Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Qılınc çəkib yerimə məzlum kəsin üstünə,

Hər səhər qarğış oxu tökülməsin üstünə.

Dünya özü zalımdır, zülm eləyir varlığa,

Ədalət hakimliyi qalıb hökmdarlığa.

Kim ki zülmün evini bərbad edib indidən,

Öz sabahkı evini abad edib indidən.

 

QARI VƏ SULTAN SƏNCƏR DASTANI

 

Haqsızlığın odunda bir qarı yandı oda.

Səncərin ətəyindən yapışdı bir gün o da:

ʺZülm əlindən qalmışam mən zarıya”zarıya,

Zülmün divan tutdurur bir köməksiz qarıya.

Kefli”kefli qapımın ağzını kəsdi darğan,

Təpiklədi doyunca, o ki var, əzdi darğan.

Bir günahım olmadan çölə atdı daxmadan,

Sürüklədi saçımdan fəryadıma baxmadan.

Mən zülmün zindanında qansız gördüm yağını,

Ürəyimə, canıma basdı zülmün dağını.

Dedi: ʺEy qozbel qarı, söylə, filan gecədə

Filankəsi öldürən kimdi sizin küçədə?ʺ

Evimi çox axtardı, ” qatil hardadır, ” deyə,

Bu müsibət, həqarət sığarmı yerə, göyə?

Darğan sərxoşluq edir, el”obada qan olur,

Bir günahsız qarıya dözülməz divan olur.

Əyyaşlıqla soyurlar el varını darğalar.

Divana da çəkirlər bir qarını darğalar.

Bu zülmə, haqsızlığa dözmək çətindir, çətin,

Mənim abrım tapdanır, səninsə ədalətin.

Bu yaralı sinəmdə əzilməmiş yer hanı?

Ruhum uçub bədəndən, tapşırıram bu canı

Sən dadıma çatmasan, şah demərəm adına,

Qiyamətin günündə çatmasınlar dadına.

ʺDad, amanʺ, deyə”deyə qalan görüm səni mən,

Zülmünün cəzasını alan görüm səni mən.

Hər elin hökmdarı el dərdinə qalandı,

Zülmün hara çatıb ki, var”yoxumuz talandı.

Yetimlərin malını talamaqdır işin də,

Abxazları soymusan, şirə qalıb dişində.

Qarıların nəyi var, quldurluqdan sən utan!

Utan, utan, onların ağ birçəyindən utan!

ʺŞahamʺ deyib öyünmə, sən ki qulsan tamaha.

Viran qoydun elləri, şah olmaz səndən daha.

Şah elin hər işini nizama salsın gərək,

Həmişə öz xalqının qeydinə qalsın gərək.

Hökmünə, fərmanına baş əyər hamı onda,

Sevib, sonsuz məhəbbət bəsləyər hamı onda.

Aləmi alt”üst edib, talamısan elləri,

Xalqa xeyrin dəyibmi şah olan gündən bəri?

Şan”şöhrəti dünyaya sığışmazdı türklərin,

Ölkəsi ədalətlə güllü yazdı türklərin.

Zalımlığın bəllidir, işin”peşən talandır.

Sən ki hindli quldursan, türk olmağın yalandır.

Zavallı əkinçinin xırmanı dənsiz qaldı,

Şəhərli ev”eşiksiz, yurdsuz, məskənsiz qaldı.

Ölüm gələr, qorxudan saralarsan, solarsan.

Əllərini qaldırıb sən də təslim olarsan.

Ədalətin ” gecənə nur saçan aydı sənin.

Bu günün ” sabahına haydı”haraydı sənin.

Xoş sözündən sevinsin ağbirçəkli qadın da,

Ağbirçəyin sözünü yaxşı saxla yadında:

ʺZavallı məzlumların var”yoxunu talama.

Dərdlilərin oxunu öz sinənə qalama.

Künc”bucaqda qalana sən bu qədər atma ox.

Yoxsulların ahından, qarğışından çəkin, qorx!

Səadət qapısını açmağa yaranmısan,

Sanma sitəm dalınca qaçmağa yaramısan

Hökmdar olmusan ki, yetişəsən haraya.

Daim məlhəm qoyasan hər sızlayan yaraya,

Məzlumlar güvənirlər şöhrətinə, adına.

Sən də yetiş onların köməyinə, dadına.

Nəfəs dərən sailin nəfəsini dinlə sən,

Dünyadan bezənləri süzmə gendən kinlə sən.

Qoy səltənət mülkündə əsməsin qara yellər,

Qoy kəramət tacını başında görsün ellərʺ,

Xorasanda Səncərin zülmü elə car oldu,

Eşitmədi bunları, bəlaya düçar oldu.

İnsan indi taparmı, arasa ədaləti?

Zümrüd quşu aparıb harasa ədaləti.

Haqsızlıq arsız göyü heyran qoyubdur indi,

Torpaq zülmün əlindən cana doyubdur indi

Nizami, etirazın həddini aşdı yenə,

Qana dönmüş qəlbində qan seli daşdı yenə.

 

BEŞİNCİ SÖHBƏT

 

BƏŞƏRİN DÜŞGÜNLÜYÜ VƏ KEŞMƏKEŞLİ HƏYATI

 

Gənclik ” nurlu şəhərdi, qocalıq ” qərib axşam,

Biri parlaq günəşdi, biri öləziyən şam.

Uymusan səhərlər də şirin”şirin yatmağa,

Ömrünün al günəşi üz qoyubdu batmağa.

Dünyanın sevdasını, gəzdirmə başında sən,

Cavanlıqdan əl götür ixtiyar yaşında sən.

Gözəllərin eşqindən yaralısan, yaralı,

Sevdalı aşiqlikdən aralısan, aralı.

Ağlı heyrət bürüyüb, fikrin alt”üstdü daha,

Əlin qabar”qabardı, ayağın süstdü daha.

Başına nazbalışdır öz qucağı torpağın,

Rahatlıq guşəsidir hər bucağı torpağın.

Dünya gözəl olsa da, bitməz narahatlığı.

Hər əzaba son qoyar əbədi rahatlığı.

Hüsnün aylı çeşməydi, o çeşmə donub indi,

Lalətək yanağına sarılıq qonub indi

Tərazlıtək gözəldin, saçın həbəş saçıydı,

Hüsnün türkə, ərəbə bir elin xəracıydı.

Rüzgarın öz saçı da gündüz ” ağ, gecə ” qara,

İbrət dərsi öyrədir ilk gündən cavanlara:

Unutma səndən əzəl çoxdu dünyada gənclər,

Qocalmağı salmazdı heç zaman yada gənclər.

O gülləri soldurdu xəzanın hər afəti,

Qocalığa bənd imiş gəncliyin təravəti.

Cavanlığın eybini izləmək də eyibdir,

Qocalığın eybini gizləmək də eyibdir.

Cəmşidtək səadətlə keçsə dövranın sənin,

Ağ saçını görəndə qaralar qanın sənin.

Əcəlin müjdəsidir ağ saçımız, telimiz, ”

Ölümə baş əyməkdən bükülübdür belimiz.

Gənclikdən, gözəllikdən ömrümüz binəsibdir,

Mənə nəsib olmayan görən kimə nəsibdir?



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info