yoludur, keçməlisən bu yolu.

Göydən yerə baxmadan, sürətli ol bu yolda.

Dönüb dala baxmadan, cürətli ol bu yolda.

Məslək eşqin ” sovqatın, yaşa ülvi aləmdə,

Göz yaşların çeşmətək daşa ülvi aləmdə.

Can ləkəsiz gövhərdir, sədəfinə at onu,

Gil varlığı neylərsən, hədəfinə at onu.

Çox öldürüb sənintək munis kəsi bu fələk,

Səndən qolu güclünü, yenilməzi bu fələk.

Var gücünlə qolunu burmalısan düşmənin,

Kürəyini tez yerə vurmalısan düşmənin.

Onun elə hünəri, fəndi hanı qorxulu?

Nə qılıncı qorxulu, nə qalxanı qorxulu.

İlan deyil, ilantək qıvrılandır kəndiri,

Ülvi eşqin gücüylə qırılandır kəndiri.

Düşünmə ki, mümkünmü sındıra can şüşəni.

Bircə odlu ahınla sındırarsan şüşəni.

Comərd insan canında zər odunu söndürüb,

Şirin dillə düşmənin hər odunu söndürüb.

Öyün bilik çeşməsi nur saçan könüllə sən,

Günəş kimi, düşməni öldür nurla, güllə sən.

 

İKİ RƏQİB ALİMİN HEKAYƏ

 

İki alim yaşardı hikmət evi dünyada,

Höccət başdan aşardı hikmət evi dünyada.

Hər biri ʺmənʺ, ʺmənʺ dedi, ʺsənʺ, ʺsənʺ deyən olmadı,

Bu mənzilin sahibi ʺsənsənʺ deyən olmadı.

İki deyil yaradan, tanrı təkdir dünyada.

Bir baş varkən, ikinci nə gərəkdir dünyada?

İki Cəmşid bir yerdə dövran sürə bilərmi?

İki qılınc bir qına, söylə, girə bilərmi?

Bir”birinə qənimtək kələk qurdu alimlər,

ʺHikmət evi mənimdirʺ deyib durdu alimlər.

Hikmət evi çevrildi kin”ədavət evinə,

Biri köçsün, ev dönsün bir ədalət evinə.

Canla, başla girişdi iki yağı köçməyə.

Hazırlaşdı hər biri toran çağı köçməyə.

Dedilər ki, bu evdən köçsək daha yaxşıdır,

İki şərbət düzəldib içsək daha yaxşıdır.

Bir görək ki, kim kimə yağıdan da betərdir,

Görək kimin şərbəti ağıdan da betərdir.

İki hikmət mülkündə qala bilək hünərlə,

Bir bədənə iki can ala bilək hünərlə.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info