Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Səadət karvanının sarvanı var əzəldən.

Dünyaya baş əyməyən tacidardır cahanda,

Peyğəmbərlik qüdrəti ona yardır cahanda.

Tamahını öldür ki, möhlət səni gözləyir,

Gey başmağı, düş yola, cənnət səni gözləyir.

Öz nəfsini mələdən, ləlidən oğul ol sən,

İblisə qul olunca, məsləkinə qul ol sən.

Can at ki, sığınasan dərgahına məsləkin,

Məhşər odu qıyarmı günahına məsləkin?!

Cəhənnəmin atəşi yaxarmı suçsuz kəsi?

Əmisini qorudu peyğəmbərin nəfəsi.

Tanrı salmaz nəzərdən pak ruhları, canları,

Zireh kimi qoruyar qəlbi saf insanları.

 

FİRİDUNLA CEYRANIN HEKAYƏ

 

İki”üç dostu ilə səhər çağı Firidun,

Seyrə çıxıb dolaşdı gen ovlağı Firidun.

Ovlağa çatan kimi ov gəzdi gözü şahın,

Vuracağı ceyrana vuruldu özü şahın.

Ürkək gözü, sağrısı qıyma deyir ovçuya,

Şuxluğu qansızlığa uyma deyir ovçuya.

Duyuq düşdü qəsdindən ona tor quran kəsin,

Nəzərindən yayındı”qəsdinə duran kəsin.

İşvəsiylə, nazıyla dağ çəkdi ceyran şaha,

Dostları məftun görüb, qaldılar heyran şaha

Köhləni şığıdıqca hirsi səmuma döndü,

Ahunun qarnı kimi kamanı muma döndü.

Süzən ox izinə də batammadı ceyranın,

Uçan at tozuna da çatammadı ceyranın.

Oxunu qınadı ki: can almağın nə oldu?

Atını qınadı ki: yan almağın nə oldu?

Əzəlki uçuşunuz, sürətiniz yoxdumu?

Ot yeyən bir ahuca cürətiniz yoxdumu?

Ox dedi: ʺYağın deyil bu bağrı qanlı sənin.

Gözlərini oxşayır bu dilsiz canlı sənin.

Bir canın zirehi ki öz sayəndə toxuna,

Mümkünmü o zirehə hər süzən ox toxuna?

Zövq əhli hər bir zaman hey zövq alsa yaxşıdır,

Təbilçinin təblini özü çalsa yaxşıdır.

Ülviyyət timsalıtək ucalmağa çalış sən,

Ülviyyət göylərindən öc almağa çalış sən.

Ülvi eşqə can atar əsil insan cahanda,

Bəşər ülvi eşqiylə qazanıb şan cahanda.

Uzaqgörən kəsləri zövqü səfa ucaldıb,

Eşqinə sadiqliyi, əhdə vəfa ucaldıb.

Sədaqət kəmərini öz belindən açma sən,

Əhdinə sadiqlikdən ömrün boyu qaçma sən.

İlan ” qaşlı kəmərdir, gör ki, nədir qisməti,

Viranələr küncündə xəzinədir qisməti

Göyün tacı ” günəşi, qəməridir əzəldən,

Qövsi”qüzeh ” belinin kəməridir əzəldən.

Kim hünər köhlənini cilovlaya bilibdir,

Diləyin ovlağında ov ovlaya bilibdir.

Arının mumuyla ki yaşayır haçandı şam.

Qaranlığa tacından şölələr saçandı şam.

Sığışmazsan qaranlıq, dar zindana, Nizami!

Günəş kimi işıq saç bu cahana, Nizami!

 

SƏKKİZİNCİ SÖHBƏT

 

XİLQƏTİN GÖZƏLLİYİ VƏ KAMALIN QÜDRƏ

 

Qüdrətin nəzərində heç nəydi hələ xilqət,

Səxavət dəryasına təşnəydi hələ xilqət.

Bu dünyanın əlində sərvət də, var da yoxdu.

Bu dünyanın yolunda toz da, qubar da yoxdu.

Nə vüsal vədi vardı, nə vədə gələn vardı.

Nə də sirli pərdəni sehriylə dələn vardı.

Gecə”gündüz amansız qanlı yağı deyildi,

Həyat eşqi ürəklə can qaynağı deyildi.

Yeridirdi ətalət öz hökmünü hələ də,

Verməmişdi ədalət öz hökmünü hələ də.

Kərəm feyzi özünü görk elədi birinci,

Dəryasından bir qətrə bəxş etdi ki, ” bir inci.

Bu qətrəylə bərəkət bağışladı fələyə,

Cilvə, gərdiş, hərəkət bağışladı fələyə.

Damladan axar suyu ” möcüzəni yaradan,

Cövhərini yoğurub, oldu səni yaradan.

Yaratdı ” yetirəsən göz əslinə cahanda,

Zərrətək qovuşasan öz əslinə cahanda.

Hər qayğıdan necə də azaddı dünya sənsiz,

Varlığın yoxdu deyə kasaddı dünya sənsiz.

Bu fələk girməmişdi qərəzlə qəsdə hələ,

Torpağın qulaqları deyildi səsdə hələ,

Varlığına ümidi yoxdu hələ varlığın.

Yoxluqdan təmənnası çoxdu hələ varlığın.

Gecə”gündüz sənsizkən özünü sonsuz saydı.

Nəbatat törəməsiz, təbiətsə subaydı.

Bir tikan görməmişdi bağça”bağı dünyanın,

Göyə sovrulmamışdı toz”torpağı dünyanın.

Taleyinə pörtməkdən uzaqdı hələ Cövza,

Damarını çərtməkdən uzaqdı hələ Cövza.

Üzüqara deyildi yer üzündə Ay hələ,

Təşt döyüb etməmişdin sən onu rüsvay hələ.

Zöhrə yerdə bədnamlıq adı alan deyildi,

Harut hələ Babilə qanad salan deyildi.

Yoxdu izin, sorağın bu göydə, yerdə sənin,

İntizarın dünyanı salmışdı dərdə sənin.

Hökmranlıq fərmanı gələn gündən adına,

Göylər tac düzəltdirib Aydan, Gündən adına.

Baxışından qamaşıb gözü də ulduzların,

Calalına heyrandı özü də ulduzların.

Dolanandı, gəzəndi ayı, ili zamanın,

Təqviminlə bəzəndi ayı, ili zamanın.

Yer üzünün bərq vurub, par”par yandı aynası,

Ahınla, nəfəsinlə qubarlandı aynası.

Məşəliylə apardın qaranlığa səhəri,

Tanıtdın aydınlığa, toranlığa səhəri.

Töküb yerin külünü gözünə çoxdan fələk,

Qul olubdur əmrinə, sözünə çoxdan fələk.

Ülviyyətin bəhrəsi sanan çoxdu ruhunu,

Dildə deyib, ürəkdə danan çoxdu ruhunu.

Başından dəyərlidir ülviyyət tacın, əfsus!

Başsız yoxdur taracın, xəracın, bacın, əfsus!

Təkəbbür meydanında döşünə döymə əbəs,

Dünyanı zərrə sanıb, özünü öymə əbəs.

Bir ovuc torpaq üçün bir can almaqdı qəsdin.

Suvaqlı daxman üçün cahan almaqdı qəsdin.

Yer üzünü inlədir sitəmin, zülmün sənin,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info