Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Neyləyirsən zinəti, təravəti bahartək,

Soldurmasın ruzgarın hər afəti bahartək.

İncə sapla tikilib ar libasın əzəldən.

Bürün doqquz pərdəyə, ” var libasın əzəldən.

Bir üzük halqasıtək bu dünya dar deyilmi?

Başın keçsə halqaya adına ar deyilmi?

Köpək kimi, Sürəyya xaltası salan olma

İsanın yükü altda eşşəktək qalan olma.

Fələk kaftar qarıdır vəfasına gəl uyma,

Dünya bağdır ” xəzanlı, səfasına gəl uyma.

Hər cəfası bəllidir çox əzəldən dünyanın,

Bir arpacan dəyəri yox əzəldən dünyanın.

Çəkmə dünya qəmini, oyan, ağa, qəflətdən,

Səslər səni Nizami oyanmağa qəflətdən.

 

ON BİRİNCİ SÖHBƏT

 

DÜNYANIN VƏFASIZLIĞI

 

Yıx taxtını amansız bir taxtdır bu fələk,

Vəfa yoxdur zərində, nərdtaxtadır bu fələk.

Açmaz vüsal qapısın ömür başa gəlincə,

Zəri səni saraldar bircə qoşa gəlincə.

Söylə, girmək neçindir bu dalğalı dəryaya?

Başdan aşıb fırtına, tapşır malı dəryaya.

Laçın deyib sonaya: ʺSəhra qoynu gözəldir.ʺ

Sona deyib: ʺƏlvida! Dərya qoynu gözəldirʺ

Sükançısan fəlakət gəmisinə əzəldən,

Üzmək üçün verilib gəmi sənə əzəldən.

Sür gəmini sahilə, qoyma canı dəryada,

Su dolmamış ağzına çörək hanı dəryada?

Aman verməz bir küncə, sığınmağa bu cahan,

Yelbeyin bir zalımdır, olub ağa bu cahan.

Yox qılığı zərrəcə, istəyindən dad onun:

Ayaq basma mülkünə, ad sənindir, dad onun.

Fələk çadır qurubdur, gendən xoşdur süfrəsi.

Qan qoxuyur kasası, daim boşdur süfrəsi.

Bu süfrəyə baxanlar ağzı bağlı gedibdir,

Ondan söhbət açanlar dili dağlı gedibdir.

Kəcavəsi bomboşdur, zəngi gürlar bir belə,

Kasasında nə var ki, milçəyi var bir belə?!

Kasasında olanın kim dadına baxıbdır,

Kəlləsini üzüktək barmağına taxıbdır.

Sanma daim doğruluq hökm eləyib cahana,

Fitnə”fəsad, oğurluq hökm eləyib cahana.

Fənalığın evini seçib dalda özünə,

Bəxtiyarlıq axtarma qilü qalda özünə

Bacasından tüstüsü hey daransın dünyanın,

Kaftar qarı ” içində qoy daransın dünyanın

Dünya deyil uşağın, bu ki, bəlli əzəldən

Onu niyə qucmusan ikiəlli əzəldən?!

Bu dünyanın üstünə çəkib qələm, şad yaşa!

Möhnətinə, dərdinə duyma ələm, şad yaşa!

Uzaq yola çıxırsan, mənzilin çox uzaqdır,

Azuqəni hazırla, son mənzil ” ölüm haqdır.

Bu səhra yatağıdır, diyarıdır divlərin,

Məhşər yaxan təşnələr şikarıdır divlərin

Bir dirilik çeşməsi ” ciyər qanı onlara,

Odlu günəş bəxş edib nəməkdanı onlara.

Tamahkarın ətindən kabab verər bu səhra,

Gözün duzlu suyundan şərab verər bu səhra.

Şoran düzü susuzluq nəməkdana döndərər,

Ödü suya döndərər, qəlbi qana döndərər.

Bir yolun ki, qorxusu bağrı yara həmişə,

Quldurları soxular karvanlara həmişə.

Alov dolar nəfəsə div yatağı bu çöldə,

Ürəkləri tövşüdər qəm otağı bu çöldə.

Hansı kəs ki, bu düzdə od içində yeriyib,

Ciyəritək qovrulub, ödü kimi əriyib

Dünya sənin məhşərin, gəzmə atəş üstə sən,

Cəhənnəmi verərək, cənnətini istə sən.

Qubar olar, toz olar gil heykəlin bir zaman,

Tapdaq olar ruzgara, bil, heykəlin bir zaman.

Külə dönər sənin də hamı kimi varlığın,

Yoxa çıxar məclislər şamı kimi varlığın.

Yaranmısan torpaqdan, dönməlisən torpağa,

Dönmə yerin başına, enməlisən torpağa.

Ayaqlayıb əzmə sən gəzənləri torpaqda.

Torpaq özü əzibdir əzənləri torpaqda.

Bu dünyadan heç zaman can aparan olmayıb,

Onun sonsuz yolunu sona varan olmayıb.

Başdan”başa tikandır, tikan üstə gəzmə sən.

Tikan batmaz ayağa tikan üstə gəzməsən.

Hər xətəri dəhşətdir bu dəhşətli məkanın,

Vahiməsi harda var bu vəhşətli məkanın?!

Beşgünlük mənzilini yıxar seli dünyanın,

Baharına yağıdır səmum yeli dünyanın.

 

MÜDRİK MÖBİDİN HEKAYƏ

 

Atəşpərəst bir möbid Hindistanı dolaşdı.

Bahar çağı ətirli gülüstanı dolaşdı.

Hər tərəfi naxışlı kaşanəydi gördüyü,

Cah”cəlallı diyardı, gör ki, nəydi gördüyü

Qönçə zalım fələktək hey qan içir doymayır,

Ömrü necə gödəkdir ” yazıq lalə duymayır.

Göy çəmənin çırağı, məşəlidir gül”çiçək,

Qəndab qatıb meyinə ” nəşəlidir gül”çiçək.

Yaralayıb öz oxu ” can üstədir gül indi,

Söyüd qorxub canından, tökür başa gül indi.

Öz saçından bənövşə kəmsik salıb boynuna,

Xumar gözü nərgizin dirhəm səpir qoynuna.

Gül ” firuzə, laləsə gövhər ovur çəməndə,

Solacaq, gülsələr də bircə hovur çəməndə.

Həyatları həyatda bircə ana bağlıdır,

Düşünən yox son günü, bu cahana bağlıdır.

Qoca möbid tərk etdi cənnət təki bu bağı,

Sonra da seyrə gəldi cənnətdəki bu bağı:

Köçüb bülbül, solub gül, gülşən varmı dolaşa?

Haray”həşir salıbdır qarğa”quzğun, dolaşa.

Behişt olub cəhənnəm, büsat zaya gedibdir,

Haman qəsrin qeysəri kəlisaya gedibdir.

Otlar necə yanıbsa ” kül topası yerində.

Topa”topa tikanlar ” gül topası yerində.

Vaxtsız solan güllərdən qəlbi qubar bağladı,

Puç varlığa gülərək öz halına ağladı.

Hansı varlıq əbədi qalan olub həyatda?

Hər varlığın həyatı talan olub həyatda.

Nə ki, sudan, torpaqdan baş qaldıran olubdur.

Öz başına axırda daş saldıran olubdur.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info