Qonaq Kitabı
PEYĞƏMBƏR

Çünki şeytan bir mələksin.

 (Gedər)

 

N ə d i m ə

(gəlir)

Sən ona hörmət bəslərkən,

Nifrətlə – sus, çəkil! – diyor.

Qurtuluş yolu söylərkən,

Səni həp təhqir ediyor.

 

Ş ə m s a

(kinli)

Pək məğrur... Əvət, mütləqa

Kəsməli onun dilini.

(mülayim)

Lakin... o gözlər daima

Söndürür bəndəki kini.

Ah, o gözlər daim qara

Elmas kibi parlar durur.

Arqasında hikmət, dəha

Dənizləri həp mevc vurur,

Bəni ən çoq əsir edən

Onun parlaq sözləridir.

Ah, insanı həcv edərkən

Belə o pək zərif şair...

 

N ə d i m ə

O yalnız şairsə, düşün,

Sən həm şe’rsin, həm şair.

Hüsnün, gözəl səsin, bütün

Hicaz ölkəsində nadir...

 

Ş ə m s a

Bən hiç... ən böyük şairlər

Ona qarşı diz çökməli,

imrüülqeys kibi ərlər

Susmalı, boyun bükməli...

Əvət, bizdə nə çoq şair,

Onlara bir zənbil xurma,

Ya şərab, ya bir altın ver,

Mədh edərlər səni... Ama

O, düşmandır yaltaqlığa,

Həp kindən, qərəzdən qaçar.

Geniş ruhu sanki fəza...

Daim yüksəklərdə uçar.

(Mə’yus və həyəcanlı)

Əfsus bütləri, Kə’bəyi

Həp rədd edər, iştə bəla!

Həm pək sevər Xədicəyi,

Bunu əfv edəməm əsla!

 

N ə d i m ə

(ətrafa baqar)

Baq, gəldilər baş kahinlə

Xəttab oğlu önlərində,

Qızmış böyük, küçük, kölə,

E’tidal yoq hiç birində.

 

Öndə baş kahin, rəislər və orta yaşlı, yuca boylu, silahlı X ə t t a b o ğ l u olduğu

halda camaat gəlir, hər kəs kinli baqışlarla ətrafı süzməyə başlar.

 

B a ş k a h i n

Nerdə, yahu, onu bir göstəriniz!

Əcəba nerdə o xain dinsiz?

 

X ə t t a b o ğ l u

Kim bilir, bəlkə də qorqub qaçmış.

 

Ş ə m s a

(Nədiməyə)

Yoq, o qorqaq deyil əsla, yanlış...

 

İ x t i y a r

(gəlir, dükanın qapısını açaraq)

Burda dalmışdı o xülyayə dəmin.

 

B i r i n c i r ə i s

İştə qorqub da savuşmuş miskin!..

 

İ k i n c i r ə i s

O fəqət bəncə bir aciz, sərsəm...

 

Ü ç ü n c ü r ə i s

Bən də əsla ona mə’na verməm.

 

B a ş k a h i n

(yola baqar)

Baş rəis! Ah, nə qadar halı fəna,

Baqalım bir o nə söylər əcəba?

 

B a ş  r ə i s gəlir. Hər kəs əyilir. Sükut...

 

B a ş r ə i s

(öndə duran rəislərə şiddət və həyəcan ilə)

Arqadaşlar! Nə demək bunca sükut?

Niyə baqmaqdasınız həp məbhut!?

Pək küçük sandığınız bir miskin

Bəsliyor bizdəki adətlərə kin.

Hiçə endirmədə həp dinimizi,

Gülüyor bütlərə, saymaz da bizi.

Onun ancaq yuca göylərdə yaşar,

Əl vurulmaz yeni bir Tanrısı var.

Öylə bir Tanrı ki, gözlər görməz,

Cismi yoqmuş da nə cevhər, nə ərəz...

Doğurub doğmaz o bimislü şərik,

Həm məkansız... Nə qadar sərsəmlik?!

Söylüyor həp bir imiş şah və gəda.

Bu səbəbdən uyaraq həp füqəra,

Həp zəiflər, kölələr, cariyələr

Onu dinlər, ona hörmət bəslər.

Ah, o bir gün düşünüb yol bulacaq,

Bizə qalib və müsəllət olacaq...

 

X ə t t a b o ğ l u

(istehzalı təbəssümlə)

Bir xəyal iştə, əvət tatlı xəyal.

(Hiddətlə qılıcını çəkər)

Şu qılıc əldə dururkən, bu, mühal...

Hörmət etdim də Bəni Haşimə bən,

Öncə vaz keçdim onun qətlindən.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info