Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Qiyamətə özümlə apardığım budur, bu!

Öz köhlənim özümü tapdayacaq orada.

Can zülmün cəzasına tablayacaq orada?

Saysız xəznə yığmışdı qılıncının zoruna.

Ondan Samla Firidun nə apardı goruna?

Dünyaca var”dövlətim sayılarmı dünyada?

Dünyadan apardığım bir şey varmı dünyada?ʺ

Şah bir odlu məşəldi, yandı yalı köhlənin,

Nəfəsindən əridi polad nalı köhlənin.

Şahanə dəbdəbəylə sarayına yetişdi,

Şəfqətilə hamının harayına yetişdi.

Bir yolluq qələm çəkdi bac”xəracın üstündən,

Son qoydu haqsızlığa, ellər çıxdı pis gündən.

Ədalət göstərərək atdı sitəmkarlığı,

Ömürlük arzusuydu elin bəxtiyarlığı.

Taleyin imtahanı canını alan oldu,

Ədaləti dünyada əbədi qalan oldu.

Ülviyyət aləmində yenə də şahdır özü,

Şan”şöhrət sikkəsinə yazıldı ʺadilʺ sözü.

Bəxtiyar hökmdardı, tarixdə qaldı adı,

Kim ki adil şah oldu, belə ucaldı adı.

Hər ürəyi sevindir, xürrəm yaşa dünyada,

Tanrı qoymaz ki, dəysin oxun daşa dünyada.

Günəşi oyadanlar xoşbəxt olsun sayəndə,

Dosta səadət olsun fikrin, zikrin, qayən də,

Dərdlərin təbibi ol, məlhəm qoy hər yaraya,

Yiyələn taxta, taca, həşəmətli saraya.

Eşqinlə atəşə dön, nifrətinlə buza dön,

El yolunda günə dön, aya dön, ulduza dön.

Yaxşılığı əzəldən adət etsən özünə,

Yaxşılığın hər yanda qapı açar üzünə.

Hər əməlin üstündən sanma keçəndi dövran,

Hər yaxşını, yamanı yaxşı seçəndi dövran.

Ülviyyətə qulluq et, günah dalınca varma,

Günahkar insan kimi boyun büküb yalvarma.

Ömür keçib gedəndi, dünya qalandı sənə?

Ülviyyətə sədaqət şərəfdi, şandı sənə.

Hər üzrün, yalvarışın ” hiylə, kələk, aldanış.

Quru sözdən nə çıxar? İşdən, əməldən danış.

İşlər sözlə düzəlsə, hər iş də düz gələrdi,

Nizami hünəriylə göylərə yüksələrdi.

 

ÜÇÜNCÜ SÖHBƏT

 

DÜNYANIN KEŞMƏKEŞİ VƏ BƏŞƏRİN İZTİRABLARI

 

Yerə, göyə sığmayan ey həşəmət ağası!

Olma bir an cahana etinasız baxası!

İztirabın, əzabın edər üzüağ səni,

İstərəm ehtişamdan mən görüm uzaq səni.

Son gününü unutma, ömrün boyu sal yada,

Möhtəşəmlik ağası yoxsulluqdur dünyada.

Süleymanın mülkünü sorma hər an hardadır?

Mülkü öz yerindədir, de, Süleyman hardadır?

Vamiq ” toylu, büsatlı sadiq yardı cahanda,

Əzra ” nazlı gəlindi, bir nigardı cahanda.

O toy, gəlin otağı indi hardadır, harda?

Vamiq, Əzra hardadır? Məzardadır, məzarda!

Biləydim ki, bilirmi yaşını qoca aləm?

Arsızdır, ağartmayıb başını qoca aləm.

Bu torpaq boynuyoğun bir qansızdır əzəldən,

Bu fələk başkəsəndir, amansızdır əzəldən.

Dünyada səfa var ki, səfa da görək onda?!

Vəfa görən varmı ki, vəfa da görək onda?!

Torpaq üstə kim vardı ” qucub haçandı torpaq,

Bizə öz udduğundan söhbət açandı torpaq?!

Hər gözəlin çöhrəsi bir ləçək, yarpaq olub,

Hər şahzadənin başı tapdanan torpaq olub.

Vermişik bu dünyaya biz öz gəncliyimizi,

Doğmaca balasıyıq, niyə qocaltdı bizi?

Zümrüd quşu bəsləyən Sam oğlu Zaldı bəşər,

Dünya ” Samdır, qocalmaz, Zaltək qocaldı bəşər.

Öz çarxını tərsinə çox dolandırır fələk,

Ədasıyla qəlbini yaxıb”yandırır fələk.

Gah ucaldır canlının şahlığı ilə səni,

Gah döndərir kuzəçi əlində gilə səni.

İki rəngli fərşə ki, ayaq qoyubdu varlıq,

Həyatından bezardı, cana doyubdu varlıq.

Səhrada həyat sürən deyinər biixtiyar:

ʺDəryalar qoynundakı bəxtiyardır, bəxtiyar!ʺ

Dəryadakı darıxar, naləsi qalxar göyə,

Xiffətindən qovrular ʺsəhra gözəldirʺ deyə.

Keşməkeşli həyatı fəlakətdir insana.

Hər yerdə narahatlıq bir adətdir insana.

Köç yükünü karvana çatmalıyıq, çatmalı!

Bu yurdu, xanımanı atmalıyıq, atmalı!

Karvana qoşulmayan düşəcək bəndə, demək,

Şəhərdən sürgün olar ən ucqar kəndə, demək.

Əldən düşən yolçunun, bil, hədərdir yolu da,

Yoxluqla arasında tük qədərdir yolu da.

Uyma vara, dövlətə, təkəbbürdən uzaq gəz,

Zülmət ömür yoluna günəş nuru çiləməz.

Əyləncəylə vurursan öz ömrünü başa sən,

Əyləncənin həddini lap aşmısan, haşa, sən.

Hoqqasına, oynuna uymalısan göylərin?

Hikmətini, sirrini duymalısan göylərin.

O zaman ki, uşaqdın, dolmamışdın kamala,

Qafilliyin istərdi əyləncədən kam ala.

Kamal ki, yetkinliyə, fərasətə yetişdi,

Şadlığın bəxti güldü, səadətə yetişdi.

Ucalmağa qoyarmı qafilliyi insanı?

Qafil insan dəlidir, onda düşüncə hanı?

Boş durma, yaz, alışdır gözəl xəttə qələmi,

Yazmasan da, götürüb barı, qəddə qələmi.

Vermə təlim aldığın ariflərə macal sən,

Bəxtiyar insanlara arxalanıb ucal sən.

Gülün şirin vüsalı nəsib olar tikana.

Gülün özü solsa da, ətri dolar tikana.

Məhşərdə oxunanda guya cəza fərmanı,

Sorğu”sual etməyə gətirirlər səhranı,

Deyirlər: ʺSəp qanını içmisən heyvanların,

Təşnəsisən tökülən, axan nahaq qanların,

Yoxsa, dirilik suyu həyat verməz qumuna,

Səhrasan, Fərat nəhri axıb gəlməz şumuna.ʺ

Qum fəryad qoparır ki: ʺQan uddurublar mənə,

Günahsız yandırmayın, çox od vurublar mənə.

Duzumla, nemətimlə süfrələrə bəzəyəm,

Ciyərlərin duzuyam, ən dadlı bir məzəyəm.

Sinəmdə yer vermişəm hər ərənə, hər cana,

Dönmüşəm mələklərin qollarında mərcana.ʺ



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info