Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Xəzinətək torpağın altındadır məskənin.

Civətək qaynasa da daim yağı beyninin.

Sincab rəngli fındıqla var donmağı beyninin.

Fındıq kimi darısqal, dar məzarı dərk elə.

Sincab rəngli fındığa uyma, onu tərk elə.

Gecə”gündüz nə sincab, nə qunduzdur əzəldən,

Dələ, pələng, əjdaha, bir quduzdur əzəldən.

Ovunla pişik kimi kələklə oynama sən.

Dünyanın dələsiylə ” fələklə oynama sən.

Selik töküb əsriyir şir bulağın başında,

Maraltək qalar başın bir bulağın başında,

Ədasıyla, nazıyla su göstərir bu fələk,

Göstərdiyi ilğımdır, qıymaz sənə su fələk

Demə ki, susuzluğa tabı hanı bağrının.

Təşnəliyi söndürər duzlu qanı bağrının.

Fələk suya qıyınca, parçalayar şir kimi,

Yanaraq təşnəliyi söndür təbaşir kimi.

Quyuya düşməmişdən nicat vardı Yusifə,

Çünki Misrin tanrısı havadardı Yusifə.

Rəngi”ruyu sapsarı yaranmısan ilk gündən,

Zindana düşdüyünü sən qanmısan ilk gündən.

Sən sarılıq çəkməsən saralmaz ki, bənizin,

Üzünü turşutsan da qaralmaz ki, bənizin.

Yüz ilin yağı, piyi bir kəsi sağaldarmı?

Bu mərəzi on ilin sirkəsi sağaldarmı?

Göyün yeddi süfrəsi ac öldürdü atanı,

Tanı yeddi çörəklə çörəyə qan qatanı.

Öz səadət mülkündə od qalamaq istəsən,

Öz ülviyyət tacını tapdalamaq istəsən,

Səyirt zülmün atını, daha meydan sənindir,

Bütün varlıq köləndir, hər cür fərman sənindir.

Beşcə gün yaşasan da ələ cam al dünyada,

Yaxşı yeyib, yaxşı yat, ancaq kam al dünyada.

Nəş ələrə dalmağın sanma səfa deməkdir,

Özbaşına olmağın, bil ki, cəfa deməkdir

Bel büküldü, qaç görüm, ” ayağında kündə sən,

Yanarsan, qovrularsan öz yağında gündə sən.

Mətbəx talaşasısan, bunu çətin danarsan,

Cəhənnəmin odunda ələf kimi yanarsan.

Qarnını doldurmağın hamballıq olar sənə,

Yüngüllüyün ağırlıq, sanballıq olar sənə.

Əgər çox yaşasaydı çox yeyənlər cahanda,

Çox yemişlər yaşardı, ölüm olmazdı onda.

Demə gəldi”gedərdi, nədir qiyməti ömrün,

Azlığına görədir qədir”qiyməti ömrün.

Az yeyib, çox dincəlmək məziyyətdir insana,

Çox yemək narahatlıq, əziyyətdir insana.

Yeməklə bir sevdası, alveri varmı ağlın?

Tamaha aldanmağa, gör, bir yeri varmı ağlın?

Tamahın duza getsə, belə duzdan uzaqlaş.

Zirəkləri aldadan dələduzdan uzaqlaş.

Tamahı cilovlayan kamalıdır bəşərin,

Öz nəfsini öldürmək amalıdır bəşərin.

Hərisliyə uymağın qorxuludur, qorxulu!

Ondan nəşə duymağın qorxuludur, qorxulu!

Xeyirlə şər izləyir hər bəşəri əzəldən.

Xeyir xeyri tapandır, şər də şəri əzəldən.

 

OĞRU VƏ TÜLKÜ HEKAYƏ

 

Yəməndə meyvəsatan kişi vardı deyirlər,

Meyvəsini bir tülkü qoruyardı deyirlər.

Ayıq”sayıq nəzərlə süzüb dörd yanı tülkü.

Qoruyardı, güdərdi hər gün dükanı tülkü.

Bir oğru hər kələyə əl atmağa başladı,

Hiyləsiylə tülkünü aldatmağa başladı.

Fürsət gəzdi, vurnuxdu, gözü dörddü oğrunun,

Yalandan gözlərini yuxu örtdü oğrunun.

Yatmış sanıb hiyləgər həris gözlü qurdu o,

Başını quyruğuna qısıb, mürgü vurdu o.

Tülkünü yatmış görüb, gözünü açdı oğru.

Kisədəki pulları götürüb qaçdı, oğru...

Kim ki qəflət yolunda xoş yuxuya dalandır,

Başı əldən gedəndir, papağı boş qalandır

Ayıl, uyma qəflətdə yatmağa sən, Nizami!

Çalış qəflət daşını atmağa sən, Nizami!

 

DOQQUZUNCU SÖHBƏT

 

MÜDRİKLİK VƏ ALİCƏNABLIQ

 

Ey vüsal gecəsindən qəlbə eşqi xal salan!

Ey sübhün bayrağından tez ucalıb, alçalan!

Kölgə kimi sürünmə, qəlbinə dağ yaraşar?

Qalx ayağa, bayrağa dalğalanmaq yaraşar.

Səfər əzmi qəlbindən haçan keçər şahların,

Özü yola düşməmiş yükü köçər şahların.

Əgər şahsan, yubanma, sən başla səfərinə,

Hazırlaş cah”calalla, can”başla səfərinə,

Özün hələ köçməmiş büsatını yola sal,

Sabahkı azuqəni, sursatını yola sal.

Şanı şirin balıyla niyə dolub arının?

Çünki gözü uzağı görən olub arının.

Əlləşər, çəkməz əsla ruzi qəmi qarışqa,

Sabahına bu gündən yığar yemi qarışqa.

Qafilliyə kor kimi etməsə meyil insan,

Arıdan, qarışqadan heç əskik deyil insan.

Bu dünyadan kamını almalısan, almalı,

Yayda qışın qeydinə qalmalısan, qalmalı.

Səndən, məndən savayı hanı məslək yolçusu?

Zər”zivərlə süsləməz canı məslək yolçusu.

Son gününü düşünən görməzsən bir kimsəni.

Bir nəfəsə bağlısan ” sansa mətin kim səni.

Göydən uca yerdədir dərgahı insanların,

Son gününü düşünmək ” pənahı insanların.

Hər kəsdə ülviyyətə istək hanı dünyada?

Aqibəti düşünən biztək hanı dünyada?

Candan şirin sansaq da arzu”kamı cahanda,

Axırını düşünsün gərək hamı cahanda.

Biz könüllər hakimi, sərvəriyik aləmin,

Dəfinəmiz yerdədir, gövhəriyik aləmin.

Necə gəldik ” sirrinə yetməyimiz var bizim,

Gəlməyimiz kimi də getməyimiz var bizim.

Əzəl günün hökmüdür ” ömür qısa yazılıb,

Doqquz məktəb əbcədi alnımıza yazılıb.

Belə dağın qubarı yalnız bizik əzəldən.

Belə bağın nübarı yalnız bizik əzəldən.

O gündən ki, ələnib torpağımız un kimi

Ürəklərə məlhəmik ən gözəl məcun kimi.

Torpağına əl qatan səndə nələr gizlədib?



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info