Qonaq Kitabı
PEYĞƏMBƏR

P e y ğ ə m b ə r

Əfv edər, onun lütfi çoq

Peşiman olan qullara.

 

N ə i m

(sinirli)

Ey, Abdulla oğlu! Artıq

Dinləməkdən usandıq biz.

 

P e y ğ ə m b ə r

Günəş parlaqsa da, yazıq!

Pərdələnmiş gözləriniz.

 

N ə i m

(qara örtülü evi göstərir)

Yahu utan bir Kə’bədən,

Kə’bədəki tanrılardan.

Üç yüz altmış büt var ikən,

Bir Tanrıya uymaz insan.

 

P e y ğ ə m b ə r

(Kə’bəyə işarətlə)

Fəqət şu öydüyün məbəd

Bir panayır[i] qaynağıdır:

Yoqsul ərəbçin müəbbəd

Bir ticarət ocağıdır.

Şu duyğusuz bütlər dəxi

Dilsiz birər dəllal demək;

Görünməz Tanrı halbuki

Yersiz, yurdsuz olsa gərək.

 

Bu sırada orta boylu, parlaq nasiyəli, qılıc quşanmış bir gənc Peyğəmbərə doğru gəlir.

 

T o p a l

İştə, Əbu Talib oğlu!

 

N ə i m

(Peyğəmbəri süzərək)

Əvət, bunun əmoğlusu!

(Əbu Talib oğluna)

Yaqın gəl! Baban nüfuzlu,

Şanlı bir nəslin ulusu...

(Həyəcanlı)

Məkkə xalqı: qadın, erkək

Hörmət bəsliyordu ona.

O da mərhəmət edərək,

Böyük arqa oldu buna.

Şimdi o ölmüş də bunun

Yardımçısı, arqası yoq.

Ögüt verin uslu dursun,

Söylənib durmasın da çoq.

 

Ə b u T a l i b o ğ l u

Sizin duyğunuz həp sönük,

Yarasa nurdan nə anlar?

Tanrı elçisi pək böyük...

Nə söylərsə hikməti var.

 

N ə i m

(qafasını oynataraq)

Əvət, bildik sən də bunun

Ayrılmaz bir kölgəsisin.

Ar olsun sana, ar olsun!

Gör kimsin, kimin nəsisin.

 

Ə b u T a l i b o ğ l u

(qılıcını yarıya qədər çəkər, qızğın bir tevrlə)

Azğın hərif, sus! Yoqsa bu

Qılıc həddini bildirir.

 

P e y ğ ə m b ə r

(qolundan tutub bir tərəfə çəkər)

Gəl, ey Əbu Talib oğlu!

Haq onlara cəza verir.

 

Ə b u T a l i b o ğ l u

(həyəcanlı)

Ah, sanki beynimdəki qan

Bir alevdir yaqar bəni,

Şu cahillərdə yoq vicdan,

Təhqir etdirmə kəndini.

 

P e y ğ ə m b ə r

Tanrı əmridir, əzizim,

Alim, cahil eşitməli.

İştə vəzifəmiz bizim

Hər acıya səbr etməli...

 

Ə b u T a l i b o ğ l u

(əli qılıcının qəbzəsində titrər və qınına işarətlə)

Lakin şu qılıc nə zaman

Şu məhbəsdən qurtulacaq?

 

P e y ğ ə m b ə r

Bəklə, dur, böyük Yaradan

Nə əmr etsə o olacaq.

(Gedərlər)

 

T o p a l

Bən Əbu Talib oğlunu

Bunca qəhrəman bilməzdim.

Bir çocuq sanırdım onu,

Cəsur deyilmi, ya Nəim?!

 

N ə i m

Cəsur, aslan kibi cəsur!

Əvət, çoq ar olsun bizə,

Biri çocuq, meydan oqur.

Biri gülər dinimizə.

 

T o p a l

Görünür, yeni din için

Az-çoq hörmət bəsləyən var.

 

N ə i m

Ona iman edənlərin

Çoqu çocuqlar, qadınlar...

 

T o p a l

Əbu Bəkr için sözün nə?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info