Qonaq Kitabı
PEYĞƏMBƏR

Bəni həp cəzb edər o incə məal,

Ah, o, yalnız o qayeyi-amal!..

 

Peyğəmbər son sözləri söylərkən əllərini köksündə çapraz edərək diz çökər,

məftun və məczub bir tevrlə başını göyə doğru qaldırır. Mələk isə ilahi bir baqışla, ağır və duyulmaz bir hərəkətlə yüksəklərə çəkilir.

 

DƏ’VƏT

 

Bir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kə’bə... Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış için bir qaç danə hazır büt qonulmuş... Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə çarpar. Evdən ud səsi eşidilir.

 

İ x t i y a r

(səsini eşidilən ud səsinə uyduraraq aşağıdakı şərqiyi söylər)

Dün gənc idim, bu gün oldum ixtiyar,

Hər zamanın bir hökmü, bir halı var;

İnsanların ıssız ruhunda parlar

Hər gün yeni bir büt, yeni bir tanrı...

Dün bir səfil idim, bu gün bəxtiyar,

Hər anın bir zevqi, bir məlalı var.

Kəndi əlim, kəndi duyğum hazırlar

Hər gün yeni bir büt, yeni bir tanrı...

 

Ud susar. Bu sırada biri sadə geyimli T o p a l , digəri zəngin qiyafətli Nəim – iki

müştəri gəlir.

 

T o p a l

Mərhəba, ixtiyar baba!

 

İ x t i y a r

Mərhəba, oğlum, mərhəba!

Gəl baqalım nerdəsiniz?

Artıq bizi tərk etdiniz.

 

T o p a l

(bütləri gözdən keçirir)

Sorma, ixtiyar, hiç sorma,

Könlüm pək darılmış sana.

Səndən hər çeşit büt aldım,

Uğursuz çıqdı, şaş qaldım.

Oğul istədim, qız verdi,

Ah, çəkilməz bu qız dərdi.

 

N ə i m

(məmnun qəhqəhəylə)

Fəqət bil’əkis bənimki,

Hiç bir zaman görmədim ki,

Oğul istəyim, qız versin.

Şükür, taleyim pək zəngin...

Dört oğlum, tək bir qızım var.

Qız deyil, bir ay parçası!

Hər görən şaşırıb donar;

Bir mələk, bir gül qonçası.

 

Peyğəmbər dalğın və düşüncəli bir halda gəlir, onları dinlər.

 

T o p a l

Onunçin rəhmətli baban

Nəim ad qoymuşdur sana.

Bən adsız, səqət bir insan,

Hər kəs Topal diyor bana.

Pək uğursuz bənim tanrım,

Hər yıl qız doğurdu qarım.

Cümləsini diri-diri

Gömdüm məzarə... Ah, biri

Pək gözəldi, acımadım.

Fəqət sonra oldum nadim.

(Cibindən taxtadan yapılmış bir büt çıqarır, ixtiyarın önünə atar, sinirli və darğın)

Hər kötülük iştə bundan,

Şu bayquş bütdəndir, inan.

 

İ x t i y a r

Xayır, oğlum, küfr etmə, dur,

Bənim əlim uğurludur.

Həp qülbələr, kaşanələr,

Ən müqəddəs bütxanələr

Bən yapdığım sənəmlərlə

Süslənmişdir... Bəni dinlə!

(Əlində yonduğu bütü göstərir)

Bunu al da, hiç bir zaman

Bundan sana gəlməz ziyan;

Oğul verir, sərvət verir,

Tükənməz səadət verir.

 

P e y ğ ə m b ə r

(göyə doğru həyəcanlı)

Ulu Tanrı, ey qüdrətli Yaradan!

Bu sözlər həp sana qarşı bir isyan...

Şu sayğısız azğınlara qorqu ver,

Ah, acı da, bunlara bir duyğu ver.

Bir göz ver ki, haq nurunu duysunlar,

Bir könül ver, doğru yola uysunlar.

(Ətrafındakılara)

Vətəndaşlar! Yetər, sapqınlıq yetər!

Yalançı kahinlər sizi məhv edər.

Əcdadınız doğru yoldan sapmışlar,

Daşdan, taxtadan büt yapıb tapmışlar...

O mə’nasız yolu həp unutmalı,

Unutmalı, haq yolunu tutmalı.

Bütün mə’budların fevqində parlar

Yalnız gözəgörünməz bir Tanrı var,

Odur həp varlığın əvvəli, sonu,

Bütün kainat təqdis edər onu.

 

İ x t i y a r

(sinirli)

Yahu nə istərsin bəndən?

Söylədiyin bütün saçma...

Çəkil dükanın önündən,

Müştəriyə əngəl olma!

 

P e y ğ ə m b ə r

Şu büt yapan əllərinlə

Yarınki haq divanında

Cavabın nə olur, söylə?

 

T o p a l

(istehzalı qəhqəhəylə)

Görünməz allahı yanında

Bizim əsla işimiz yoq,

Çünki yüzümüz pək qara...

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info