Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Sənin kimi şikarı tazısız qoymaz fələkʺ.

Ovçu belə deyəndə hər yan toza büründü,

Toz tazının dalınca pərdə kimi süründü.

Ora”bura şütüdü o şikarın hərisi,

Şir dişiylə tülkünün parçalandı dərisi.

Dedi ki, pusqudayam, gərək qəsdə girəm mən,

Tülkü yaxşı bilir ki, şikar vaxtı şirəm mən.

İtməyimdən səbrinin kasası doldu sənin,

Tülkünü parçaladan inamın oldu sənin.

Mütiliyim boynuma xalta salıb əzəldən,

Vəfam ixtiyarımı əldən alıb əzəldən.

Kimin ki ixtiyarı sədaqətə bağlıdır,

Taleyinin axırı səadətə bağlıdır.

Məslək yolu ülviyyət yoludur kainatın,

Yüksəliş, təmiz niyyət yoludur kainatın.

Şərəfə yüksələrsən hökmün, qətiyyətinlə,

Daşın dönər qızıla müqəddəs niyyətinlə.

Əzminlə, inamınla, dolanarsan hər yanı,

Atəşdən su alarsan, qurudarsan dəryanı.

Kimə ki, inamıyla bəxti yardır dünyada,

Tanrının nemətilə bəxtiyardır dünyada.

Cibintək, mığmığatək qan sormağa can atma,

Tamahın neştəriylə ürəyini qanatma.

Qapına gələn nemət qismətindir, yeyərsən,

Ruzi verən kimsəyə min”min alqış deyərsən.

Kimdə varsa comərdlik, yollan onun üstə sən.

Ruzini, nemətini yalnız ondan istə sən.

Comərdin qapısını kim ki, kəsib cahanda,

Ona dünya neməti olub nəsib cahanda.

Həqiqət carçıları bağlı qapı açandır,

Bizim kimi qul deyil, tağlı qapı açandır.

Xarabat guşəsində keçir ibadətləri,

Saf şərabı bal kimi içməkdir adətləri.

Vəfasız ömrə görə dərdə, qəmə batma sən,

Yüz ilin sərvətini yığmağa can atma sən.

Sanma başdan”binadan dərd yolunu kəsibdi,

Hər qismətin, nemətin əzəl gündən nəsibdi.

Hər canlıya nəsibdi qüdrətin naz”neməti,

Qismətinə sevinən ucuz tutmaz neməti.

İnsan oğlu əlləşib darınıbdır həmişə,

Hamı öz qismətindən barınıbdır həmişə.

Məslək yolu seçənlər tamaha baş əyərmi?

Dövlətin artsın deyə əlləşməyə dəyərmi?

Çarpışmağı bacarsan havadarın tapılar.

Üzünə açıq olar bütün bağlı qapılar.

Nizaminin eşq odu sanma külə dönəndi,

Qüdrətin al Günəşi sönsə, o da sönəndi.

 

YEDDİNCİ SÖHBƏT

 

İNSANIN ÜLVİYYƏ

 

Sən, ey yerdə fələyi heyrətdə qoyan insan,

Yer də, göy də nazınla daim oynayan insan.

Ülviyyət aləmindən xəbərdarsan deyə sən,

Qüdrətinlə şərəfsən, şansan yerə, göyə sən.

Qüdrətin pərvərişi dayən olub əzəldən,

Süd deyil, şəkər yemək qayən olub əzəldən,

Hədsiz nəcibliyinlə əşrəfisən dünyanın,

Əzəldən xeyirxahlıq bütüsən gen dünyanın.

Ecazkardır qüdrətin ucu iti qələmi,

Yaradıb”sənin kimi gözəl bütü qələmi,

Can damarı bağlayıb ciyərinin telinə,

Can gövhəri parlayan kəmər vurub belinə.

Aləmdir incəliyin, dünya sənin heyranın.

Çatmaz arıq ahuya əsla kökü ceyranın.

Yer üzündə vəhşilər ramdır zoruna sənin,

Quş kimi yemləyirsən, düşüb toruna sənin.

Dövlət quşu humaysan, qayən səadət olsun.

Az yemək, az danışmaq, nəciblik adət olsun.

İşığı, qaranlığı, xeyri, şəri aləmin,

Bil ki, əbəs deyildir, ey bəşəri aləmin!

Uğursuz adlansa da əfsanələrdə bayquş,

Xəzinə bülbülüdür viranələrdə bayquş

Bu dünyanın hikməti çatmaz sona əzəldən,

Hər canlının şirindir canı ona əzəldən.

Üstünlükdə varlığın birincidir dünyada.

Hər canlı da sənintək bir incidir dünyada.

Qan bahası istəyən çoxdur deyə can alma,

Can verməyə qüdrətin yoxdur deyə can alma.

Dünyanın xeyri, şəri səni güdür həmişə,

Əməlini göstərən bir güzgüdür həmişə.

Başmağını cütləsən o, başına tac qoyar,

Pərdə yırtsan, ay kimi pərdəyə möhtac qoyar.

Səhərtək pərdə yırtma, ” qanlar udan olasan.

Gecə kimi hər sirrə pərdə tutan olasan.

Arının pərdəsidir qızılgülün ətəyi,

Hər sirrinin pərdəsi ” arıların pətəyi.

Dünya”üstə cumduğun bal daman şandı sənə,

Hörümçəyin toruna düşməyin şandı sənə?

Əl vardır ki, əl qoyan yox əlinin üstünə,

Pərdə çəkər sirrinin, əməlinin üstünə

Can atırsan açasan bu pərdənin sirrini,

Yırtdığın pərdə açar, bil ki sənin sirrini.

Pərdəsiz bir könülü alqışlama heç zaman,

Pərdəsiz bir havanı sən xoşlama heç zaman.

Möcüzəni göstərən bu sehirli pərdədə

Ağlını heyran qoyur hər bir sirli pərdə də.

Bu pərdədən savayı, gəl, heç hava çalma sən,

Bu pərdədən kənarda xaric hava çalma sən.

Hər xalından, gəl, şadlan bu əsrarlı pərdənin.

Ahəngiylə qanadlan bu əsrarlı pərdənin.

Ruhunun aynasından qoy pak olsun varlığın,

Qırx günün zillətindən gülsün bəxtiyarlığın.

İnsan oğlu qazanar zindanda da şan”şərəf,

Köləlik zəncirini zillətsiz atmaq olmaz.

İztirabsız, əzabsız şərfə çatmaq olmaz.

Təbiət gümüşünü əridərək əzabla,

Qızıla döndərəsən onu gərək əzabla,

Əzaba qatlaşmaqla hər niyyətə çatarsan,

Zəlillikdən qurtarıb ülviyyətə çatarsan.

Hünərin bədöy atı ram olar inadına,

Sədaqət sikkəsini vurdurarsan adına.

Vərdişinlə, ağlınla sən gözüsən dünyanın,

Dəmirçisi, əttarı sən özünsən dünyanın:

Üzünün dərisini oddan qopan görərsən,

Nəfəsinə ənbərdən ətir hopan görərsən.

Varlığın yuvasından uçmalısan, uçmalı,

Ülviyyət səmasını qucmalısan, qucmalı.

Hər ömrün öz köçü var, karvanı var əzəldən,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info